ABŞ-a səfər edən xarici liderlərin keçmiş prezident Donald Tramp və dövlət katibi Mayk Pompeoya verdikləri hədiyyələr ortaya çıxıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Dövlət Departamentinin Federal qeydiyyat idarəsi xüsusi məlumat yayıb.
Rəsmi informasiyada hədiyyələrin bir çoxunun ya milli arxivə, ya da administrasiyanın ümumi işlər idarəsinə təhvil verildiyi bildirilir.
Keçmiş prezident Donald Trampın aldığı ən bahalı hədiyyə Bolqarıstanın keçmiş baş naziri Boyko Borisov tərəfindən verilib. Bolqar dövlət adamı respublikaçı liderə Osmanlı imperiyası dövründən qalma, dəyəri 8,5 min dollar olan tüfəng bağışlayıb.
Bəhreyn rəhbərliyi isə sabiq dövlət başçısına ərəb atının 7,2 min dollar qiymətində heykəlini hədiyyə edib.
Qətər əmiri Donald Trampa brilyantlarla bəzədilmiş antilop heykəli verib.
Vyetnam və Misir ABŞ-ın keçmiş prezidentinə onun öz portretlərini bağışlayıblar. Həmin portretlərin hər birinin dəyəri 5000 dollar olub. Donald Trampın xanımı Melaniya isə Yaponiya baş nazirindən 2,6 min dollarlıq sırğa alıb.
Keçmiş vitse-prezident Maykl Pensə Özbəkistandan 10 min dollarlıq xalça hədiyyə olunub.
Sabiq dövlət katibi Mayk Pompeoya isə dəyəri 5,8 min dollarlıq yapon viskisi verilib. Yeri gəlmişkən, sonuncu hədiyyənin harda olduğu bilinmir.
Musavat.com






