ABŞ prezidenti Donald Tramp keçmiş prezident Co Baydenin övladları Hanter və Eşli Baydenin Məxfi Xidmətin qorumasından məhrum edib.
Musavat.com xəbər verir ki, bunu Tramp özünə məxsus "Truth Social"da yazıb:
"Bu andan etibarən Hanter Bayden daha Məxfi Xidmətin mühafizəsi altında olmayacaq. Eşli Bayden də siyahıdan çıxarılacaq".
Yanvar ayında Tramp keçmiş dövlət katibi Mayk Pompeonun, keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun və ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçinin hökumət təhlükəsizliyinin aradan qaldırılmasına göstəriş verib.
Son illərdə ABŞ Daxili Təhlükəsizlik Departamentinin nəzdində fəaliyyət göstərən Gizli Xidmət, ilk növbədə, Amerika torpaqlarında ölkənin ali rəhbərliyini və xarici liderləri müdafiə edir. 2003-cü ilə qədər federal hüquq-mühafizə orqanı statusuna malik olan bu xüsusi xidmət ABŞ Maliyyə Nazirliyinin tərkibində idi. Bu onunla izah edilirdi ki, o, 1865-ci ildə ABŞ milli valyutasının saxtalaşdırılmasına qarşı mübarizə məqsədilə yaradılıb, lakin sonradan onun funksiyaları xeyli genişləndirilib.
Musavat.com