İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Yaqublu Əli İnsanovun olduğu həbsxanada saxlanır

648 08.10.2014 08:05 Ölkə A A


***
Müsavat rəsmisinin qızı Nigar Yaqublu “Yeni Müsavat”a bildirdi ki, atası 12 gün karantin müddətini keçəcək. Onun sözlərinə görə, T.Yaqubluya sovqat aparılıb: “Sovqatı da çox çətinliklə qəbul etdilər, götürmürdülər. Vəkili ilə hələ görüşə bilməyib”. 

Onu da deyək ki, 13 saylı cəzaçəkmə müəssisəsində bir sıra siyasi məhbuslar saxlanıblar. Onların arasında sabiq səhiyyə naziri Əli İnsanov da var. “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu da burada saxlanıb. 

Baş yazarın dediyinə görə, 13 saylı CM siyahı üzrə ölkədə üç ən pis şəraiti olan yerlərdən biridir. Ancaq 10 gündən çoxdur ki, REAL hərəkatının lideri İlqar Məmmədovun harda saxlanması barədə məlumat verilmir. Sentyabrın 24-də Şəki Apelyasiya Məhkəməsi onun barəsində hökmü qüvvədə saxlayıb. 

Ertəsi gün İ.Məmmədov Şəki təcridxanasına aparılıb. “Biz İlqara görə çox narahatıq. Onunla bağlı bizə, hətta vəkillərə də məlumat verilmir. Bu, həm ailəyə, həm də İlqarın özünə mənəvi əzab verir”, - İ.Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova “Turan”a bildirib.V.Məmmədova İlqarın Şüvəlan təcridxanasında olduğunu güman edərək ötən həftə oraya gedib, lakin bağlama qəbul etməyiblər.

***
İ.Məmmədovun həyat yoldaşı isə oktyabrın 6-da həyat yoldaşının aqibəti haqqında narahatlığını ifadə edərək müraciət yayıb. İ.Məmmədovun bloqunda dərc olunmuş müraciətdə deyilir: “Qondarma ittihamlarla, siyasi baxışlarına görə qanunsuz olaraq məhkum olunmuş İlqar Məmmədov barəsində 10 gündən artıqdır ki, Cəzaların İcrası Məcəlləsinin tələblərinə zidd olaraq harada saxlanılması barədə ailəsinə heç bir məlumat verilmir. 

10 gün əvvəl bizə İlqar Məmmədovun Şəki İstintaq Təcridxanasından 3 saylı İstintaq Təcridxanasına köçürülməsi barədə məlumat verilmiş, bundan sonra isə hər hansı məlumat qəti olaraq verilməsindən imtina edilir. Həmçinin onunla görüşə, sovqat qəbuluna imkan verilmir. 

Şəkidə olarkən sonuncu telefon danışığı zamanı ona əfv ərizəsi yazılması üçün ciddi təzyiqlərin olmasını bildirdiyindən və bu qədər müddətdə ondan məlumatsız olmağımız ona işgəncə verilməsi ehtimallarını artırır. 

İnsan Hüquqları Üzrə Ombudsman, Qırmızı Xaç Komitəsindən təcili olaraq İlqar Məmmədovla görüşməni, həmçinin onun yeri barədə ailəsinə məlumat verilməsinin təmin edilməsində köməklik göstərilməsini xahiş edirik".

Nəhayət, günün ikinci yarısında, məlum olub ki, İlqar Məmmədov Bakının Binə qəsəbəsindəki 2 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə REAL Hərəkatından Azər Qasımlı oktyabrın 7-də facebook səhifəsində yazıb:

“İlqar Məmmədovun həyat yoldaşına bir az əvvəl zəng edilib. Onun 2 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyü bildirilib və əlavə edilib ki, İlqar bəy bir neçə gün karantində qalacaq. Yalnız bundan sonra onunla görüşüb sovqat vermək mümkün olacaqmış. Bundan artıq heç bir məlumat verilməyib. Buna baxmayaraq narahatlığımız hələ də davam edir”.
A.Qasımlının sözlərinə görə, İlqar Məmmədovun vəkilləri ilə görüşə icazə verilmədiyindən bu məlumatın nə qədər həqiqətə uyğun olduğu bilinmir. Qeyd edək ki, “Amnesty International” İ.Məmmədovu və T.Yaqublunu “vicdan məhbusu” kimi tanıyıb.

Emil SALAMOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR