İnsanlara hürriyət, millətlərə istiqlal!

Tosu Vısotskini nədə üstələdi...

5272 02.06.2022 08:55 Yazarlar A A

 

Dünyanın hər yerində belədir: ağır və dərin mətnlər oxunmur, yüngül və əyləncə səciyyəli söhbətlər tirajlanır, fəlsəfi fikirlər təlqin edən teatr tamaşaçıları böyük auditoriya toplamır, lətifə daycestlərindən ibarət şou-konsertlər reytinq rekordu qırır.

Bu saat almanlar Bethovenin, Vaqnerin, polyaklar Şopenin, avstriyalılar Motsartın, Ştrausun, fransızlar Ravelin, italyanlar Vivaldinin, Verdinin, ruslar Raxmaninovun, Çaykovskinin simfonik əsərlərini dinləmək üçün əldən getmirlər. Əvəzində hamının dilində rok, rep, pop tipli, çığırtı-bağırtılı modern musiqilərdir.

İndi Çarli Çaplinin çəkildiyi komik səhnələrə baxıb qəşş edənlər də yoxdur, əslində bu saat milyonlarla adam məhz o cür, “mırt” adı verdikləri gülməli epizodları özü çəkir və sosial şəbəkələrdə paylaşır.

Qalın-qalın romanları növbəyə duraraq bir-birindən alıb oxuyan oxucular keçmişdə qaldı, indi camaatda hövsələ yoxdur, çox maraqlıdırsa, o roman əsasında çəkilmiş filmlərə baxarlar. Məsələn, Sezar, Spartak, Napoleon, Kleopatra, Çingiz xan və başqa tarixi şəxsiyyətlər haqında kitab oxuyanlar çox azdır, əvəzində hamı bu şəxslərin həyatını əks etdirən filmlərə baxıb.

Uzun sözün kəsəsi, dünya qloballaşdığı kimi, ədəbiyyat və incəsənət də mobilləşib. Qəzet və jurnalların populyarlaşması vaxtilə kitab oxumaq ənənəsinə ciddi zərbə vurmuşdu, sonra televiziya və radioların kütləvi istifadəsi teatra, həm də kitaba marağı azaltdı. İndi də sosial paylaşım şəbəkələri həm kitaba, həm teatra, həm də televiziyaya marağı öldürüb. Artıq hər kəsin əlində əl boyda bir cihaz var və o, dünyadakı bütün şou-əyləncə növlərini, eləcə də maarifllənmə vasitələrini özündə birləşdirir.

20-30 il öncə bir fikir adamı demişdi ki, vaxt gələcək, dünyada milyonlarla məşhur adam olacaq, amma onların məşhurluğu 15 dəqiqə çəkəcək.

Həmin dövr gəlib. Bir də görürsən ki, heç kəsin tanımadığı bir adamı hansısa sözünə, ifasına, videosuna görə bir anın içində milyonlarla adam tanıyır, üstündə 15 dəqiqə və ya 15 saat keçir, ortaya onlarla, yüzlərlə yeni “məşhurlar” çıxır və dünənki “məşhur” unudulur, gedir.

“Tosu Zəngilanlı” adlı binəsib və ziyansız, amma çox-çox adi bir adamın personasına ictimai marağın bu şəkildə olmasına məhz həmin prizmadan baxmaq lazımdır. Yazıq Tosu “15 dəqiqəlik məşhurluğ”u yaxalayan minlərlə adamdan biriydi, fotoaparat şimşəyi kimi çaxdı, getdi.

Ona görə də bu hadisədən çıxış edərək “mətbuat öldü”, “artıq bu ölkədən qaçmaq lazımdır” kimi kateqorik fikirlər tirajlamağa ehtiyac yoxdur.

Dünən Tosunun vəfat etməsi barədə xəbərlə yanaşı, ölkə mətbuatı ən azı 200 xəbər tirajlamışdı və onların azı 30-u Tosunun ölümündən daha əhəmiyyətli xəbər idi. O xəbərlər daha çox ictimai marağa səbəb olmuş, tirajlanmış və oxunmuşdu.

Sadəcə, medianın çox-çox adi bir adamın, həyatda məzəli videokadrlarından (o da qısa müddətdən sonra heç kəsə maraqlı və məzəli görünməyəcək) başqa bir izi qalmayacaq şəxsin vaxtsız vəfatına bu qədər kütləvi şəkildə köklənməsi ictimaiyyət arasında qıcıq doğurdu.

Prinsipcə, media belə xəbərlər yaymamalıdır, çünki ictimai-siyasi, ədəbi-mədəni əhəmiyyət daşımayan hadisədir. Ancaq günümüzdə “sosial şəbəkə fenomenliyi” deyilən bir faktor da var. Əminəm ki, media Tosu Zəngilanlının vəfat etdiyi barədə xəbəri yaymasaydı, insanlar bu hadisədən 3-4 gün (və ya 3-4 ay) sonra xəbər tutsaydılar, yenə media qınanacaqdı ki, jurnalistlərin xalqdan xəbəri yoxdur, populyar adam ölüb, amma saytlar, qəzetlər bu barədə yazmayıb.

Necə ki, 1980-ci ilin yayında vəfat edən, bütün SSRİ-nin tanıdığı, sevdiyi kino və teatr aktyoru, müğənni-bəstəkar, şair-ssenarist Vladimir Vısotskinin ölüm xəbəri barədə yazmayan sovet qəzetləri hələ də o töhmətin altındadır. Gerçəkdən də ayıb iş idi ki, öz ölkəsi ilə yanaşı, ABŞ və Fransada da tanınan bir sənətkar gənc yaşda ölmüşdü və ölkə mediası bu barədə yazmamışdı. Bax, əsl xalqdan bixəbərlik. qeyri-peşəkarlıq, hətta mətbu köləlik bu idi.

Mətbuatı Vısotskinin ölümündən yazmamağa Kreml vadar etmişdi. Bizdə isə Tosunun ölümündən yazmaq yasağı yox idi. Ona görə də hamı yazdı.

İndi siz Tosunun da bəxtinə də baxın, Vısotskinin bəxtinə də. Zaman və onun konyukturası bu qədər amansız və ədalətsizdir.

P.S. Bu kimi xəbərlərə acıq edib ölkədən getsək, getdiyimiz ölkədə görəcəyik ki, onlar da öz tosularından yazırlar...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR