Qazi adından istifadə problemi böyüyür – çıxış yolu
Bu gün sosial şəbəkədə xüsusi təyinatlı döyüşçülərimizdən birinin müraciətini izlədim. Onun üzünü gizlətmiş halda yaydığı müraciəti xüsusi təyinatlıların formasında şəhərdə gəzən qazilərə və digər şəxslərə idi.
Hazırda da hərbi xidmətini davam etdirən xüsusi təyinatlı döyüşçü haqlı olaraq deyir: “Həmin formanı xüsusi təyinatlı qüvvələrin şəhid olan hərbi qulluqçuları da geyinib. Onlar heç vaxt sizin kimi üzü tüklü, idman ayaqqabısında, nizam-intizamsız küçələrdə gəzmirdi. Əlinizi vicdanınıza qoyun...”.
Bəli, vicdanlı olmaq başqadır. Dəyərlərə hörmət etmək başqadır. Haqqın olanı almaq da başqadır.
Əslində forma məsələsi, xüsusi ilə də XTQ formasını geyinmək, şəhərdə gəzmək, rəsmi qurumlara üz tutmaq, həmin formadan təzyiq vasitəsi kimi istifadə etmək uzun zamandır müzakirə olunan problemdir. Nəinki öz problemi, öz şəxsi istəyi, hətta başqalarının işinin “həlli” üçün əynində forma ilə “söhbətə” gedənlər peyda olub. Bu şəxslər arasında qazi olanlar da var, fürsətdən istifadə edən dələduzlar da. Pul qarşılığında öz adına obyekt düzəldən, qanunsuz ev tikdirən, bu işlərə “krişalıq” edənlər də mövcuddur. Bəli, çoxlarımız belə halların şahidi olmuşuq. Amma ictimai qınağa görə bu məsələləri dilə gətirə, yaza bilmirik. Düşünürük ki, bunu desək, qazi adına, Vətən Müharibəsi döyüşçüləri adına xələl gətirərik. Amma belə davam etməyəcək. Çünki bu kimi hadisələr günü-gündən artır və qazi adına xələl gəlir...
Belə düşünürəm ki, bu kimi problemlər bir tərəfdən də “Tik-tok”dan qaynaqlanır. Yüzlərlə qazi var ki, günün böyük hissəsini “Tik-tok”da keçirir, canlı yayınlarda mənasız müzakirələr açırlar. Bəzən kortəbii şəkildə onları dəstəkləyən insanlar ortaya çıxır, dediklərini, yazdıqlarını araşdırmadan onlara haqq qazandırırlar. Bu da qazi adından istifadə edənləri daha da həvəsə gətirir.![]()
Onların bu “fəaliyyətini” mən də izləyirəm. Bir neçə gün əvvəl qazilərdən biri “Tik-tok”da yazıb: “3-4 gündür özümü öldürürəm ki, 10 min şərh yazın. Budur hörmətiniz?”. Cavablar arasında “şərh sizə qurbandır” yazanlar da, qazini qınayanlar da var idi.
Təsəvvür edirsiniz ki, qalib ordunun qazisi sosial şəbəkədə nə tələb edir? Özü də əynində xüsusi təyinatlıların forması, ayağında da makasin. İstəyi yerinə yetirilməyəndə də ağlamalı smaylik qoyur...
Hazırda hərbi xidmətini davam etdirən hərbi qulluqçuların “Tik-tok” şoularını da görməmiş deyilsiniz. Bir hərbi qulluqçu şəklini paylaşaraq yazır: “Mən soyuqda “naryad”da, siz isə isti evinizdə...”.
“Tik-tok”dan like yığan bu şəxslər sonra əyinlərində forma şəhərə axışırlar. İsimlik yerində isə yazılır ki, QAZİ.

Əslində qazi forması deyə bir hərbi geyim yoxdur. Qanunvericilik də hazırda hərbi xidmətdə olmayan şəxslərin hərbi geyimdə gəzməsini qadağan edir. Hətta bunun üçün cərimə də nəzərdə tutulub.
Qazi maşını deyə bir nəqliyyat növü yoxdur. Amma şəhərə baxın, nə qədər nömrəsiz, arxasında “qazinin maşını” yazılan nəqliyyat vasitələri görəcəksiniz. Nərimanov rayonu ərazisində “Mercedes” markalı bir maşın görmüşdüm. Arxa şüşəsində eyni ilə belə yazılırdı: “Qardaşlarım şəhid, özüm isə qazi...”. Qazinin bu sözləri yazmasına bir söz yox, amma maşının ön və arxa nömrələri niyə olmamalıdır? Bunun adı sui-istifadə deyil? Bunu başqa cür necə izah edə bilərsiniz? Açığını deyək, guya, yol polisi sürücünü saxlasa və sürücü həqiqətən də qazi kimi özünü təqdim etsə, ona güzəşt edilməyəcək? Cavabı siz verin...
![]()
Həqiqət budur ki, bəzi qazilərin, qazi adından istifadə edənlərin bu cür fürsətcil davranması, şou xətrinə formada gəzməsi bütün qazilərimiz tərəfindən birmənalı qarşılanmır. Elə “şoumen qazilərin” əsl qazilər tərəfindən ifşa olunduğuna da bir neçə dəfə şahidlik etmişik. Yəqin ki, xatırlayırsınız, atəşfəşanlıq olan zaman bir qazi əlində əsa ilə kameralar qarşısında yerə əyilmişdi. Guya həmin şəxs səs-küydən təsirlənir və döyüşdə aldığı xəsarətlərə görə də halı pisləşir. Sonra nə oldu? Məlum oldu ki, həmin şəxs Vətən Müharibəsi iştirakçısıdır, amma əsa ilə gəzməsi də yalan imiş. Onu elə öz döyüş yoldaşları ifşa etdi. Bu, bir çoxlarına dərs oldu...![]()
Bu cür halların aradan qalxması hələ uzun zaman alacaq. Son günlər paytaxt küçələrində hərbi patrullar gözə dəyir. Bir müddət yox idilər. Keçirilən reydlər zamanı hərbi formada olan şəxslərin nizamsızlığı diqqət çəkir. Üst geyim fərqli, üz tüklü, başda papaq yox, bir neçə hərbi formanı üst-üstə geyinənlər də var. Bu cür hallar həm inzibati yollarla, həm də ictimai qınaqla aradan qaldırılmalıdır.
Gerçəklik budur ki, bir çox hallarda əynində forma ilə rəsmi qurumun qapısını döyən, haqsız da olsa tələb irəli sürən, ərazi zəbt edən şəxslərə məmuru, həkimi, polisi qanunun tələbi ilə “yox” cavabını verməyə çəkinir. Onlar da ictimai qınaqdan ehtiyat edirlər. Məsələnin sosial mediaya hansı formada ötürüləcəyini, “bir qazini yola sala bilmilər” kimi iradlardan qorxurlar. Elə əynində forma olan şəxslərin də sığınacağı budur...
İctimai qınağı biz yaratmalıyıq. Yaratmalıyıq ki, formada gəzərək hər fürsəti özlərinin xeyrinə çevirmək istəyənlər gerçək problemləri olan qazilərin haqqına girməsin. Bu kimi özbaşınalıqlar vüsət almasın.
Bu ona görə vacibdir ki, qazi adına xələl gəlməsin, bu ad uca tutulsun!
İlkin Muradov,
Musavat.com






