“Avropada Ermənistanın rolu da elə Paşinyan boydadır”
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov “Yeni Müsavat”a “Şərq Tərəfdaşlığı” Proqramının 10 illiyinə həsr olunmuş Brüssel toplantısı barədə geniş müsahibə verib. İlginc yanaşmaların əksini tapdığı müsahibəni təqdim edirik:
- Tofiq bəy, Avropa Birliyinin Brüssel bəyannaməsində üzv ölkələrin ərazi bütövlüyü məsələsinin əksini tapmaması gələcəkdə presedentə çevrilə bilərmi?
- Yox. Mən məsələyə ayrı mövqedən yanaşıram. İlk növbədə burada Azərbaycanın veto qoyması səbəbini araşdırsaq, biz görəcəyik ki, orada iştirak edən ölkələrin əksəriyyəti, demək olar Ermənistandan başqa, hamısı bu bəndin orda olmasının tərəfdar idilər. Ələlxüsus Azərbaycan, Ukrayna və Gürcüstan. Amma Brüsselin diplomatları və bürokratları Ermənistandakı vəziyyəti çox yaxşı bilirlər. Başa düşürlər ki, əgər bu bəndlə Paşinyan İrəvana qayıtsaydı, onun rəqibləri, müxalifət nümayəndələri, xüsusilə də Köçəryan və Qarabağ qruplaşması onu tənqid atəşinə tutacaqdılar. Bununla da Paşinyanın qərbyönümlü siyasəti - hansı ki, erməni baş nazir bunu nümayiş etdirmək istəyir – ciddi tənqid olunacaqdı. Brüssel diplomatları bu təhlükəni Ermənistan üçün, xüsusilə də Paşinyan üçün nəzərə alaraq, belə qərara gəliblər ki, bu məsələni bir daha qeyd etməsinlər. Onlar Gürcüstan və Ukrayna üçün belə bir təklif veriblər ki, bundan qabaq qol çəkilən sənədlərə istinad eləsinlər. Gürcüstan və Ukrayna artıq asossiasiya sazişinə qol çəkiblər. Amma Azərbaycan hələ bu danışıqlardadır. Yəni istinad olunası sənəd ortada yoxdur. Ona görə də istəyiblər ki, bu bəndi yekun komunikedən çıxartsınlar. Azərbaycan da haqlı olaraq belə bir mövqe ortaya qoyub. Ümumiyyətlə, Paşinyana bu və ya digər şəkildə hansısa dəstəyin verilməsi Azərbaycanın xeyrinə deyildi. Bu mənada Azərbaycan haqlı olaraq belə bir mövqedən çıxış edib.
- Bəzi müşahidəçilərin və elə erməni mediasının baş verənləri “Ermənistanın uğuru” kimi qiymətləndirməsinə münasibətiniz necədir?
- Əslində Ermənistanın rəhbərliyi təklikdə qalıb, Azərbaycan yox. Çünki ərazi bütövlüyünün dəstəklənməsi Avropa İttifaqı tərəfindən bir neçə dəfə qeyd olunub. Mən əminəm ki, gələcəkdə ikitərəfli imzalanacaq sənəddə, asossiasiya sazişində bu, əksini tapacaq. Sadəcə olaraq bu tədbirin çərçivəsi belə idi ki, çoxtərəfli bir bəyanat olmalı idi və Ermənistan bunu qəbul edə bilməzdi. O halda Paşinyan öz siyasətinə uyğun olaraq təbii ki, pis vəziyyətə düşəcəkdi. Vəziyyət belədir və məsələ düzgün şərh olunmalıdır. Yoxsa müxtəlif yerlərdə az qala yazırlar ki, bu ermənilərin qələbəsidir. Heç də ermənilərin qələbəsi-zadı deyil.
- Yəni imzalanması gözlənilən sazişdə ərazi bütövlüyünün əks olunmaması mümkünsüzdür, eləmi?
- Təbii ki. Azərbaycanın Avropa İttifaqı ölkələrinin üzvləri ilə ikitərəfli əlaqələrdə imzaladığı sənədlərdə ərazi bütövlüyü bəndi mövcuddur. Çoxtərəfli sənədlərdə də bir neçə dəfə bu dəstəyi alıb, Avropa Parlamenti və digər qurumları sadalamaq olar. Yenə də deyirəm, gələcəkdə qol çəkilməsi nəzərdə tutulan sazişdə də bu, öz əksini tapacaq. Bu baxımdan vəziyyət belədir. Azərbaycan haqlı olaraq qeyd edib ki, o, öz prinsiplərinin üzərində durub, duracaq, hər bir əlaqəni ərazi bütövlüyü prinsipinin əsasında quracaq.
- Tofiq bəy, hələ ötən ay Avropa Birliyi ilə Azərbaycan arasında imzalanacaq sənədin 90 faizinin hazır olduğu rəsmən bəyan olunmuşdu. Elə isə imzalanma mərasiminin və danışıqların uzanmasına səbəb nədir?
- Əsas səbəb ondan ibarətdir ki, Azərbaycan digər ölkələrdən fərqli olaraq, Ümumdünya Ticarət Təşkilatının üzvü deyil və öz bazarını qoruyur. Bu baxımdan o mövqedədir ki, maksimal dərəcədə bazarını qorusun. Çünki bizim ixrac etdiyimiz əsas mallar neft və qazdır. Təbii ki, bu da həmişə satılacaq və bunun üçün imkanlar var. Amma digər ölkələrin ixrac etdiyi malların satışı ÜTT tərəfindən nizamlanmalıdır. Bu baxımdan onlar artıq öz bazarlarını Avropa İttifaqı ölkələri üçün açıblar. Bu da Azərbaycan üçün çox vacib bənddir. Nəyə görə? Bizim iqtisadiyyatımızın mühüm sahələrindən biri kənd təsərrüfatı məhsullarıdır. Burada isə biz təbii ki, rəqabətə yol verməməliyik. Əgər Avropadan ucuz gəlsə, məsələn, Polşadan kartof gəlsə, onda bizim daxili istehsalımız inkişaf etməyəcək. Çünki onlar artıq rəqabətə hazırdır. Biz də istəyirik istehsalımız güclənsin, o dərəcəyə gəlib çatsın ki, rəqabətə davamlı olsun. Bu, hər bir ölkənin marağında olan məsələdir. Yoxsa biz ərəb ölkələrinin vəziyyətinə düşməyək ki, nefti satıb hər şeyi xaricdən alaq. Avropa İttifaqı ölkələri əlbəttə, maraqlıdırlar ki, Azərbaycan bazarına gəlsinlər. Çünki bizim maliyyə imkanlarımız genişdir.
- Deməli, əsas müzakirə olunan məsələ ticari məsələlərdir və ərazi bütövlüyü müddəası müzakirə mövzusu deyil...
- Mən elə bilirəm ki, bu, əsas məsələdir. Çünki Avropadakılar başa düşürlər ki, Azərbaycan zəngin bir ölkədir. Onlar çox istərdilər ki, mineral sudan tutmuş digər məsələlərə qədər hər şeyi satsınlar. Ancaq təbii ki, bizim istehsalçılarımız bu rəqabətə hazır deyil. Bir az güclənsinlər, sonrasına baxarıq.
- Bu mənada Avropa Birliyi ilə sazişim imzalanması uzana bilərmi?
“Avropa İttifaqı ölkələri əlbəttə, maraqlıdırlar ki, Azərbaycan bazarına gəlsinlər” |
- Mən deyə bilmərəm. Amma hər halda bizim bu məsələdə mövqelərimiz tam şəkildə müdafiə olunmalıdır. Mən inanmıram ki, məsələn, təhlükəsizlik məsələsində hansısa problemlər ortaya çıxa bilər, yaxud humanitar məsələlərdə hansısa problemlər var. Bəziləri deyirlər insan hüquqları ilə bağlı problemlər var. Hansısa maraqlar olanda təbii ki, bu mövzudan təzyiq kimi istifadə olunur. Mən demirəm ki, burada problemlər var. Amma o problemləri Avropa İttifaqı gəlib bizim yerimizə həll edəsi deyil. Hər halda baxarıq.
- Sazişin uzanmasında Rusiya amili hansısa rol oynaya bilərmi?
- Rusiya məsələsi o qədər də önəmli deyil. Çünki biz Rusiya ilə birgə hansısa iqtisadi əməkdaş təşkilatında deyilik, Ermənistan kimi. Ermənistanın problemi var idi, çünki Gömrük İttifaqı ilə Avropa İttifaqının ticarəti üst-üstə düşmür. Mən Rusiya faktorunu ayrı bir məsələdə gördüm. Ermənistana Brüsseldə “dəstək” verilməsi Rusiyaya rəqabətin əlaməti kimi görsənirdi. Çünki Avropanın Paşinyanı öz tərəfinə çəkməsi və ermənilərə maliyyə köməyini qabarıq şəkildə göstərməsi üçün bu məsələ ortaya çıxdı.
- Sizcə, daha Rusiya Azərbaycanı Gömrük İttifaqında görmək istəmirmi?
- Mən yenə Ermənistanı, ya da Ukraynanı misal gətirmək istəyirəm. Azərbaycan artıq öz yolunu keçib. Birmənalı mövqeyi ondan ibarətdir ki, biz Gömrük İttifaqının üzvü olmaq istəmirik. Digər tərəfdən, Avropa İttifaqı ilə əlaqələri genişləndirmək üçün başqa bir böyük layihəni həyata keçiririk: təbii qazın ixracı layihəsini. Bu da Rusiyanın maraqlarına daha ox təsir edən bir amildir. Yəni Avropanın enerji təhlükəsizliyinin diversifikasiyası Azərbaycan tərəfindən təmin olunur. Əgər Ermənistana Avropa Birliyi ilə əməkdaşlığa icazə veriblərsə, mən inanmıram ki, Azərbaycanın bu addımına qarşı hansısa ciddi fikrilər ola bilər. Azərbaycan artıq bu yolun böyük bir hissəsini keçib.
- Tofiq bəy, Brüsseldə foto mərasimində Paşinyanın arxa sırada yer alması və görünməməsi də müzakirələrə, gülüş obyektinə səbəb oldu...
- Paşinyan siyasi təcrübədən uzaq biridir. Digər tərəfdən, Avropada Ermənistanın rolu da elə Paşinyan boydadır. Bu da hər yerdə özünü büruzə verir. Avropa bürokratları Paşinyana kömək ediblər. Amma həm Azərbaycana, həm də Gürcüstan və Ukraynaya qarşı addım atılıb. Təbii, o ölkələr də istəyərdilər ki, ərazi bütövlüyü dəstəklənsin. Bu mənada hesab edirəm ki, Avropa İttifaqının böyük bir səhvidir ki, lazımi dərəcədə təkidli olmayıblar. Bir məsələyə şübhə etmirəm ki, Ermənistanın şərq və qərb arasında əsməsi tez və ya gec bu ölkə üçün hansısa problemlərə gətirib çıxaracaq.
Elşad PAŞASOY,
“Yeni Müsavat”






