Aprelin 2-də Tokioda Yaponiya ilə Rusiya arasında strateji dialoqun 15-ci raundu başlayıb.
AZƏRTAC xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin “İikura” qəbullar evində keçirilən görüşdə Rusiya nümayəndə heyətinə XİN-in müavini Vladimir Titov, Yaponiya nümayəndə heyətinə isə onun yapon həmkarı Akiba Takeo rəhbərlik edir. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlərə dair geniş fikir mübadiləsi aparılacağı gözlənilir.
Yaponiya XİN-dən verilən məlumata görə, strateji dialoqun növbəti raundu zamanı qarşılıqlı maraq doğuran təxirəsalınmaz beynəlxalq problemlər və ikitərəfli məsələlər ətrafında geniş müzakirələr aparılacaq.
Xatırladaq ki, Yaponiya-Rusiya strateji dialoquna 2007-ci ilin yanvarında start verilib. Həmin görüşlər zamanı beynəlxalq, regional və ikitərəfli mövzuda məsələlər müzakirə edilir.






