ABŞ-ın keçmiş prezidenti Donald Tramp Böyük Britaniya krallığının gəlini, şahzadə Harrinin xanımı Meqan Marklın 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizəd ola bilməsi ehtimalından danışıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ağ Evin sabiq rəhbəri bununla bağlı düşüncələrini “Fox News” kanalına verdiyi müsahibədə paylaşıb.
Trampın sözlərinə görə, Meqan Marklın prezidentliyə namizəd olması ilə bağlı şayiələr təsdiqini tapsa, bu, onun gələcək seçkilərə bir daha qatılmaq həvəsini daha da artıracaq.
Xatırladaq ki, bundan öncə Böyük Britaniyanın “Daily Mail” qəzetində Meqan Marklın 2024-cü ildə siyasətə atılmaq niyyətindən hərəkət edərək Demokrat partiyasının bir sıra nüfuzlu nümayəndələri ilə görüşməsi barədə xəbərlər yazılmışdı.
“Bunun baş verəcəyinə çox ümid edirəm. Çünki belə olan halda 2024-cü illə əlaqədar mənim də istəyim artır”,-deyə Donald Tramp məsələyə münasibət bildirib.
ABŞ-ın keçmiş prezidenti Birləşmiş Krallıq sarayını irqçiliklə suçlayan Meqan Marklın “fanatı” olmadığını, hətta kraliça II Elizabetə heyranlığını dilə gətirib.
Musavat.com






