İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib.
Agentlikdən Musavat.com-a verilən məlumata görə, Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9405 nəfər tibb işçisinə və 2369 nəfər qeyri-tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.5 milyon manat müddətli əlavə ödənilib.
Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:
- Tibbi profilaktik tədbirləri həyata keçirən 2093 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.7 milyon manat ödənilib.
Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli
Nümunə 1: Poliklinikada çalışan həkim terapevtin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 468 manat 46 qəpik müddətli əlavə almalıdır. 468.46 = ((406 / 26) x 10) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
- Təcili tibbi yardım xidməti göstərən 3765 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 344 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5.8 milyon manat ödənilib.
Nümunə 2: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
- Pasiyentlərə stasionar tibbi xidmət göstərən 3203 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 4.1 milyon manat ödənilib.
Nümunə 3: Xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 846 manat 15 qəpik müddətli əlavə almalıdır. 846.15 = ((440 / 26) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
Onu da qeyd edək ki, 2369 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilmişdir.
Nümunə 4: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan sürücü koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 369 manat 55 qəpik müddətli əlavə almalıdır. 369.55 = ((271 / 22) x 10) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə cari ilin noyabr və dekabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək.






