İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı İşgüzar Forumlar keçirilib - FOTOLAR

637 31.07.2015 20:22 Ölkə A A
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 və 31 iyul tarixlərində Lənkəran və Cəlilabadda torpaq münasibətlərinin tənzimlənməsində vahid idarəçilik və torpaq bazarının təşkilinə dair növbəti regional İşgüzar Forumlar keçirilib. Tədbir yerli icra hakimiyyətləri və bələdiyyələrin iştirakı ilə keçirilib. Forum Lənkəran şəhəri, Lerik və Astara rayonlarını, habelə Cəlilabad, Biləsuvar, Masallı və Yardımlı rayonları əhatə edib. 

Forumda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, tədbirin əhatə etdiyi rayonların icra hakimiyyətlərinin rəhbərliyi, bələdiyyə sədrləri və üzvləri, ictimai təşkilatlar və mətbuat nümayəndələri iştirak ediblər.  

Qeyd olunmalıdır ki, belə forumların keçirilməsinə iyulun əvvəlindən başlanılıb.  İndiyədək Şirvan, Ucar, Şamaxı, Sumqayıt, Mingəçevir, Gəncə və Qazaxda belə forumlar artıq keçirilib. 

İşgüzar Forumların keçirilməsinin əsas məqsədi torpaqların vahid mərkəzdən dövlət idarəçiliyinin prinsip və mexanizmlərini, habelə dövlət torpaqlarının daha səmərəli mühafizəsi və istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində görülən işlərin açıqlanmasıdır. Bununla yanaşı forumlarda torpaqlardan kateqoriyası və təyinatına zidd istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərin tədbir iştirakçılarına çatdırılmasıdır. Eyni zamanda belə tədbirlər vasitəsi ilə  komitənin yeni əsasnaməsi ilə yaradılmış və artıq fəaliyyət göstərən torpaq müfəttişləri və torpaq bazarının təşkilində komitənin fəaliyyəti barədə aidiyyəti dövlət orqanları, bələdiyyələri və barədə ictimaiyyətin məlumatlandırması həyata keçirilir. 

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əsasnaməsi təsdiq edilməsi ilə bağlı imzalanan Fərmana əsasən torpaq idarəçiliyi ilə əlaqədar bir sıra yeni vəzifə və funksiyalar müəyyən edilib. Belə ki, artıq komitə tərəfindən torpaqların istifadəsi, mühafizəsi və qorunmasına dövlət nəzarətinin təmin edilməsi və torpaq bazarının təşkili istiqamətində tədbirlərə start verilib. Mülkiyyət hüquqlarının tənzimlənməsində vahid mərkəzdən idarəçilik qeydiyyat üçün tələb olunan sənədləşdirmə prosesində rahatlığın, operativliyinin və şəffaflığın kifayət qədər artması deməkdir. 

Komitənin yeni funksiyalarının icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası vacibdir. Belə forumların keçirilməsi isə koordinasiya işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır. Torpaqların mühafizəsi, təyinatı üzrə istifadəsi, qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər keçirilir. Respublikada torpaqlardan təyinatı üzrə istifadəsi, əsassız istifadə hallarının müəyyən edilməsi və qarşısının alınması, habelə onların mühafizəsinə nəzarətlə bağlı artıq torpaq müfəttişləri monitorinq və reydlər keçirirlər. Belə tədbirlər Bakı şəhəri və respublikanın digər regionlarında mütəmadi qaydada aparılır və aşkar edilmiş qanun pozuntularına qarşı qanunvericiliyə uyğun olaraq tədbirləri həyata keçirirlər. Pozuntularla əlaqədar torpaq və inzibati xətalar barədə qanunvericiliyə əsasən inzibati cərimələr və sanksiyalar tətbiq edilir.

Eyni zamanda mülkiyyət münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir. Artıq bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Bu sistem  ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq.

Forum torpaqların dövlət idarəetməsi və torpaq bazarının təşkili ilə bağlı çıxış və təqdimatlarla davam edib. Vahid mərkəzdən torpaq münasibətlərinin tənzimlənməsi və idarəçiliyində innovativ üsulların tətbiqi, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində müasir yanaşmalar və yeni mexanizmlərin tətbiqi barədə ətraflı məlumat verilib. Torpaqların kateqoriyasından asılı olaraq onların istifadəsi, təyinatının dəyişdirilməsi qaydaları izah olunub. Dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyası, təyinatına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə görülən tədbirlərdən bəhs olunub. Torpaqların təyinatına zidd istifadəsi nəticəsində torpağın münbitliyinə və yararlılığına olan mənfi təsirlər və gələcəkdə yaradacağı ziyanlar barədə məlumat verilib. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. 

İşgüzar Forumda torpaqların mühafizə zonaları ilə qanunvericiliyə riayət olunması məsələlərinə də toxunulub. Dəmir yolu, avtomobil yolları, elektrik xətləri, qaz təchizatı, ixrac neft boru və su mühafizə zonalarının sərhədləri, sahil mühafizə zolaqları barədə məlumat verilib. Bu mühafizə zonaları ilə bağlı tələblərə əsasən torpaqların istifadəsi məsələləri izah olunub. Diqqətə çatıdırlıb ki, mühafizə zolaqlarında qanunla müəyyən edilmiş məsafələr nəzərə alınmamaqla tikintilərin aparılması qanuna ziddir.

Forumda torpaqların kateqoriyaları, səmərəli istifadəsi və mühafizəsi məqsədilə komitənin hüquqları barədə məlumat verilib. Bildirilib ki, komitə müvafiq qurumların verilmiş qanunazidd qərarlarının icrasını dayandırmaq və ləğv etmək barədə məhkəmə iddiasi qaldırmaq hüququ vardır. Həmçinin, təyinatına zidd istifadə hallarında torpağın istifadəçidən geri alınması barədə tədbirlər görülür. İnzibati xəta törətmiş şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.

Forumda komitənin torpaq bazarının təşkili sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, torpaq bazarı torpaq sahələrinin alqı-satqısı, girov qoyulması, bağışlanması, habelə mülkiyyət, istifadə və icarə hüquqlarının dəyişməsi ilə bağlı yaranan hüquqi və iqtisadi münasibətləri tənzimləyir. 

İşgüzar forumda torpaq münasibətlərinin tənzimlənməsində mövcud çətinliklər də müzakirə olunub. Bildirilib ki, bəzi hallarda ərazinin planlaşdırılması və tikintisi layihələrinin tələbləri, habelə yeraltı və yerüstü  kommunikasiya xətlərinin mühafizə zonaları müvafiq qurumlar tərəfindən nəzərə alınmır. 

Forumun yekununda komitə ilə digər əlaqəli qurumların birgə fəaliyyəti istiqamətində həyata keçiriləcək zəruri tədbirlər barədə məlumat verilib. Qeyd olunub ki, komitə ilə bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaqların dövlət idarəetməsi, səmərəli istifadə və nəzarət, torpaq bazarının təşkili sahəsinə öz töhfəsini verəcək. Effektiv idarəetmə metodlarının və müasir yanaşmaların kompleks tətbiqinə müsbət təsir göstərəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR