İnsanlara hürriyət, millətlərə istiqlal!

Ticarət müharibəsi alovlandı: Çin ABŞ mallarına 34% tarif tətbiq etdi - Qlobal iqtisadiyyata ZƏRBƏ

377 05.04.2025 10:40 Dünya A A

"Çinin ABŞ-dan idxal edilən bütün mallara 34 faiz rüsum tətbiq etdiyini açıqlaması iki ölkə arasındakı ticarət müharibəsini yeni mərhələyə keçirib".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edir ki, Pekin Ağ Evin tariflərin artırılmasını cavabsız qoymayıb:

"Çinin yeni tarifləri ABŞ-ın bütün məhsullarının qiymətlərinə təsir edəcək. Trampı bu narahat etmir. Çünki, ABŞ-Çin ticarətində ikinci dövlət daha böyük gəlir əldə edirdi və Ağ Ev sahibi məhz bu gedişatın qarşısını almağa çalışır. Pekin Çinin ABŞ-dakı şirkətlərinə qarşı sərt qərarlar qəbul edib. Pekin, həmçinin nadir torpaq materialları ilə əlaqəli olan bəzi məhsullar üzrə ixraca nəzarət tədbirləri elan edib.

ABŞ və Çin dünyanın iki ən böyük iqtisadiyyatlarına malikdirlər. Buna görə də bu iki dövlət arasında ticarət müharibəsinin qlobal ticarətə mənfi təsiri olacaq. Ağ Ev sahibi Donald Tramp Çinin cavab tədbirlərini yanlış adlandırıb. Tramp Çinə geri addım atmaq şansı tanıyıb. Misal üçün Tramp ABŞ investorlarının Çinə məxsus TikTok sosial platformasında pay sahibi olmasına şərait yaradılmasını təklif edib.

“Bloomberg” agentliyinin məlumatına görə, Vaşinqton TikTok şəbəkəsi üçün alıcı axtarışındadır. Pekinin bu məsələ ilə bağlı hələ razılığı yoxdur".

Politoloqun fikrincə, ticarət müharibəsi həm ABŞ, həm də Çin iqtisadiyyatına mənfi təsir edəcək:

"Birincisi, ABŞ-da Çin məhsullarına tələbat azalacaq. Halbuki, ABŞ bazarı Çin üçün əhəmiyyətli idi. Bunun nəticəsində Çinin ümumi daxili məhsulunun 2 faizə qədər azalacağı ehtimal edilir. Çünki ötən illə müqayisədə Çinin ABŞ-a məhsul ixracı təxminən 80 faiz azalacaq. Bu Çində işsizliyin artmasına gətirib çıxara bilər. Bu səbəbdən Çin yeni bazarlar axtarmalı və daxili bazarı qorumaq barədə düşünməlidir. Ancaq bunun da çətinlikləri var. Çin məhsullarının yeni bazarlara istiqamətlənməsi zaman tələb edir. Digər problem ondadır ki, Ağ Ev Çinə qonşu olan ölkələrin məhsullarına da yüksək tariflər tətbiq edib. Bu səbəbdən həmin ölkələrin özləri də daxili bazarı qorumaq və başqa ölkələrin məhsullarına tarifləri artırmaq məcburiyyətində qalacaqlar. Bu isə dünya ticarətinin həcminə mənfi təsir edəcək və Çinin dünya bazarlarındakı mövqelərinin möhkəmlənməsinə əngəl olacaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR