İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ona səs verməyənləri ABŞ-dan qovacaq - miqrant bəyanatının pərdəarxası

465 15.02.2024 08:38 Siyasət A A

Politoloq: “Meksika ilə sərhədə çəkilən divarı möhkəmlədəcək, NATO-ya dəstəyi azaldacaq, Ukraynaya, ümumiyyətlə, silah-sursat verməyəcək”

Amerika Birləşmiş Ştatlarında seçki prosesində namizədlər ən müxtəlif bəyanatları, təhdidləri ilə yadda qalır. Burada məqsəd daxili auditoriyaya “oynamaq” və səs qazanmaqdır. 

Belə siyasi tryuklardan biri də Trampın milyonlarla miqrantı ABŞ-dan qovacağına dair bəyanatıdır. 

Bəllidir ki, ABŞ vətəndaşları, “yerli amerikalılar” miqrantları sevmir. Bunu bilən Tramp hiyləgər bir gediş edib: Onsuz da ona səs vermək hüququ olmayan miqrantları ölkədən qovacağını deməklə, antimiqrant ruhlu ABŞ vətəndaşlarının səsini qazanmaq istəyir. Yəni miqrantları qəzəbləndirən açıqlaması onun səsinə mənfi təsir etməyəcək, əksinə, səsvermə hüququ olmayan “gəlmələri” ölkədən qovacağını deməklə, onları qəbullanmayan vətəndaşların səsini almaq istəyir. 

Donald Tramp ABŞ prezidenti seçkisində qalib gələrsə, 1798-ci il qanunu əsasında və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə milyonlarla qeyri-qanuni miqrantı ölkədən deportasiya etmək istəyir.

O, Ağ Evə gələn kimi immiqrasiya xidməti, Federal Təhqiqatlar Bürosu (FBI), Narkotiklərlə Mübarizə İdarəsi, federal prokurorlar, Milli Qvardiya və yerli polisi qanunsuz mühacirlərin deportasiyası üçün səfərbər etmək niyyətindədir.

Bildirilir ki, hərbçilər deportasiyanı gözləyənləri saxlamaq üçün sərhəddə xüsusi mərkəzlər tikəcəklər.

Eyni zamanda prosedurun özü sadələşdiriləcək.

Xatırladaq ki, Donald Tramp 2024-cü il seçki kampaniyası zamanı antiimmiqrant ritorikasını gücləndirərək, yenidən seçiləcəyi təqdirdə deportasiyalar həyata keçirəcəyini vəd edib.  O, 2019-cu ildə ABŞ prezidenti olarkən də antiimmiqrant çıxışları ilə diqqət çəkmişdi. 2019-cu ilin iyununda Texasın miqrantların saxlandığı 2 mərkəzin dəhşətli şəraitini göstərən fotoşəkillər nümayış etdirildikdən 1 gün sonra Donald Tramp miqrantların çoxunun daha təhlükəsiz və şəraitlərinin gəldikləri yerlərdən daha yaxşı olduğunu demişdi. 

 “Bu ölkəyə qeyri-qanuni gələn miqrantlar saxlandıqları yerlərdəki şəraitdən narazıdırlarsa, onlara deyin, buraya gəlməsinlər, bununla da problem həll olunar”, - deyə Donald Tramp özünün Twitter səhifəsində yazmışdı.

Tramp problemin demokratların pis miqrasıya qanunu səbəbindən meydana gəldiyini qeyd etməklə sərhəd-keşikçilərini tərifləyərək, onların çox yaxşı iş gördüklərini söyləmişdi.

Tramp yenidən seçiləcəyi halda immiqrant köçünü həyata keçirəcəkmi, yoxsa bu, sadəcə, hazırkı situasiyaya uyğun oyundur? Əgər miqrantları qovarsa, bu tendensiya daha geniş areala yayılıb, dünyanı çalxalaya bilərmi? 

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a deyib ki, Donald Trampın reytinqi getdikcə artır və o, bu gedişlə respublikaçıların əsas namizədi olacaq: “Baydenin xəstəliyi getdikcə şiddətlənir və bunu artıq vitse-prezident də etiraf edib. Hətta Baydeni də əvəz edəcəyini deyib. Bu o deməkdir ki, Bayden namizədliyini irəli sürsə, Trampın Bayden üzərində qələbə çalmaq şansı da böyükdür. Donald Tramp ötən seçki kampaniyası dövründə olduğu kimi, yenə də ağlasığmaz vədlər verir. Əsas məsələ də miqrasiya məsələsidir. Açıq şəkildə bəyan edir ki, miqrantları ölkədən qovacaq. Meksika ilə sərhəddə çəkilən divarı möhkəmlədəcək, NATO-ya dəstəyi azaldacaq, Ukraynaya, ümumiyyətlə, silah-sursat verməyəcək”.

Mərkəz rəhbəri deyib ki, Donald Trampın vədləri daha çox beynəlxalq aləmdə, Avropada narahatlıq doğurur: “Miqrant məsələsinə gəldikdə isə, Amerika elə miqrantlar ölkəsidir. Donlad Trampın özünün dədə-babası da Amerikaya Almaniyadan, bir hissəsi də Şotlandiyadan gəlib. Amma Donald Trampın özü deyir ki, Amerika bu qədər miqrantı saxlaya bilməz. Donald Tramp prezident olarsa, o demək deyil ki, o, bütün vədlərini anında yerinə yetirəcək. Amma ötən prezidentliyi dövründə gördük ki, Donald Tramp bir sıra önəmli vədlərini yerinə yetirməyə çalışırdı. Prezident postunda vədlərini yertinə yetirmək üçün bir sıra fərmanlar verdi, Meksika ilə sərhəddə hasarın tikintisi başladı, NATO ölkələrindən tələbləri oldu ki, təhlükəsizlik məsələlərinə daha çox pul ayırsınlar, Çinə qarşı faktiki olaraq ticarət müharibəsinə başladı”. 

Mərkəz rəhbəri hesab edir ki, Donald Tramp yenidən prezident seçilsə, ən kəskin addımları atmağa çalışacaq ki, amerikalıların müsbət rəyini qazana bilsin: “İmmiqrantlarla bağlı Donald Tramp iki addım atacaq. Birincisi, sərhədləri möhkəmləndirəcək. İndinin özündə ABŞ-a miqrant axını böyükdür. Bayden qaydaları bir qədər yumşaldıb deyə ABŞ-a miqrant axını var. 100 minlərlə meksikalı, Latın Amerikasının sakini ABŞ-a köçür. Donald Tramp buna son qoymağa çalışacaq. Sərhədləri daha çox nəzarətə götürməyə çalışacaq. Bu məsələdə əsas yük Texasın üzərindədir. İkinci istiqamət isə ABŞ-da yaşayan miqrantlar, vətəndaşlığı olmayanlar  üçün qaydaların sərtləşdirilməsidir. Kimlərin  sənədləri yoxdursa, Miqrasiya Xidmətindən tələb edəcək ki, məsələsi həll olunsun. Həmin şəxslər ABŞ-dan deportasiya olunsunlar. Donald Tramp seçkiqabağı vədləri yerinə yetirəcək”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR