İnsanlara hürriyət, millətlərə istiqlal!

Total gərginliyə qarşı nehrə taktikası

1558 21.10.2019 09:05 Yazarlar A A

Danmaq mümkün deyil, ölkədə narazılıq və gərginlik var. Az qala hamı hamıdan narazıdır: müxalifət iqtidardan, iqtidar müxalifətdən, xalq hər ikisindən. Ayrıca xalqdan da narazı olanlar və bunu sosial şəbəkədə qeyd edənlər var.

Bir çoxları bu görüntüyə baxır, hesab edir ki, bu, klassik inqilabçıların dediyi həmin situasiyadır: “Aşağılar əvvəlki qaydada yaşamaq istəmirlər, yuxarılar əvvəlki üsulla idarə edə bilmirlər”.

Ancaq “əvvəlki qaydada yaşamaq istəməmək” ovqatı cəmiyyətin bir hissəsini (bu kəsimin böyük və ya kiçik olduğu mübahisə mövzusudur) əhatə edir, halından, idarə olunmasından məmnun olanlara dəxli yoxdur.

“Yuxarıların əvvəlki qaydada idarə edə bilməməsi”nə gəlincə isə, bu da qələmə verildiyi kimi deyil. İdarə edə bilirlər. Oktyabrın 19-da razılaşdırılmamış aksiya keçirmək istəyənlərə tətbiq edilən preventiv tədbirlər göstərdi ki, əvvəlkindən də qətiyyətlidirlər.

Bəli, durum budur: ölkədə narazılıq və gərginlik var, amma bu total protest xarakteri daşımır. Lokal narazılıqların kütləviləşməsi və ümumxalq protestinə çevrilməsi üçün zəruri başqa bir faktor isə xalqdan, müxalifətdən yox, sırf iqtidar komandasından asılıdır.

Bu, sərt qərarlar qəbul edərkən tərəddüd etməmək, yumşaqlığa yol verməmək, boşluq buraxmamaq, zəiflik göstərməmək kimi aktların məcmusudur.

Gördüyümüz kimi, iqtidar komandası bu məsələdə öz işini yaxşı bilir və zəiflik göstərərək, mütəfəkkirlərin inqilabi situasiya haqqında göstərdikləri şərtlərin tamamlanmasına imkan vermir.

Ancaq bu, kifayət deyil. Bu cür idarəetmə, Çörçill demişkən, ac şiri minib çapmaqdır, bir dəfə dayansan, təşəbbüs şirin caynağına keçəcək, dayanmasan, ac şir məhv olacaq.

Əslində son 30 ildə neo-inqilabi situasiyalar yaşamış ölkələrin bir neçəsinin təcrübəsinə nəzər salmaq lazımdır. Onların bir çoxu ona görə həmin duruma düşdülər ki, ölkələrində kütləvi kasıbçılıq, sabaha inamsızlıq vardı və üstəlik, hökumətin effektiv idarəetmə qabiliyyətini itirdiyi qənaətinə gəlmişdilər.

Azərbaycanda kütləvi kasıbçılıq yoxdur. Narazılıqlar lokal xarakterlidir, bir ünvana fokuslaşmayıb. Bu üzdəndir ki, bir partiyanın elan etdiyi etiraz aksiyasına nəinki xalq kütlələri, hətta başqa partiyalar da qoşulmur. Hamı baş verənlərə maraqlı bir fləşmoba baxırmış kimi baxır.

Bu cür aksiyalar təxminən suyu kəsilmiş bir qəsəbənin bezgin sakinlərinin magistral yolu bağlamasını və hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları ilə dartışmasını xatırladır. Elə suyu gələn qonşu qəsəbənin camaatı da narazılığını ifadə edən qəsəbənin sakinlərinə heç vaxt qoşulmur.

Bununla yanaşı, Azərbaycan kimi ölkələrdə gərginliyi sabit saxlayan amillər də var. Bu, hakimiyyətin bütün qollarının bir əldə cəmlənməsidir. Ölkədə keçirilən bütün seçkilərdə yalnız bir partiya qalib gəlir, icraedici, qanunverici orqanlarda, bələdiyyələrdə yalnız bir partiyanın üzvləri təmsil olunur.

Bu isə ölkənin siyasi fəal kəsimində ildən-ilə artan narazılıq yaradır və bu narazılıq cəmiyyətin digər təbəqələrinə, lokal narazılıqları olan bitərəf qruplara sirayət edir.

Tarixi təcrübədən də bəllidir ki, siyasi fəallar cəmiyyətin avanqard qüvvəsidir və onlar əlverişli şərait yetişdiyi halda xalqın ovqatını hakimiyyətə qarşı kökləyə bilirlər, lazımi anda isə onun hərəkətə gəlməsinə nail olurlar.

Belə xoşagəlməz durumlardan çıxış yolu odur ki, ölkədəki siyasi mübarizə əvvəlcə seçki illərinə, seçki məntəqələrinə daşınsın, ondan sonra da parlamentdə davam etsin və “inqilab-inqilab” söhbətləri yığışdırılsın. Buna bələdiyyə seçkilərindən başlamaq olar – dürüst seçkidə qalib gələn narazı müxaliflər məmnun qalacaq, öz iş-gücləri ilə məşğul olacaqlar.

Bizim durumda olan hər bir ölkə özlüyündə çalxalanan nehrəyə bənzəyir. Necə ki nehrə çalxalandıqca daxilinə enerji, qaz yığılır və partlamaması üçün onun qapağını vaxtaşırı açıb qazını çıxarırlar, cəmiyyətlə də elə davranmaq lazımdır. İsraf olunmayan enerjinin, gərginliyin birikməsinə imkan verilməməlidir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR