İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Yaqublu və İlqar Məmmədov arasında narazılığı kimlər yaratmaq istəyir?

1032 15.01.2015 18:10 Gündəm A A

Nemət Kərimli: “Mənə qarşı olan ittihamların heç bir əsası yoxdur”

Nigar Yaqublu: “Bunlar hakimiyyətin əməlləridir”

Vəfa Məmmədova: “Onların arasında hər hansı narazılıqdan söhbət gedə bilməz”

Hakimiyyətin İsmayıllı hadisələrinə görə həbs edilən Müsavat başqanının müavini Tofiq Yaqublu və REAL Hərəkatının sədri İlqar Məmmədov arasında narazılıq yaratmağa cəhd etməsi ilə bağlı mətbuatda xəbərlər dolaşır. 

Yanvarın 13-də Ali Məhkəmənin kassasiya şikayətinə baxılmasını məhz bu səbəbdən qeyri-müəyyən vaxta təxirə salındığı bildirilir. 

Qeyd edək ki, Ali Məhkəmə Tofiq Yaqublunun şikayətinin gec daxil olması və hakimlərin şikayətlə tanış olmağa imkan tapmaması üzündən prosesi təxirə salmışdı. 

Vəkil Fuad Ağayev yanvarın 14-də İlqar Məmmədovla görüşüb. REAL-ın sədri hakimiyyətin öz nəzarəti altındakı KİV-lər vasitəsilə iki müttəhim arasında gərginlik yaratmaq cəhdlərinin “çox ziyanlı və nəticəsiz fəaliyyət” olduğunu ictimaiyyətə çatdırmağı xahiş edib.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli şikayətin gec verilməsi xəbərinin yalan olduğunu söylədi: “İlk növbədə qeyd edim ki, kassasiya şikayəti vermək üçün təqsirləndirilən şəxsin 18 ay vaxtı var. Azərbaycan praktikasında belədir ki, bir neçə nəfərdən ibarət şikayət verildikdə ayrı-ayrılıqda birləşir. Məhkəmə təcrübəsində Ali Məhkəmədə bir neçə şikayətin bir icraatda birləşməsi olmur.  Doğrudur, mən şikayəti İlqar Məmmədov və onun vəkilindən bir qədər gec vermişəm. Şikayəti verdikdən sonra gözləmirdim ki, birləşdirəcəklər. Həmin gün bildim ki, Tofiq Yaqublunun məhkəməsi təyin olunub. Bildiriş vərəqəsi almamışdım. Mənə Fuad Ağayev və Nigar Yaqublu məhkəmə barədə məlumat veriblər. Məlumatı alandan sonra prosesə getmişəm. Onu da qeyd edim ki, Tofiq bəyin şikayətini 29 gündən sonra da verə bilərdim. Yəni zamanımız var idi. Mənə qarşı olan ittihamların heç bir əsası yoxdur. Məhkəmə işlə tanış olmadığına görə prosesi təxirə saldı. Nə onların özləri, nə də vəkilləri arasında heç bir narazılıq yoxdur”.
 
Tofiq Yaqublunun qızı Nigar Yaqublu musavat.com-a açıqlamasında yayılan xəbərləri təkzib edib: “Atamla İlqar Məmmədov arasında heç bir gərginlik və problem yoxdur. Sadəcə olaraq, Şəkidən vəkil Nemət Kərimliyə məhkəmə qərarı gec gəlmişdi. Ona görə də, şikayət gecikmişdi. Amma bu, onların arasında heç bir narazılıq yaratmadı. Bütün bunlar hakimiyyətin əməlləridir. Guya qərar vaxtında daxil olsaydı, məhkəmə ədalətli qərar çıxaracaqdı? Sadəcə bəhanələrdir. Bütün dünyanın bu hadisədən xəbərdar olduğu bir vaxtda Ali Məhkəmə hakiminin məlumatsız olması gülməlidir”.

İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova da yayılan xəbərlərin doğru olmadığını qeyd etdi: “Doğrudur, məhkəmənin təxirə salınmasına o səbəbi bəhanə gətirdilər. Amma əvvəl-axır şikayətə baxıb, qərar verməyə borcludurlar. Vaxtı nə qədər uzatsalar da, mənası yoxdur. Biz şikayətin gec verilməsini məhkəmə günü bildik. Bir problem yoxdur. İlqar Məmmədov və Tofiq Yaqublu arasında heç bir narazılıqdan söhbət gedə bilməz”.

Qeyd edək ki, Tofiq Yaqublu və İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş verən məlum hadisələrə görə həbs olunublar. REAL-ın sədri 7, Müsavat başqanının müavini isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Cavanşir ABBASLI  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR