ABŞ prezidenti Donald Tramp iki il öncə seçki kampaniyasında xalqa verdiyi vədləri yerinə yetirmək üçün hərəkətə keçib. Bu istiqamətdə Ağ Ev sahibinin son günlərdə verdiyi bir sıra qərarlar xüsusi olaraq diqqət çəkir.
Öncəliklə Tramp amerikalıları narahat edən miqrantlarla bağlı ciddi addımlar atmağa başlayıb. Noyabrın 6-da Konqresə ara seçkiləri keçiriləcək ki, bu səbəbdən Ağ Ev sahibi bu günlərdə fəaliyyətini genişləndirib. O, yaxşı bilir ki, seçkilərin nəticələri Vaşinqtonda güc nisbətini dəyişə və hakimiyyətinin növbəti iki ilinə öz təsirini göstərə bilər. Tramp seçki gününə qədər mühacirət kimi mühüm məsələlərlə bağlı intensiv kampaniya aparmağa söz verib. Ağ Ev sahibi Birləşmiş Ştatlar ərazisində ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin doğulmuş övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv edən sərəncam imzalamaq istəyir.
"Hətta bir neçə saniyə ərzində torpaqlarımızda olsalar belə, hər il minlərlə immiqrant uşağı bu absurd siyasət üzündən avtomatik vətəndaş olurlar və bütün güzəşt və imtiyazları əldə edərək Birləşmiş Ştatların vətəndaşına çevrilirlər,” Tramp deyib.
Tramp həmçinin Mərkəzi Amerikadan qaynaqlanan mühacir karvanının Birləşmiş Ştatlara gəlməsinin qarşısını almaq üçün Meksika sərhədinə 15 min hərbçi göndərəcəyini deyib.
Bütün bunlardan əlavə, ABŞ prezidenti rəqibi olan demokratlara qarşı mühacirlərdən bir silah kimi istifadə edir. O, demək olar hər çıxışında ölkəsinə gələn miqrantlarla bağlı əks düşərgəni ittiham edir. Bir növ onların buna səbəb olduğunu bildirir. Amerikada miqrantlar tərəfindən törədilən bir neçə terror aktını da önə çəkir.
Ekspertlər hesab edirlər ki, Tramp sırf Konqres seçkilərinə köklənib və bunun üçün xalqın əsas probleminə çevrilən miqrantlarla bağlı belə sərt mövqe tutub. Ağ Ev sahibinin iki ildən sonrakı prezident seçkilərində yenidən qələbə qazanmaq üçün bu cür qərarlarla indidən hərəkətə keçdiyi qeyd olunur. Onun bu istiqamətdəki fəaliyyətinin qarşıdakı iki ildə də davam edəcəyi və verdiyi hər bir vədi həyata keçirmək üçün sona qədər çalışacağı vurğulanır.
Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev bildirdi ki, prezident seçkisi öncəsi vədlər verən zaman Trampı seçilmək üçün populist şüarlardan istifadə etməkdə ittiham edirdilər: “Ekspertlər seçiləndən sonra onun verdiyi vədləri yerinə yetirməyəcəyini deyirdilər. Amma hələ ki, yalnız Rusiya ilə bağlı dediyi fikirlərin əksini etməkdədir. Bəzi istisnalar olmaqla dediyi digər vədləri həyata keçirtməklə, ən azından buna cəhdlər etməklə məşğuldur. Meksika sərhədinə hasar çəkməklə, Qüdsü İsrailin paytaxtı kimi tanımaqla, miqrantlarla bağlı siyasətə yenidən baxmaqla bağlı verdiyi vədləri həyata keçirir. Digər məsələlərdə dediklərini etmək istədiyi də göz önündədir. Miqrantlarla bağlı mövqeyi seçkiöncəsi verdiyi vədlər sırasındadır və onun bu istiqamətdə işlətdiyi fikirlərə təəccüblənmək lazım deyil. Bu gün Tramp üçün vacib olan Konqres seçkilərində respublikaçıların çoxluq təşkil etməsinə nail olmaqdır. Hazırda respublikaçılar çoxluq təşkil etsələr də, bilirik ki, onların içində Trampın siyasətinə qarşı duran konqresmenlər var. İndi təsəvvür edin ki, Konqresdə demokratlar çoxluq təşkil etdilər, o zaman nələrin ola biləcəyini hesablamaq elə də çətin olmaz. Düşünürəm ki, Tramp hədəfini 2 il sonrakı prezident seçkilərinə yox, məhz Konqresə seçkilərə hesablayıb. Onun üçün prezident seçkilərinin uğuruna aparan yol Konqres seçkilərindən keçir. Demokratlar son aylar ərzində bütün gücləri ilə respublikaçıları nüfuzdan salmağa cəhdlər edirlər. Bir müddət öncə respublikaçıların tərəfdarı olan birinin Demokrat Partiyası rəhbərlərinə, hətta Klintonun evinə poçt vasitəsilə partlayıcıya bənzər qurğular göndərməsi böyük skandala səbəb olub.

Həmin adamı həbs etsələr də, demokratlar bu hadisəni bu günə qədər respublikaçıların əleyhinə uğurla istifadə edirlər. Sözsüz ki, Tramp da ölkə içində insanların narazı olduğu bəzi problemləri dərindən qabartmaqla onların rəğbətini qazanmağa çalışır. Bununla da hesab edir ki, həm partiyasına, həm də özünə rəğbəti artıracaq. Miqrantlar məsələsi hazırda Avropada və ABŞ-da populyar mövzudur. Onlardan narazı olan insanlar kifayət qədər çox olduğu üçün problemi qabardan partiyaya yaxud siyasətçiyə həmin kəsimdən dərhal dəstək gəlir. Bu təbliğatla Avropanın əsas dövlətlərində millətçilərin müxtəlif partiyalar adı altında son illər ciddi faizlərlə parlamentlərə düşməsi də bizə məlumdur. ABŞ-da siyasi partiyalar sistemində əsas iki partiya dominantlıq etdiyindən respublikaçı Tramp bu istiqamətdə bəyanatlar verir. Bütün bunlara rəğmən düşünürəm ki, aparılan siyasət ABŞ-a insan haqları, demokratiya baxımından problemlər yaşatmayacaq və ölkədə mövcud olan çoxmillətli cəmiyyətə neqativ təsirlər göstərməyəcək. Çünki əsas çağırışlar ABŞ-a qanunsuz miqrasiya edənlərlə bağlıdır ki, bununla çoxları razıdır. Qanuni şəkildə ABŞ-a hər il bütün dünyadan on minlərlə miqrant qəbul edilir ki, bildiyim qədəri ilə onlarla bağlı elə də problem yoxdur”.

Politoloq Əhəd Məmmədli hesab edir ki, prezident kürsüsünə əyləşən kimi Tramp səlahiyyətlərinin ona imkan verdiyi qədər vədlərini yerinə yetirməyə başlayıb: “O vədlərin hesabına Tramp prezident seçildi. Adi amerikalı üçün əsas onun sosial rifahı, işlə təmin edilməsi, təhlükəsiz şərtlərdə yaşaması gələcəyidir. Orta statistik amerikalı üçün maraqlı deyil ki, uzaq Avropa, Asiyada nələr baş verir. Tramp da hakimiyyətə gələn kimi verdiyi vədlərin həyata keçirilməsi üçün işlər görməyə başladı. O ilk prezidentlik müddətinin ekvatorunu başa vurub. Bu müddətdə amerikalıların sosial rifahı xeyli yaxşılaşıb. ABŞ Trampın dövründə daha yaxşı iqtisadi nəticələr göstərdi. Vəd verdiyi kimi, Meksika ilə sərhəddə bahalı divar tikdirməyə başladı. Konqresə seçkilər Tramp üçün həqiqət anı olacaq. İki il müddətində Tramp Administrasiyasının gördüyü işlərə xalq tərəfindən qiymət veriləcək. Ona görə Tramp və Respublikaçılar Partiyası üçün Konqresə seçkilər çox böyük əhəmiyyət kəsb edir. Tramp iqtidara gələndən miqrantlarla bağlı sərt siyasət aparır. Xalq tərəfindən kifayət qədər dəstək də alır. Avropada olduğu kimi, Amerikada da millətçilik, irqçilik artıb. Mərkəzi Amerikadan gələn mühacir karvanını seçkilər öncəsi Tramp özünə böyük təhlükə və komple görür. Jurnalistin “Bu karvanı Soros maliyyələşdirə bilərmi” sualına Tramp hər şey ola bilər cavabını vermişdi. Mərkəzi Amerikadan ABŞ-ın Meksika ilə sərhədinə yaxınlaşan mühacir karvanından Tramp çox ehtiyatlanır. Bunu nüfuzu üçün təhdid hesab edir. Ona görə də Tramp əmr verib ki, Meksika ilə sərhəddən bir nəfər də olsa miqrant buraxılmasın.
Təsadüfdən ya bilərəkdən ilk miqrant karvanı sərhədə Konqresə seçkilər öncəsi yaxınlaşır. Miqrantlar sərhədi keçməyə israrlıdırlar. Bu isə toqquşma deməkdir. Toqquşma olsa, bu Trampa daxildən yeni tənqid dalğası deməkdir. Miqrant düyününü açmaq gözləniləndən daha çətin oldu. Təkcə Amerika deyil, Avropada millətçilik irqçiliyə doğru gedir. Millətçilik, irqçiliyin, ksenofobiyanın vətəni Qərbdir. İndi də yenidən Qərb öz ilklərinə qayıtmaqdadır. Bu isə yenidən svilizasiyalar arasında qarşıdurmaya gəlib çıxmaq deməkdir. Amerika və Avropa yenidən tam şəkildə ağdərililərin Amerikası, Avropası olmaq istəyir.
Bu həm də qloballaşma, liberalizm dəyərlərinin iflasa uğraması deməkdir. Mühacirlərə açıq olan, mühacirlər tərəfindən qurulan Amerika indi özünü mühacirlərə bağlamaq istəyir. Yuxarıda qeyd etdiyim kimi bu miqrant axını Konqres seçkiləri öncəsi Trampa ən böyük zərbə ola bilər. Sərhəddə baş verəcək toqquşma, gərginlik Konqresə seçkilərdə respublikaçılara ciddi xələl gətirə bilər. Tramp bunu anlayır və ona görə həm ehtiyatlanır, həm də heç bir güzəştə getmək istəmir. Respublikaçılar miqrant dilemması qarşısında qalibdir və bu məqamdan demokratlar məharətcəsinə istifadə edir. Respublikaçılar da əvəzində miqrant dalğasında demokratlari ittiham edir. Bu vəziyyətdən çıxış yolu xalqın dəstəyini almaqdır. Düşünürəm ki, miqrant problemində daha da mühafizəkarlaşan amerikan cəmiyyəti Trampın yanında olacaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






