İnsanlara hürriyət, millətlərə istiqlal!

Toruna şikar düşmüş hörümçək manevri

974 18.11.2019 09:20 Yazarlar A A

Vaxtilə bir təşkilatda (düşərgədə) fəaliyyət göstərən, acı-şirin gündə bir yerdə olan, eyni dəyənəyin zərbəsini dadan, bir qutabı iki yerə bölüb yeyən, dostluq-yoldaşlıq edən adamların sonradan bir-birinə düşmən kəsilməsi, bir-biri haqqında olan-olmaz şeylər danışması, hətta bir-birinin üzünə durması çox xoşagəlməzdir.

İnsan gərək ərdəmli olsun, düşmənçilikdə də bir qırmızı xətt tanısın, rəqabəti düşmənçiliyə çevirməsin. Yoxsa bu nədir, dünənin dostları xırda bir şey üstündə dalaşır, bir-birinin nəinki başına, ürəyinə, hətta hər tərəfinə zərbə vurmaq istəyir, onun ağır durumundan merkantil maraqlar naminə yararlanmağa çalışır.

Ancaq dünən qəzet və saytlarda, daha çox isə sosial mediada yayılan qalmaqalla bağlı elə bir jest gördüm ki, bugünkü yazıya o detaldan girməyi vacib saydım.

Elçin Əlibəylinin başına gələnləri bilirsiniz. Müğənni Kərim onun üzünə durur, onu cinsi azlıq nümayəndəsi kimi qələmə verir. Bunun gerçəkdən belə olub-olmadığının məsələyə, ümumiyyətlə, bizə heç bir dəxli yoxdur, özləri bilər. Amma bu hadisədən yararlanaraq Elçin Əlibəyliyə qarşı yüz sözün ürəyini üzənlərin arasında onun bir köhnə düşməninin də imzasını gördüm - adam xora qoşulmamışdı, fərqli bir mövqe sərgiləyirdi.

Bu, jurnalist həmkarım İltifat Hacıxanoğludur. O vaxtilə Elçin Əlibəyliylə toqquşub. Elçin aparıcısı olduğu verilişdə ona qarşı provokativ hərəkətlər edib, yaxşı-yaman sözlər danışıb, nəticədə ikilinin arası möhkəm dəyib. İltifat sosal mediada vaxtaşırı olaraq Elçinin əleyhinə statuslar, şərhlər yazır. Hətta bir dəfə Əlibəyli ilə Musavat TV-də canlı debata çıxdığım üçün mənə də irad tutdu, “o, debata çıxılası adam deyil” dedi. Ancaq son qalmaqala dair İltifatın mövqeyi belə oldu: “Elçin Əlibəylinin cinsi azlıq olduğuna inanmıram, inandırıcı deyil, onu başqa cür tanıyıram”.

Razılaşaq ki, onun yerində çox adam bu cür deyərdi: “Mən sizə deyəndə ki, o, ... biridir, inanmırdınız, gördünüzmü? Əslində o, elədir, belədir” və s. İllərdir müdafiə etdiyimiz mövqe budur: rəqibə qarşı da ədalətli olmaq lazımdır, şərləməmək, üstünə böhtan atmamaq gərəkdir. Hətta bilsən ki, düşmənin əlinə fürsət keçəndə o, bu sayaq dəyanət, comərdlik nümayiş etdirməyəcək, yenə də birtərəfli olaraq kəmfürsətlikdən qaçmaq lazımdır.

Bu gün bir sıra rəqiblərin əlinə fürsət düşüb, Müsavat Partiyasına qarşı hücuma keçiblər, Arif Hacılını istefaya çağırırlar. Onların arasında elə adamlar ki, vaxtilə başlarına xoşagəlməz işlər gələndə İsa Qəmbər və Arif Hacılı nəinki fürsətdən yararlanıb birbaşa və ya dolayısıyla onlara qarşı gözdənsalma kampaniyası başlatmamışdılar, tam əksinə, müdafiə etmişdilər, partiya üzvlərinə də müvafiq tapşırıq vermişdilər.

Məsələn, jurnalist Xədicə İsmayılın şəxsi həyatına dair məsələdə. Xədicə İsmayıl əlinə qələm götürəndən bəri İsa Qəmbər haqqında müsbət bir şey yazmasa da, apardığı müsahibələrdə daima Müsavat başqanına qərəzli suallar verərək, canlı efirə qərəzkar adamlar qoşaraq, onu ictimaiyyətin qınaq hədəfinə çevirməyə çalışsa da, özü real və müəyyən qədər də əsassız olaraq ictimai qınağa, təqibə məruz qalanda Müsavat rəhbərliyi neytral qalmadı, onu müdafiə etdi.

Çox zaman bu cür hərəkətləri məşhur ifadə ilə desək, “biz insanları yox, prinsipləri müdafiə edirik” kimi (minnət qoymamaq üçün), ya da “onlar bizi müdafiə etmirdilər, sadəcə, haqlının yanında olurdular” (minnət qəbul etməmək üçün) kimi tövsif etsələr də, həqiqət dəyişmir, adamlar kəmfürsətlik etməmişdilər, vəssalam.

İndi isə ortada bir kəmfürsətlik aktı var. Məqsəd ələ düşmüş fürsətdən yararlanıb siyasi rəqibi əzmək, sıradan çıxarmaq, onun fəallar kütləsini, elektoratını sorub özününkü etməkdir. Toruna şikar düşmüş hörümçək də belə edir, heç vaxt öz “qismət”ni qaçırmır.

Müsavatın indiki rəhbərliyini müdafiə etmək fikrim yoxdur, bir çoxları tənqidə indi başlayıbsa, mən bunu 5 il öncə üç məqalə yazaraq etmişəm. İki il yarım öncə də aramızdan Mustafa Hacıbəylinin “modretorluğu” ilə ayrıca bir konflikt keçib. Ancaq bu, o demək deyil ki, vaxtilə yaxın yoldaşlığımız olan adamların ciddi-cəhdlə küncəqısnama kampaniyasına kənar müşahidəçi kimi baxmalıyıq.

Əli Kərimlinin siyasi xəttinə dair tənqidi yazılar yazdığımız vaxt, ona xarici pasportun verilməməsini haqsızlıq saydığımız və bunu yazdığımız dönəmlər də olub.

Əsas məsələ budur: Azərbaycan siyasi arenasında bir çox qırmızı xətlər olmalıdır və o qırmızı xətlər heç vaxt keçilməməlidir; siyasi rəqabət olduğu yerdə qalmalıdır və şəxsi düşmənçiliyə çevrilməməlidir; düşmən sayılanlar belə yolverilməz şəkildə təhqir edilməməli, ünvanlarına ağır söyüşlər işlədilməməlidir, yıxılana balta vurulmamalıdır və s. Ya bu cür olacaq, ya da bu ölkədə heç vaxt düz-əməlli siyasi mühit, normal fəaliyyət meydanı olmayacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR