Xəbər verildiyi kimi, “The New York Times” qəzeti 2020-ci il Pulitser mükafatının “Beynəlxalq jurnalistika” üzrə nominasiyasının qalibi olub.
Mükafatı verən təşkilat komitəsinin rəsmi məlumatında qəzetin bu mötəbər mükafata “Vladimir Putinin yırtıcı rejimini ifşa edən və böyük risk altında yazılan məqalələr seriyasına görə aldığı” qeyd olunur. Söhbət 2019-cu ildə dərc olunan 8 material və videolardan gedir.
Bunların arasında Rovno şəhərində ukraynalı məmura edilən sui-qəsd, “Rusiyanın Avropada sabitliyi pozan strukturları”, “Bolqar biznesmen Yemerlyan Gebrevin zəhərlənməsi”, “Rusiyanın Mərkəzi Afrika respublikasında və Liviyada maraqları”, habelə “rus aviasiyası tərəfindən Suriyadakı mülki obyektlərin və xəstəxanaların bombalanması” ilə bağlı yazılar var.
Rusiyanın ABŞ-dakı səfirliyi isə “The New York Times” qəzetində çıxan məqalələri “rusofob düşüncə yığını” adlandırıb.
“Təşkilatçı komitə rəsmi şəxslər tərəfindən təkzib olunan anti-Rusiya materiallarını dərc edən bu qəzeti mükafatlandırmaqla üzərinə böyük məsuliyyət götürür”,-deyə səfirliyin Facebook-da yaydığı bəyanatda deyilir.
Diplomatik nümayəndəlik “The New York Times”ı Rusiyaya qarşı qərəzli şəkildə qaralama kampaniyası apararaq öz reputasiyasına zərər vurduğunu bildirib.
Musavat.com






