İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ət istehsalçılarına dava açdı – İnhisarçılıq və qiymət manipuliyası ittihamı ilə

1013 17.06.2020 12:50 İqtisadiyyat A A

ABŞ-da Prezident Administrasiyası ölkənin nəhəng ət istehsalçılarına qarşı inhisarçılıq və qiymət manipulyasiyası ilə bağlı araşdırmalara başlayır. Araşdırma həm mal və donuz əti, həm də quş əti emalçıları üzrə həyata keçiriləcək. 

ABŞ Ədliyyə Nazirliyi həm quşçular, həm də mal əti emalçılarına qarşı rəsmi ittihamlar hazırlayıb. Buna səbəb işçilər arasında koronavirusa yoluxma hallarına görə ət emalı zavodlarının bağlanmasından sonra mal ətinin bir ayda iki dəfədən çox bahalaşmasıdır.

“Bloomberg”in yazdığına görə, ABŞ-da heyvandarlıqla məşğul olan fermerlər emal nəhənglərinin inhisarçı fəaliyyətindən uzun illərdir narazılıq edirlər. Belə ki, ABŞ-da mal və quş əti emalı sektorunda cəmi bir neçə şirkət hökmranlıq edir. Onların qiymət sahəsində kartel sövdələşməsinə getdiklərinə dair fermerlər dəfələrlə məsələ qaldırsalar da, bu istiqamətdə ciddi nəticələr əldə olunmayıb. Ölkənin inhisarçılıqla mübarizə orqanları müxtəlif vaxtlarda araşdırmalar aparsalar da, nəticəsiz bitib. İndi isə prezident seçkilərinə 5 ay qalmış Donald Tramp administrasiyası yeni araşdırma başladır. Ədiyyə Nazirliyi, yaxud Kənd Təsərrüfatı Nazirliyi bu sahədə ciddi bir irəliləyişə nail ola bilsə, bu, Trampın əsas elektoratı olan fermerlərin ona səs verməsini təmin edəcək.

Heyvandarlıqla məşğul olan fermerlər Çinlə aparılan ticarət müharibəsindən ən çox zərərçəkən qruplar arasındadır. Bu vəziyyətdən məharətlə istifadə edən nəhəng emal şirkətləri heyvanı onlardan çox ucuz qiymətə almaqla böyük həcmdə gəlirlər əldə edirlər.

Bu ay Ədliyyə Nazirliyinin prokurorları bəyan ediblər ki, ölkənin iki nəhəng quşçuluq müəssisəsi qiymətlə bağlı gizli sövdələşməyə gedib. İndi isə araşdırmalar 4 ən böyük ət istehsaçısına qarşı başladılır. Bunlar Tyson Foods Inc (NYSE: TSN)., JBS SA (OTC: JBSAY), Cargill Inc. və National Beef Inc. şirkətləridir. Bu şirkətlər ABŞ ət emalının dörddə üçünə nəzarət edirlər. Onlar barəsində məhkəməyə iddia göndərilib.

“Cargill” və “Tyson” heyvanın fermerlədən alış qiymətini açıqlamaqdan, digər iki şirkət isə “Bloomberg”in suallarını cavablandırmaqdan imtina ediblər.

Ət vergidən azad edildi: qiymətlər ucuzlaşacaq?

ABŞ-da ət emalçıları 20-ci əsrin əvvəllərindəki qədər gücləniblər. 1919-cu ildə Federal Ticarət Komissiyası ət bazarının 82 faizinə nəzarət edən 5 şirkətin inhisarçılıq etdiklərini, bazarda qiyməti qəsdən öldürdüklərini üzə çıxarmışdı. Həmin vaxt Ədliyyə Nazirliyi tərəfindən şirkətlərə qarşı sərt ölçü götürülmüşdü. Müşahidəçilər indi də ABŞ ət bazarında təxminən eyni vəziyyətin yarandığı qənaətindədirlər.

Quşçuluq şirkətləri ilə bağlı irəli sürülən ittihamlar isə daha ağırdır və təsdiqini taparsa, şirkət rəhbərləri həbs edilə, şirkətlər böyük həcmdə cərimələnə bilərlər.

ABŞ-ın aparıcı ət emalçısı olan “Tyson” şirkəti cəzasını yüngülləşdirmək üçün qanunvericilikdə mövcud olan müddəalardan istifadə etməklə istintaqla əməkdaşlıq edəcəyini açıqlayıb.

Ət bazarındakı vəziyyət ABŞ parlamentində də ciddi müzakirələrə səbəb olmaqdadır. May ayında əsasən kənd bölgələrindən olan 19 senator Ədliyyə Nazirliyinə müraciət edərək şirkətlərin fermerdən heyvanı alarkən qiyməti qəsdən aşağı salmaları ilə bağlı araşdırma aparılmasını xahiş ediblər. Onlar xəbərdarlıq ediblər ki, bazarda vəziyyət o həddədir ki, heyvandarlıq tənəzzülə uğraya, nəhəng ət emalçılarının öz heyvandarlıq müəssisələrinə əlverişli imkanlar yarana bilər. Bu isə qiymətlərin həmin şirkətlər tərəfindən tam nəzarətə götürülməsi demək olar. Bundan əlavə, senatorlar ət emalı üçün bəzi şərtlərin yumşaldılması yolu ilə bazara başqa oyunçuların da cəlb olunmasını təklif edirlər.

Ağ Evdən verilən açıqlanmaya görə, hazırda ABŞ-da bir emal zavodunun dayanması satışdan bir gündə 10 milyon porsiya ətin yoxa çıxması demək olar. Bu isə ət emalçılarının nə qədər gücləndiyini göstərən əsas faktdır. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 1967-ci ildən indiyədək ölkədə kəsim zavodlarının sayı 70 faiz azalıb. Bu, bazarın bir neçə şirkətin əlində cəmləşməsi ilə nəticələnib. Belə vəziyyət ABŞ-ın ət təchizatında ciddi təhlükə yaradır: iri müəssisələrdən birinin işini dayandırması ölkədə dərhal ət qıtlığına və bahalaşmaya gətirib çıxarır. Pandemiya dövründə bu hal artıq yaşandı: aprelin əvvəlindən mayın ortalarınadək ətin topdansatış qiyməti 2 dəfədən çox bahalaşdı. Buna baxmayaraq, heyvanların qiymətində 24 faizə qədər ucuzlaşma baş verdi ki, bu da fermerləri böyük itkilərə məruz qoydu.

ABŞ-da heyvanların ət emalı müəssisələrinə satışı əsaəsn uzunmüddətli müqavilələr əsasında həyata keçirilir. Bu isə müəssisələrə imkan verir ki, qiymətlərə təsir etsinlər. Onlar spot bazarından alışları kəskin azaldırlar ki, bu da heyvanın qiymətinin ümumilikdə ucuzlaşmasına gətirib çıxarır. Buna görə də kənd yerlərindən olan senatorlar emalçılara heyvanın yarısının spot bazarından alınması tələbinin qoyulmasını təklif edirlər.

Dünya,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR