Qabil Hüseynli: “Danışıqlar prosesində çoxlu sürprizlərin şahidi olacağıq”; Əhəd Məmmədli: “Bu görüşdə udan tərəf olmayacaq”
Amerika prezidenti Donald Trampla Şimali Koreya rəhbəri Kim Çen İn arasındakı görüşün ardından diqqətlər 14 iyula yönəlib. Həmin gün Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Bu görüşə maraq olduqca yüksəkdir.
Ekspertlərin görüşün nəticələrinin necə olacağı barədə fikirləri birmənalı deyil. Tramp-Kim Çen İn görüşünün müsbət sonuclarının bu görüşdə olmayacağını düşünənlər də var, bunun əksini söyləyənlər də.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, Tramp-Putin görüşünü ən çox Rusiya ilə Amerikanın sürətlə silahlanması zəruri edir: “Putin son dövrlərdə ordunun yenidən qurulması üçün, eləcə də orduya yeni nəsil silahlarının daxil edilməsi sahəsində hərbi büdcəni xeyli artırıb. Putinin silahlanma ilə bağlı atdığı addımlar Amerikanı buna təhrik etdi. ABŞ qanadlı raketlərini hazırlayıb, artıq uğurla sınaqdan keçirməkdədir. Bir sözlə, dünya yenidən sürətlə silahlanmağa, soyuq müharibə dövrünə qədəm qoymağa başlayıb. Amerikada bu məsələdə əsas günahkar Rusiyanı sayırlar. Rusiyanın Gürcüstan və Ukrayna ərazilərinin bir hissəsini istila etməsi diqqətdən yayınmayıb. ABŞ hazırda Kremli özünün bir nömrəli düşməni hesab edir. Sürətlə silahlanma ilə bağlı Rusiya və Amerika tərəfi narahatlıqlarını ifadə edən açıqlamalar hələ verməyiblər, xüsusilə şimal qonşumuz. Əksinə, Rusiyada müəyyən dairələr ölkələrinin küncə sıxışdırıldığını bildirirlər. Suriya hadisələri çoxlarına, o cümlədən Rusiya və Amerikaya dərs verdi. Düzdür, hər iki tərəf yeni silahlarını Suriyada sınaqdan keçirdilər, amma bu, böyük maliyyə vəsaiti hesabına baş verdi.
Nəticədə Suriya bataqlığına girməyə dəyərdimi ya yox kimi suallar meydana çıxdı. Trampın hakimiyyətə gəlməsində Putin Rusiyasının rolunun olduğu barədə ciddi söz-söhbətlər var. Bu düşüncədə olanlar bir müddət Tramp-Putin görüşünü əngəlləyə bildilər. Lakin sonunda dünyanın iki cəbhəyə bölünməkdə olduğunu anlayan siyasi dairələr Putinlə danışıqlara başlamağı zəruri saydılar. Bundan əlavə, dünyada əsas təhlükə mərkəzlərindən birinin Çində, digərinin isə İranda olduğu düşüncələri də Amerika siyasi elitasında az deyil. Bu düşüncədə olanlar Rusiya ilə danışıqlara başlamağı zəruri hesab etdilər. Bu məqsədlə Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri Putin və Rusiyanın XİN rəhbəri Sergey Lavrovla uzunmüddətli söhbət də etdi. Nəticə etibarı ilə tərəflər Trampla Putinin neytral bir ölkədə görüşlərinə razılıq verdilər. ABŞ tərəfi bu görüşə xüsusi əhəmiyyət verir. Hətta Tramp bu görüşü nəzərdə tutaraq, sərsəm fikirlər səsləndirmişdi ki, əgər Rusiya özünü normal apararsa, Amerika Krımın Rusiya tərəfindən işğalının qanuniliyini qəbul etməyi istisna etmir. Onun bu fikirləri Amerika siyasi elitası tərəfindən normal qarşılanmadı. Rusiya tərəfi isə belə fikirlərin onları şirnikləşdirmək üçün deyildiyini bildirdi.
Bununla Kreml Trampın tezisini gündəmdən çıxarmağa çalışdı. İndi tərəflər görüşə gedir və görüşün gündəmi barədə hərtərəfli açıqlamalar verilməsə də, başdan görünür ki, görüşün əsasını sürətlə silahlanmanın dayandırılması haqqında fikir mübadiləsi təşkil edəcək. Amma görüş barədə düşüncələrin əsası odur ki, Tramp İran məsələsində Putindən təminat almağa çalışacaq. Ağ Ev sahibi İran məsələsini artıq qafasına yerləşdirib. Rəsmi Tehranla məsələləri bitirmək niyyətindədir. Bu məsələdə onu qızışdıran yəhudi lobbisi bu istiqamətdə ciddi səylər göstərir. Əgər indiyə qədər Amerika Şimali Koreyanı zərərsizləşdirməyi qarşısına məqsəd qoymuşdusa, indi görünən odur ki, İran məsələsi daha aktualdır. Bu məsələ ilə bağlı ciddi hazırlıq işləri görülür.
Məhz bu səbəbdən Rusiya ilə görüşü düzüb-qoşublar, yaxud da gündəmə gətiriblər. Hər halda, danışıqlar prosesində çoxlu sürprizlərin şahidi olacağıq. Amma unutmaq olmaz ki, Tramp belə görüşlərdə masa arxasında güclü siyasətçi kimi özünü göstərə bilmir. Bu danışıqlar prosesində Putinin əlinin güclü olduğu barədə qənaətlər var. Çox da səriştəli olmayan Trampla səriştəli Putinin görüşündə ümumi konsensusun əldə olunmayacağını deyənlərin sayı kifayət qədər çoxdur. Məncə, Rusiya görüş təklifini nəzərə alaraq, ciddi kompromislərə getməyəcək, danışıqlarda sərt mövqedən çıxış edəcək. Bu isə danışıqlarda Trampın nəzərdə tutduğu əsas məsələnin həllinə nail olmayacaq. Bir sözlə, gözləyək. Bu görüş barədə 14 iyuldan sonra daha güvənli danışmaq mümkün olacaq”.

“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli məlum problemlərin çözülməsinə inanmır: “Putin istəyir ki, problemlər çözülsün. Tramp da bəlkə problemlərin çözülməsini istəyir. Amma bu tək Trampdan asılı deyil. Çünki Putindən fərqli Tramp tək ölkəsini idarə etmir. Görüş inanmıram ki, gözləntiləri versin. Bunun olması üçün ən azı Rusiya Donbasdan çıxmalıdır. Bunu da etmək üçün Krımı Rusiyanın tanıması lazımdır. Hazırda yuxarıda qeyd etdiyim güzəştlərə nə ABŞ, nə də Rusiya hazırdır. Belə görüşlərin səmimiyyətinə inanmaq sadəlövhlük olardı. Lakin belə görüşlərin olması dünyada gərginliyin azalması üçün lazımdır. Heç kim heç kimin ayağına gəlmir. Bu görüşdə udan tərəf olmayacaq. Protokol qaydası görüşdür. Amerika ilə Rusiya düşmən deyillər, rəqibdirlər. Düşmənlərin bir-biri ilə masa arxasında oturması normaldır və zərurətdir”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






