Tofiq Yaqublu müxalifətdaxili ziddiyyətlərlə bağlı mesajlar verdi + dustaq fotosu
Dekabrın 7-də Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublunun qızı Nigar Yaqublu 13 saylı cəzaçəkmə müəssisəsində atası ilə görüşüb. Başqan müavini qızı vasitəsilə müxalifətdaxili narazılıqlarla bağlı cəmiyyətə önəmli mesajlar verib.
Görüş barədə musavat.com-a Nigar Yaqublu bunları deyib: “Normal görüşümüz oldu. Ailəlikcə görüşmək imkanımız oldu. Atam özünü yaxşı hiss edirdi. Neçə günlük narahatçılığımız nəhayət ki, sona çatdı. Dostlara salam söylədi”.
Başqan müavininin qızı atasının müxalifət daxilində baş qaldıran narazılıqlardan narahat olduğunu da qeyd etdi: “Atam müxalifətin və aparıcı qəzetlərin bir-birinə qarşı olan mübarizələrindən çox narahat olduğunu və çox üzüldüyünü dedi. O, dedi ki, bir dəfə İctimai Palatada bu cür oxşar hadisələr barədə belə deyib: “ Bu mübarizə bir Tanrısı, Peyğəmbəri və müqəddəs kitabı olan müsəlmanların müxtəlif məzhəblərə bölünüb, bir-birini qırmasına bənzəyir. Buna necə hiddətlə baxıramsa, hədəfləri Rəsulzadə-Elçibəy yolu olan demokratik müxaliflərin bir-birini qırmasına da belə hiddətlə baxıram. İndi həbsxanada da eyni hissləri keçirirəm”.
Cavanşir ABBASLI






