“Avropa Birliyinə daxil olan ölkələr pandemiya dövründə qeyri-qanuni üsullarla 40 min insanın qitəyə daxil olmasını əngəlləyib. Bunun nəticəsində isə 2 mindən çox adam həlak olub”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu məlumat Böyük Britaniyanın “The Guardian” qəzetində əks olunub.
Qəzet informasiyasını BMT-nin müvafiq qurumlarından və qeyri-hökumət təşkilatlarının hesabatlarından aldığını bildirib.
Yazıda AB-nin “Frontex” adlı ilə tanınan, Xarici sərhədlərə nəzarət üzrə agentliyin sistematik olaraq minlərlə qaçqını, o cümlədən uşaq və qadınları zorakılıq metodları yolu ilə, xüsusi qəddarlıqla Birlik hüdudlarından kənarlaşdırdığı vurğulanır.
2020-ci ilin yanvar ayından etibarən miqrantların sayında azalma müşahidə edilsə də İtaliya, Yunanıstan, Xorvatiya, Malta və İspaniya öz miqrasiya siyasətlərini sərtləşdirib. Koronavirusla əlaqədar sərhədlərin qismən və ya tam qapanmasından sonra bu ölkələr dəniz yolu ilə gələn qaçqınların yaxalanması üçün özəl gəmilər tutub və ələ keçən insanları xüsusi düşərgələrə göndəriblər. Lakin minlərlə qaçqının həmin vaxt işgəncələrə, qarətə məruz qaldığı, onların çılpaq soyundurulduğu, hətta tam köməksiz vəziyyətdə dənizə atıldığı da acı bir həqiqətdir.
Danimarkanın Qaçqınlar üzrə şurası Xorvatiyanın pandemiya dövründə 18 min miqrantı Bosniya və Herseqovinaya qovduğunu təsbit edib. 13 qeyri-hökumət təşkilatını özündə birləşdirən Sərhəddə zorakılığın monitorinq şəbəkəsi (BVMN) Yunanıstanın 6 mindən çox miqrantı öz ərazisinə buraxmadığını aşkarlayıb. Buna görə Yunanıstana qarşı Avropa İnsan Haqları məhkəməsində iddia qaldırılıb. Rəsmi Afina burada yüzlərlə insanı xilasetmə qayıqlarında açıq dənizdə buraxmaqda, hətta onların bəzilərini qəddarcasına döyməkdə suçlanır. Sənəddə yunan patrul katerlərinin miqrantları gətirən kiçik qayıqları Türkiyə sularına tərəf yönəldərək onları yemək, su və xilasetmə jiletləri olmadan taleyin ümidinə buraxdığı qeyd olunur.
Musavat.com






