İnsanlara hürriyət, millətlərə istiqlal!

Torpağı işğal olunan uşaqlar: bağçalar doludur, həyətlərdə isə… - REPORTAJ, FOTOLAR

1088 19.09.2019 17:21 Reportaj A A

Bakıda inşa edilən əksər yeni binaların həyətlərində uşaqların oynaması üçün yerlər nəzərə alınmır. Bu hal isə bina sakinlərində narazılıq yaradır. 

Musavat.com-a şikayət edən sakinlər söylədilər ki, xüsusilə də pilot layihələr çərçivəsində inşa edilən yeni çoxmərtəbəli binaların həyətlərində hərəkət etməyə belə yer qalmır. Kiçik həyətdə bina sakinlər bilmirlər ki, maşın saxlasınlar, yoxsa uşaqlarının oynaması üçün yer düzəltsinlər.

Məsələ ilə bağlı biz də bir neçə binanın həyətində olub, mövcud vəziyyəti müşahidə etdik. Şahidi olduq ki, köhnə binaların həyətlərində uşaqların oynaması üçün müəyyən qədər şərait var. Ancaq yeni tikilən binalarda sakinlərin dediyi kimi boş yer görmək və tapmaq mümkün deyil. Əksər çoxmərtəbəli binalar elə köhnə binaların həyətində inşa edilir. Tikinti təhlükəsizliyi səbəbindən inşa edilən binanın ətrafı dəmir hasara alınır. Bu isə köhnə binalarda yaşayan uşaqların da istirahətinə maneə olur. Uşaqlar əksər hallarda elə bu dəmir qoruyucuların yaxınlığında oynayırlar ki, bu da başqa bir təhlükə və problemdir. 

Bakı sakini Səbinə Ağayeva bildirdi ki, uşaqlarını hər həftə sonu məcbur qalıb, mərkəzə aparırlar: “Bu da bizə əlavə xərc deməkdir. Hələ ailəmizdə maşın var və biz istədiyimiz zaman şəhərin mərkəzinə gedə bilirik. Maşını olmayan ailələr isə çətinlik çəkirlər. Elə ailə var ki, yay fəslində uşağını heç 3-4 dəfə şəhərə apara bilmir. Uşaqlar ancaq evin içərisində oynayırlar. Bu da onlarda telefon, televizorda asılılıq yaradır. Biz yeni binada yaşayırıq. Uşaqları həyətə çıxaranda, hələ sökülməyən, ancaq yaxınlarda sökülməsi planlaşdırılan köhnə binaların həyətinə gedirik. Demək olar ki, yaxınlıqdakı yeni binalarda yaşayan anaların hamısı uşaqlarını köhnə binaların həyətinə gətirirlər. Bu ərazidəki binalar sökülüb, yerində çoxmərtəbəli bina tikilərsə, gedəcək yerimiz yoxdur. Yaxşı olar ki, heç olmasa bir binanın yerində park salınsın. Binalar elə tikilir ki, birinin eyvanından digər binadakı mənzilə girmək olar. Bu, doğru deyil”.

Onu da deyək ki, valideynlər Bakıda bağça problemindən də şikayətlənirlər. Əksəriyyət bildirir ki, Bakıda dövlət bağçalarında yer yoxdur. Özəllər isə çox bahadır. Ona görə də insanlar dayə tutmağa üstünlük verirlər ki, nəticədə uşaqlar yenə də evə həbs olunmuş qalır...

Məlumatlara görə, hazırda ölkədə 1672 məktəbəqədər təhsil müəssisəsi və uşaq bağçası var. 1672 uşaq bağçasında ümumi plan yeri 125 mindir. Bu da bağça yaşlı uşaqların yalnız 25 faizini əhatə edir. 

Tikinti üzrə ekspert Əzim Məsimov Musavat.com-a bildirib ki, Bakıda yenilikləri nəzərə almadan, ayrı-ayrı yerləri tikinti şirkətlərinə verdilər ki, köhnə binaları söküb, yerində yenilərini tikin: “Köhnənin yerində yeni bina tikilən zaman nəzərə almaq lazımdır ki, oradakı yollar da genişlənməlidir. Çünki əvvəlki binalarda məsələn, 10 adam yaşayırdısa, onun yerində inşa edilən çoxmərtəbəli binada 100 adam yaşayır. Pulu düşünüb, bu cür layihələri icra edən zaman yolları, uşaqların oynaması üçün yerləri nəzərə almadılar. Normaya görə hər bir insana 14 kvadratmetr yer lazımdır ki, o, normal şəkildə yaşaya bilsin. İndi isə biz görürük ki, uşaqlarımız tamamilə başqa cür böyüyürlər. Torpaq yoxdur ki, uşaqlar oynaya bilsin. Hər bir uşaq öz evində oynayır, ona görə də bir-birilərinə düşmən kimi baxırlar. Bunun sosial əhəmiyyəti də var. Ancaq bunları düşünən olmadı. Ona görə də yeni sosial problemlər əmələ gəldi”.

Musavat.com-a danışan psixoloq Fərqanə Mehmanqızı hesab edir ki, hazırda uşaqlar həyətdən çox, müasir texnologiyaya, sosial şəbəkələrə meyllidir: “Hətta həyətə düşəndə də özləri ilə telefon götürüb, sosial şəbəkələrə girirlər. Uşaqların həyətə çıxmaları üçün düşünürəm ki, səbəbləri yoxdur. Çünki telefon, kompüterlər bir-biriləri ilə oyunlar oynayırlar. Sosial şəbəkələrə bağlı olduqları üçün çölə çıxmırlar. Bu cür uşaqlarda isə asosiallıq, özünə qapanma halları olur. Yaxud da bu cür uşaqların hətta nitqlərində qüsur yaranır, özgüvən olmur. Uşaqlar çölə çıxıb, cəmiyyətdə hansısa fiqur olduqları zaman onlarda özgüvən də yaranır. Gələcəkdə bu, onların fikirlərini ifadə edə bilmələrinə də kömək edir. Belə olmadıqda təbii ki, uşaqlar böyüdükdən sonra onlarda dediyimiz problemlər daha qabarıq hiss olunur. Bu gün uşaqlarda sosial şəbəkə asılığı var və bu da onları cəmiyyətdən kənarlaşdırır. Bugünkü problemlərin 20 il sonra ciddi nəticələrini görəcəyik”.

Əli Rais,
Musavat.com,
Fotolar müəllifindir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR