Yaponiyanın paytaxtında koronavirusun yayılması ilə əlaqədar yenidən fövqəladə vəziyyət rejimi elan edilə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə naziri Tamura Norihişa Tokioda keçirilən növbəti mətbuat konfransı zamanı bəyan edib.
Nazir bildirib ki, son günlər Tokio küçələrində axşam saatlarında gəzintiyə çıxan insanların sayı xeyli artıb. Bu artım iyunun 20-də başa çatan sonuncu fövqəladə vəziyyət rejiminin qüvvədə olduğu axırıncı günlərdə də müşahidə edilib.
Nazir qeyd edib ki, paytaxtda axşam saatlarında küçələrə çıxan insanların sayının artacağı ehtimalı çox böyükdür və bu, eyni zamanda, yoluxma sayının artmasına da təsir göstərə bilər.
Ölkədə davam edən vaksinasiyanın hələ də əhalinin böyük əksəriyyətini əhatə etmədiyini bildirən nazir yoluxmanın qarşısını almaq üçün daha ciddi tədbirlərin tətbiqinə ehtiyac yarana biləcəyini deyib.






