Tofiq Yaqublu və İlqar Məmmədovun həbsi kəskin etirazla qarşılanır - RƏYLƏR
Martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsində “İsmayıllı işi” üzrə təqsirləndirilən 18 nəfərə hökm oxundu. 18 nəfərdən 7-si şərti azadlığaburaxıldı. Qalan 11 nəfər isə azadlıqdan məhrum olundular.
Həbs olunanlardan Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqubluya 5 il, REAL Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədova 7 il iş verildi.
Məhkəmənin bu qərarına müxalifət funksionerlərinin münasibətini öyrəndik. T.Yaqublunun 5 il müddətinə azadlıqdan məhrum edilməsinə Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı kəskin etiraz etdi.
O, bildirdi ki, bu cür siyasi həbsləri həyata keçirmək Azərbaycan hakimiyyətinin siyasətinin davamıdır: ”Bu məhkəmənin siyasi xarakterli bir iş olduğu hamıya məlum idi. Təxminən gözlənilən sonluqla yekunlaşdı. Heç bir günahı olmayan insanlara, o cümlədən də Tofiq Yaqublu və İlqar Məmmədova uzun müddətli həbs cəzası veriləcəyi gözlənilirdi. Azərbaycan hakimiyyəti bu həbslərlə bir daha ölkədə demokratik cəmiyyətin yaranmasına qarşı olduğunu, ölkəni avtoritar idarəetmə üsulları ilə bundan sonra da idarə etmək niyyətində olduğunu təsdiq etdi. Azərbaycan cəmiyyətində baş verən qanunsuzluqlara, korrupsiyaya, anti-demokratik üsul-idarəyə, bütövlükdə avtoritarizmə qarşı mübarizə aparan insanların zaman-zaman həbsləri Əliyevlər hakimiyyəti dövründə daim davam edir. Şəki Ağır Cinayətlər Məhkəməsinin dünənki qərarı da Azərbaycan hakimiyyətinin siyasətinin davamıdır”.
Tofiq Yaqublunun məhkum edilməsinə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da kəskin etirazını bildirdi. Onun sözlərinə görə, bu həbs hakimiyyət tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir: “AXCP-nin yaydığı bəyanatda həm Tofiq bəyə, həm İlqar bəyə, həm də digər İsmayıllı məhbuslarına göstərilən münasibət pislənir, məhkəmənin qərarı siyasi sifariş kimi qiymətləndirilir. Bu demokratik qüvvələrə qarşı aparılan siyasi repressiyanın nəticəsidir. Nə Tofiq Yaqublunun, nə də İlqar Məmmədovun, eləcə də digər İsmayıllı məhbusları heç bir cinayət əməli törətməyiblər. Onlar qondarma ittihamlarla həbsə atılıblar. Əslində, məqsəd Azərbaycan cəmiyyətində xof yaratmaq, demokratik fəallığı boğmaqdır. Bütün bunlar bütövlükdə Azərbaycan xalqına qarşı törədilmiş, dövlət səviyyəsində reallaşdırılmış cinayətdir. Çünki heç bir əsası olmadan insanların mühakimə olunması, azadlıqdan məhrum edilməsi artıq özü bir cinayət hadisəsidir. Bu şəxslərin azadlığı uğrunda mübarizə aparmaq demokratik düşərgənin əsas prioritet məsələlərindən biri olmalıdır. İnanırıq ki, onlar məhkəmənin verdiyi ədalətsiz hökmə uyğun olaraq, təyin olunmuş müddəti axıra qədər çəkməyəcəklər. Yəqin ki, bir müddətdən sonra onların azadlığına nail olmaq mümkün olacaq”.
REAL Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının İlqar Məmmədovun 7 il müddətinə həbs cəzasına məruz qalmasına münasibəti belə oldu: “Sözün açığı belə bir qərarın veriləcəyini əvvəldən bilirdik. Çünki daha əvvəl də demişdik ki, məhkəmə hansısa bir sifariş almadan ədalətli şəkildə bir məhkəmə iclası keçirib, ədalətli qərar çıxara bilməz. Belə qərar gözlənilən idi. Bizim bununla bağlı müəyyən planlarımız da var idi. İndi bu yeni durumla əlaqədar İdarə Heyətində bir daha müzakirə aparıb, bundan əvvəl planlaşdırdığımız tədbirlərin həyata keçirilməsi ilə bağlı konkret qərarlar qəbul edəcəyik. Aydın məsələdir ki, bu həbslə bağlı qərb ölkələri, onların missiyaları, səfirlikləri ilə müəyyən məsləhətləşmələrə, müzakirələrə davam edəcəyik. Bundan əlavə kütləvi aksiyaların keçirilməsi də gündəmdədir”.
“Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Tofiq Yaqublu və İlqar Məmmədova çıxarılan qərarı kəskin pislədi və siyasi sifarişli hökm çıxarıldığını dedi: “İsmayıllı məhbuslarına qarşı çıxarılmış qərar, düzgün qərar deyildi və məhkəmə siyasi sifarişi yerinə yetirdi. Bunu dəfələrlə parlamentdə demişəm. “Ümid” Partiyası olaraq, mövqeyimizi bildirmişik. Bu gün də bununla əlaqədar bəyanatımızı yaydıq. Tofiq Yaqublunun, İlqar Məmmədovun, həm də digər İsmayıllı məhbuslarının həbsi əslində, hüquqi nəticə deyil. Əgər hüquqdan söhbət gedirsə, ilk növbədə hər hansı bir hadisəni doğuran şərait qiymətləndirilməli idi. Bu hadisələr niyə baş verdi? Buna qiymət vermək lazım idi. İnsanları bu hadisəyə sövq edənləri araşdırmaq lazım idi. Təşkilatçılara qalanda isə, orada ümumiyyətlə, təşkilatçı yox idi. İlqar Məmmədov və Tofiq Yaqublunun həbsi isə tamamilə hakimiyyətin “xalq narazı deyil, siyasi qüvvələr bunu təşkil edir” kimi cəmiyyətə bir mesaj verməsindən başqa heç bir şey deyil”.
İsmayıllı məhbuslarına hökm oxunması ilə əlaqədar hüquq müdafiəçilərinin də münasibətini öyrəndik. Hüquq müdafiəçiləri məhkəmə hökmünə qəti etiraz etdilər və hakimin siyasi sifarişi yerinə yetirdiyini dedilər.
Hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva məhkəmə qərarını sifarişli və qərəzli hesab edir: “Bu məhkəmə qərarı bir daha sübut edir ki, bu hakimiyyət qanuna yox, öz istəklərinə əsaslanır. İstəsəydilər, qanunlara, maddələrə baxmayaraq, İsmayıllı məhbuslarının hamısını elə məhkəmə zalındaca buraxardılar. Bu ölkədə şəxsi istək, şəxsi qərəzlik hökm sürür. Əlbəttə, bu ittihamla, bu cəzayla heç razılaşmırıq. Mən yenə də tam əminəm ki, Tofiq Yaqublunun da, İlqar Məmmədovun da heç bir günahı yoxdur. Digər İsmayıllı məhbusları haqda heç nə deyə bilmirəm, çünki mən onları tanımıram. Ancaq mən fikirləşmirəm ki, onların hamısının günahı çox dəqiq bilinir. Yəni məhkəmənin qərarını həm qərəzli, həm də sifarişli hesab edirəm”.
“Bu mərhələdən sonra hansı addımlar atacaqsınız” sualına isə hüquq müdafiəçisi Tofiq Yaqublu və İlqar Məmmədovun azadlığı uğrunda bu günə qədər atdıqları addımları davam etdirəcəklərini bildirdi: “Bundan əvvəl hansı addımları atmışıqsa, elə də davam edəcəyik. İndi beynəlxalq institutlarla əlaqə saxlayacağıq. Məncə Azərbaycan Rusiya deyil ki, bütün müraciətləri qulaq ardına vursun. Bu dəqiqə Azərbaycanın elə vaxtı deyil ki, belə qərarlara fikir verməsinlər. Azərbaycanın indiki siyasi vəziyyəti elə deyil ki, bu mümkün olsun”.
A.Abdullayeva artıq İsmayıllı məhbuslarına hökm oxunduğu üçün onların əfv siyahısına düşə biləcəyini də dedi: “Məhkəmə qərarından sonra artıq əfv etmək mümkündür. Fərz etmək olar ki, “İsmayıllı işi” ilə əlaqədar həbs olunanlara hökm oxunandan sonra onlar əfv də oluna bilərlər. Məsələn, amnistiya olanda siyahıya maddələri əlavə edirlər, ancaq əfvdə elə deyil. Yəni prezidentin özünün səlahiyyəti var və o, kimi istəsə əfv edə bilər. Qanun da buna icazə verir”.
“Ola bilərmi ki, Tofiq Yaqublu və İlqar Məmmədovdan savayı, həbsdə olan 9 nəfər İsmayıllı məhbusları əfv olunsun” sualına isə Arzu xanım belə cavab verdi: “Əlbəttə, ola bilər. Ancaq mən əminəm ki, bütün İsmayıllı məhbusları əfv olunacaqlar”.
Digər hüquq müdafiəçisi Səidə Qocamanlı da bu məsələyə münasibət bildirdi: “Məhkəmənin qərarı məni çox məyus etdi. Mən yenə də axıra kimi güman edirdim ki, hökm çıxaran hakimin heç olmasa vicdanı varsa, o vicdanı işə düşəcək. Çox təəssüflər olsun ki, onun vicdanı işləmədi. Mən təəssüf edirəm ki, neçə-neçə taleləri onun həmin hökmü sındırdı. Biz bir ildir ki, Tofiq bəyin də, İlqar bəyin də müdafiəsini aparırıq. Biz müdafiəni biz davam etdərəcəyik ki, onlar tez bir zamanda azad olunsunlar. Davam edəcəyik ki, heç olmasa, vicdanı yatanların vicdanı oyansın. İşimizi görəcəyik. Mən bilirəm ki, vəkillər də apelyasiya şikayəti verəcəklər, ondan da o tərəfə gedəcəklər. Biz də öz növbəmizdə həm ölkə daxilində, həm də ölkə xaricində beynəlxalq təşkilatlarla işləyəcəyik. Amma çox məyusedici haldır ki, bizim hakimlərimiz hələ də belə qanunsuz hökmlər çıxarırlar. Bayram ərəfəsində neçə-neçə ailəyə qan-qaraçılıq, göz yaşı gətirmək təəssüfedici haldır”.
Nərgiz Yaqublu






