İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdəki jurnalistlərə qarşı vəhşilik Bakıda olsaydı... - hüquq müdafiəçisindən reaksiya

930 13.07.2021 10:00 Gündəm A A

Gürcüstanda bir gündə 53 jurnalist repressiyaya məruz qalıb, döyülüblər, həbs ediliblər; Çingiz Qənizadə: “Bu ölkədə mediaya qarşı qanun pozuntusuna göz yummağa hazırdırlar, təki Gürcüstanı Avropa İttifaqının çənginə alsınlar”

Gürcüstan gərgin günlər yaşayır. “Yeni Müsavat” xəbər verir ki, bir gündə 53 jurnalist repressiyaya məruz qalıb. Jurnalistlər kültəvi şəkildə döyülüblər, həbs ediliblər, özü də görünməmiş vəhşiliklə...

Həmin jurnalistlərdən biri - yerli telekanalın operatoru ölüb. Lakin beynəlxalq qurumların buna münasibəti adekvat olmadı.

Hazırda beynəlxalq söz azadlığı reytinqində Azərbaycan ən pis ölkələr sırasında, Ekvatorial Qvineyanın, Yəmənin, Eritreyanın cərgəsində, 168-ci yerdədir. Gürcüstan isə Yaponiya, Polşa, Xorvatiya kimi ölkələrlə  yanaşı, 60-cı yeri tutur. Aramızda yüz pillə fərq var!

Lakin media azadlığına görə ön sıralarda olan Gürcüstanda 53 jurnalisti şil-küt, qanına qəltan ediblər. Təbii ki, Azərbaycanda söz azadlığı, hökuməti tənqid işlərində problemlər az deyil. Ancaq insaf naminə deməliyik ki, bizdə nə vaxtsa bir gündə 53 jurnalisti paytaxtın ortasında sürütləyib, çırpıb, qanına qəltan etməyiblər. 

Qeyd edək ki, son günlər Tiflisdə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirir. Birinci və ikinci gün aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb. Nazirlik baş verən zorakılıq halları ilə bağlı istintaqı davam etdirir. Jurnalistlərə qarşı zorakılıq aktları törətməkdə təqsirli bilinən daha 4 nəfər saxlanılıb.

Baş nazir İrakli Qaribaşvili iyulun 5-də LGBT cəmiyyətinə dəstək məqsədilə keçirilməli olan aksiya barədə demişdi: “Bu gün Tbilisinin mərkəzində ”Ləyaqət marşı"nın keçirilməsi məqsədəuyğun deyil. Bu aksiya vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Bura Gürcüstandır, bizim öz adətlərimiz, qaydalarımız var".

Bəs Bakıda bir gündə 53 media nümayəndəsinə qarşı bu zorakılıq halları qeydə alınsaydı, beynəlxalq aləmin və təşkilatların reaksiyası necə olardı? Bugünlərdə “Sərhədsiz Reportyorlar” təşkilatı Azərbaycanı qeyri-azad media olan ölkələrlə bir siyahıda təqdim etmişdi. Həmin siyahıda Afrika dövlətlərinin adlarını görmək olardı. Şübhəsiz ki, Azərbaycan mediasının “n” qədər problemləri var və bunu gizlətmirik. Lakin Bakıda nəinki 53, 3 jurnalist döyülsəydi, indi “Amnesty İnternational”, “Human Rights Watch”, “Sərhədsiz Reportyorlar” təşkilatları bəyanatlar vermişdi, ABŞ Dövlət Departamenti bir yandan, Avropa Şurası o yandan, Avropa Parlamenti bir tərəfdən Azərbaycanla bağlı bəyanatlar yaymış, qətnamələr çıxarmışdı. Gürcüstanda isə günün günortaçağı jurnalistləri döyürlər, al qana bulayırlar, biri ölür, demokratik dünya “tükünü tərpətmir”.

Çingiz Qənizadə hakim partiyanın rəhbər orqanlarında təmsil olunacaq?!

 Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə sualımızı cavablandırarkən “Yeni Müsavat”a bildirdi ki, Qərb həmişə Cənubi Qafqazda Gürcüstanı demokratiyada öndə gedən görür. Onun fikrincə, həqiqətən qonşu ölkədə müəyyən islahatlar həyata keçirilib və bunu inkar edə bilmərik. Ç.Qənizadə hesab edir ki, media azadlığı ilə də bağlı Gürcüstan xeyli qabaqdadır: “Amma konkret həmin hadisədə 60-a yaxın jurnalistin tutulmasına, xəsarət alanlardan birinin dünyasını dəyişməsinə beynəlxalq media təşkilatları tərəfindən laqeydlik oldu. Bizim bu ölkə ilə yaxşı qonşuluq münasibətlərimiz var, istəmərik ki, bu cür hallar yaşansın. Amma dünyada jurnalist həmrəyliyi anlayışı mövcuddur və  hansısa ölkədə media nümayəndəsinə qarşı bir təzyiq olanda həmin jurnalist təşkilatları dərhal bəyanat yayır, etiraz edirlər. Gürcüstandakı hadisədə isə bunu görmədik, həmin qurumlar susqun qaldılar”.

Ç.Qənizadənin sözlərinə görə, analoji hadisə Bakıda olsayısı bütün beynəlxalq təşkilatlar Azərbaycanın üstünə şığımışdılar: “Hətta iki qəhrəman jurnalistimizin Kəlbəcərdə minaya düşərək şəhid olmasına da səslərini çıxarmadılar, ermənilərin bu antiinsani cinayətini qınamadılar. Odur ki, görün Bakıda belə hadisə olsaydı, onlar hansı reaksiyanı verərdilər. Bütün bunlar ondan xəbər verir ki, Qərb demokratiya məsələsini siyasi alətə çevirib və ölkələrə qarşı ikili standartlarla istifadə edir. Gürcüstanı Qərbə və NATO-ya yaxınlaşmaqda görən beynəlxalq təşkilatlar bu ölkədə mediaya qarşı qanun pozuntusuna göz yummağa hazırdırlar, təki siyasi məqsədlərinə nail olsunlar, ölkəni Avropa İttifaqının çənginə alsınlar. Buna görə azad medianı əzməyə, 53 jurnalistə qarşı zorakılığa göz yummaq olar”.

Hüquq müdafiəçisi bildirdi ki, Azərbaycan mətbuatının problemləri tez-tez dilə gətirilir, lakin beynəlxalq təşkilatlar bizə münasibətdə hər zaman qərəzli mövqe sərgiləyirlər: “Bu da Qərb təşkilatlarının ikiüzlü münasibətindən irəli gəlir. Həmin təşkilatlar ermənilərin Gəncə, Bərdə şəhərlərinə atdığı bombalara, mülki əhalinin, uşaqların öldürülməsinə də susmuşdular. Amma elə ki, bizdə kiçik insident yaşanır, bütün təşkilatlar üstümüzə gəlir. Gürcüstanda jurnalistlərə qarşı bu zorakılıq pislənilməlidir, beynəlxalq təşkilatlar mövqelərini bildirməlidirlər”.

Yada salaq ki, Rustavelli prospektinə toplaşanların fikrincə, iyulun 5-də zorakılıq hakimiyyət tərəfindən təhrik edilib və hakimiyyət radikal homofob və ultra-sağ qruplara qətiyyən müqavimət göstərə bilməyib. Polisin səfərbər edilməsi üçün tədbirlər görülməyib, nəticədə yüzlərlə radikal şəhərin mərkəzində fəalları və jurnalistləri döyüb, 55 nəfər xəstəxanalıq olub. “Pirveli TV”nin operatoru Lesko Laşkarava bir neçə gündür müalicə aldığı klinikada vəfat edib.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR