İnsanlara hürriyət, millətlərə istiqlal!

Tofiq Abbasov: “Ermənistanın nümayiş etdirdiyi oyunbazlıqdan yalnız dağıdıcılıq qoxusu gəlir”

1547 20.04.2019 10:40 Siyasət A A

“İrəli" əmri hər an verilə bilər" - politoloqdan savaş anonsu

Azərbaycan Hərbi Hava Qüvvələrinin Kürdəmirdə yerləşən hərbi bazası Ermənistanı qorxuya salıb. Rusiyada erməniyönümlü “Eadaily” saytı hərbi bazanın ictimaiyyətə açıq fotolarını dərc edib.

Sayt yazır ki, bu hərbi baza Dağlıq Qarabağda cəbhə xəttindən 100 kilometr məsafədə yerləşir. “Bazadan qalxan döyüş təyyarələri 10 dəqiqə ərzində cəbhə xəttinə çata, əməliyyat keçirib geri qayıda bilər. Ermənistanın təyyarələrinin yerləşdiyi "Erebuni" hərbi bazası isə cəbhə xəttindən 200 kilometr məsafədədir və Azərbaycanla müqayisədə Ermənistanın döyüş təyyarələri ən azı iki dəfə azdır. Digər tərəfdən, genişmiqyaslı müharibə zamanı Ermənistan təyyarələri cəbhə xəttində Azərbaycan təyyarələrindən ən azı iki dəfə gec çata bilərlər. Bu, taktiki baxımdan Azərbaycanın hərbi üstünlüyüdür", - deyə sayt yazıb. (oxu.az)

Son vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin plana uyğun olaraq genişmiqyaslı hərbi təlimlər keçirməsi bunu deməyə əsas verir ki, Bakı işğal altındakı ərazilərin sülh yolu ilə azad olunması perspektivinə inanmır. Əslində Azərbaycanın belə bir qənaətə gəlməsi üçün kifayət qədər əsaslar var. Ermənistan rəhbərliyi hətta danışıqların getdiyi şəraitdə də destruktiv mövqe sərgiləməkdən imtina etmir. Elə bu ilin ilk aylarında liderlər və XİN başçıları səviyyəsində baş tutan danışıqların ardınca Ermənistan rəhbərliyinin hətta yeni ərazilər işğal etməklə bağıl təhdidlər etməsi düşmən ölkənin islah olunmadığını deməyə imkan yaradır. Doğrudur, Paris görüşündə xalqların sülhə hazırlanması, Moskva görüşündə isə media mənsublarının qarşılıqlı səfərləri barədə anlaşma əldə olunub. Lakin Azərbaycanın ictimai rəyi qarşı tərəfi yaxşı tanıdığı üçün bu cür anlaşmaların perspektivinə inanmır. Bəli, Azərbaycan xalqı sülhməramlı xalqdır və barışa hazırdır. Lakin torpaqların işğalda olması şəraitində barışı nə dövlət, nə də xalq qəbul etməyəcək, aprel döyüşləri vaxtı biz bunu bir daha gördük. O zaman uğurlu döyüş əməliyyatları zamanı itkilər versək də, hamı bir nəfər kimi savaşın davamını istəyirdi və Qarabağın azadlığı uğrunda əməliyyatlarda iştiraka hazır idi. Azərbaycanda keçirilən rəy sorğuları da onu deyir ki, hər kəs torpaqların azad olunması uğrunda silaha sarılmaq üçün sadəcə Ali Baş Komandanın əmrini gözləyir. Ordumuzun modern silahlarla təchiz olunması, keçirilən hərbi təlimlər savaşın an məsələsi olduğuna şübhə yeri qoymur. Üstəlik, Ali Baş Komandan Qarabağ müharibəsinin bitmədiyini deyib. Həmçinin müdafiə naziri erməni həmkarına xəbərdarlıq edərək onunla İrəvanda görüşə biləcəyini deyib. Bütün bunlar savaşın qaçılmazlığı anlamına gəlməyə əsas verir.

Politoloq Tofiq Abbasov da “Yeni Müsavat”a dedi ki, indiki durumda danışıqların səmərəsindən bəhs etməyə dəymir: “Ermənistanın nümayiş etdirdiyi oyunbazlıqdan yalnız dağıdıcılıq qoxusu gəlir və bu gedişat heç bir dönüş vəd etmir. Odur ki "İrəli" əmri hər an səslənə bilər... İndiki vəziyyətdə İrəvan artıq Moskvanın diplomatik fəallığını ayaq altına atır. Demək olar ki, Lavrovun səyləri artıq iflasa uğradı. Çünki Paşinyan iddia edir ki, guya o hələ vəziyyətlə tam tanış olmadığından qərar verə bilməyəcək... Bu başdan da Mayk Pompeo danışıqları Amerikada keçirməklə bağlı təklif səsləndirdi. Bu da o anlama gəlir ki, ermənilərin ürəyincə olan turizm diplomatiyası uzanacaq. Çünki Vaşinqton artıq Qarabağ problemi zəminində Moskva ilə öz haqq-hesabını çürütməyə qərar verir. Bunlar hamısı tək Azərbaycanın maraqların ziddir. Buna heç bir şübhə ola bilməz". Bəs, Azərbaycan hərbi əməliyyatlara qərar versə, böyük güclər bizə mane olmaq üçün hərəkətə keçə bilərlərmi? T.Abbasov qeyd etdi ki, ermənilər gücdən başqa digər dilləri anlamırlar: “İmkanı icazə ilə almırlar, onu fakta çevirib gerçəkləşdirirlər”.

Ermənistan və Qarabağ arasında hərbi siyasi razılaşma imzalanmalıdır. Bu razılaşma xarici siyasət və müdafiə sferasında edilənlərə hüquqi əsas verəcək. Bunu isə erməni mediasına açıqlamasında Daşnaksütyun Partiyasının siyasi məsələlər üzrə nümayəndəsi Kiro Manoyan deyib. “Ermənistan Qarabağın təhlükəsizliyinin qarantı olduğunu deyir, amma bunu hansı əsasla etdiyini deyə bilmir. Digər tərəfdən biz deyə bilmərik ki, indiyə qədər heç bir razılaşma imzalanmayıb. İndiyə qədər dövlətlərarası, hökumətlərarası razılaşmalar var və bu da tanınmağa ehtiyac duyur”, - deyə o bildirib. (Axar.az) Onun sözlərinə görə, Qarabağın tanınmasını ATƏT-in Minsk Qrupunun həmsədrləri qəbul etməyə bilər, amma bu, Azərbaycan üçün sarı kart olacaq.

“Rəsmi Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində təşəbbüsü Moskvanın əlindən almaq istəyir”.

Sergey Markov ile ilgili görsel sonucu

Bu barədə “Report”a rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov ABŞ dövlət katibinin Dağlıq Qarabağ məsələsi üzrə xarici işlər nazirləri səviyyəsində danışıqların növbəti mərhələsinin Vaşinqtonda keçirilməsinə dair təklifini şərh edərkən bildirib. “Vaxtilə Rusiya Suriyaya qoşun yeritdi və İŞİD ilə müharibəyə başladı. ABŞ da dərhal oraya qoşun göndərdi və koalisiyanın başında İŞİD-ə qarşı real mübarizə aparmağa başladı. Bir növ İŞİD-ə qarşı döyüşənlərin yarışması formalaşdı”, - S.Markov deyib. Onun fikrincə, rəsmi Vaşinqton Dağlıq Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın vasitəçiliyinin real nəticə verəcəyini görən kimi Moskvanı qısqanıb. “Bəlkə indi Qarabağ məsələsinin həlli üzrə sülhməramlıların rəqabəti başlayar”, - rusiyalı ekspert bildirib.

Nizamlama perspektivləri barədə danışan politoloq münaqişənin həllinə ümid etdiyini vurğulayıb: “Düşünürəm ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda artıq bu il ciddi irəliləyişə nail olunmasına dair yaxşı şanslar var”.

Cavid TURAN,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR