Tofiq Yaqublu Baş Prokurorluğa çağırılıb - qurum bir azdan ətraflı məlumat verəcək (yenilənib)
Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Baş Prokurorluğa dəvət edilib. Bu barədə məlumatı Musavat.com-a onun özü verib.
Tofiq Yaqublu əməkdaşımıza bildirib ki, 2013-cü ildə onu həbs edən müstəntiq Nadir Mirzəyev səhər saatlarında zəng vurub və baş prokurorun müavini Rüstəm Usubovun görüş istəyini çatdırıb. Tofiq Yaqublu isə Neftçala rayonunda şəhid hərbçimizi Sadiq İmanovun yas mərasimində olduğunu deyib və Bakıya günortadan sonra dönəcəyini deyib. Beləliklə, görüşün saat 17.00-da keçirilməsi razılaşdırılıb.
Tofiq Yaqublu əməkdaşımıza bildirib ki, Baş Prokurorluğa vəkilsiz gedəcək. Çünki vəkilə ehtiyac duymur.
Bununla belə, Müsavat başqanının müavini Baş Prokurorluğa hansı işlə əlaqədar dəvət edildiyini bilmədiyini deyib.
Baş prokurorluun mətbuat xidmətindən isə bildiirlib ki, yaxın dəqiqələrdə Tofiq Yaqublu ilə bağlı açıqlama yayılacaq. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov musavat.com-a deyib ki, Baş Prokurorluq saat 17.00-dan sonra açıqlama yayaraq T.Yaqublunun quruma çağırılmasının səbəblərini ictimaiyyətə açıqlayacaq: “Onun quruma dəvət olunması ilə bağlı press-relizimiz olacaq. O, baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul olunacaq. İctimaiyyətə məlumat verəcəyik. Motivi hələ açıqlamırıq”.
Qeyd edək ki, T.Yaqublunu Baş Prokurorluğa dəvət edən müstəntiq Nadir Mirzəyev bu barədə danışmaq istəməyib və qurumun mətbuat xidməti ilə danışmağı məsləhət görüb.
Musavat.com






