İnsanlara hürriyət, millətlərə istiqlal!

"Tolstoy bilməlidir ki, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdür"- Deputat

380 21.07.2023 16:28 Siyasət A A

“Rusiya Dövlət Dumasının sədrinin müavini Pyotr Tolstoyun açıqlaması Azərbaycan və Rusiya prezidentlərin imzaladığı Müttəfiqlik Bəyannaməsinin ruhuna ziddir və ölkələrimiz arasındakı münasibətlərə kölgə salır. Pyotr Tolstoy bilməlidir ki, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdür, bütün ölkələrlə bərabər hüquqlu və qarşılıqlı hörmət əsasında münasibətlər qurub”.

Bunu Musavat.com-a açıqlamasında millət vəkili Azər Badamov bildirib. Rusiya Dövlət Dumasının sədrinin müavini Pyotr Tolstoyun “Rusiya olmadan Azərbaycan mövcud ola bilməz” fikrini şərh edən A.Badamov qeyd edib ki, Azərbaycan 32 ildir ki, özünün müstəqilliyini yaşayır və nə Rusiyadan, nə də digər ölkələrdən asılılığı yoxdur: “Azərbaycan bu gün dünyanın böyüklüyünə görə ikinci təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. O cümlədən BMT TŞ-a qeyri-daimi üzvü seçilərək sədrlik edib. Pyotr Tolstoy Azərbaycanı Ermənistan və Ukrayna ilə eyniləşdirməklə böyük səhvə yol verib. Azərbaycan nə iqtisadi, nə də siyasi baxımından heç kimdən asılı deyil. Son illər Rusiya ilə münasibətlərimiz yüksələn xətlə davam edir və ölkələrimiz qarşılıqlı fayda əsasında bu münasibətlərin davam etməsinə dəyər verir.  Azərbaycanın beynəlxalq hərəkətləri müstəqildir və heç kimin diktəsi ilə nizamlanmır. Azərbaycan bütün qonşu dövlətlərə hörmətlə yanaşır və bu hörməti qonşulardan da tələb edir. O cümlədən Rusiyanın siyasətçiləri də ölkələrimiz arası münasibətləri dəyərləndirməli və təxribatçı açıqlamaların verilməsinə yol verməməlidir”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy Azərbaycan-Rusiya əlaqələrinə kölgə salan açıqlama verib. Tolstoy deyib ki, Rusiya aparıcı dünya dövləti mövqeyinə malikdir, əvvəllər onun tərkibində olan ölkələr ondan asılı idi və bundan sonra da belə olacaq. Onun fikrincə, Azərbaycan, Ermənistan və Ukrayna hansısa məqamda qərara gəldilər ki, onların başqa geosiyasi vektora nəzər yetirmək imkanı var. Lakin iqtisadi, siyasi, coğrafi və tarixi baxımdan bu ölkələr üçün Rusiyadan başqa istiqamət yoxdur: “Rusiya bu ərazilərdə sakitləşdirmə və nizam-intizam yaratmaq siyasəti aparır”, – deyə Tolstoy bildirib.

O deyib ki, Rusiya olmadan nə Ermənistan, nə Azərbaycan, nə də Ukrayna mövcud olacaq.

“Burada vacib olan budur. Qalan hər şey bu anlayışa əsaslanaraq nəticə verəcək”, – deyə rusiyalı deputat fikrini yekunlaşdırıb.

 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR