İnsanlara hürriyət, millətlərə istiqlal!

“The Atlantic” elə bir yazı yazdı ki… - ABŞ siyasi elitasından sensasion iddia

2733 20.10.2019 17:16 Siyasət A A

ABŞ-ın nüfuzlu aylıq nəşri olan “The Atlantic” jurnalı ilk dəfə 1857-ci ildə işıq üzü görüb. Bostonda çıxan bu jurnalda əsasən Amerikanın siyasi eltasının qaymaqlarının məqalələri yeri alır. Bu tipli yazılardan birində İranın neçə müharibə aparması və həmin üsullardan ABŞ-ın yararlanmasının ölkəyə verə biləcəyi üstünlüklərdən bəhs olunur.

2006-cı ilin iyul ayında Beyrutun cənubunda Qasım Süleymani ölümlə üzləşib. Bu ayın əvvəlində nəşr olunan nadir müsahibələrinin birində İran İslam İnqilabı Keşikçiləri Korpusunun elit hərbi silahlı qolu olan Qüds Qüvvələrinin komandiri özü bunu etiraf edib.

General ilk dəfədir ki, İsrail və Hizbullah arasındakı 33 günlük müharibə zamanı Livanda olduğunu dilə gətirib. Bildirib ki, İsrail onu və Hizbullah lideri Həsən Nəsrullahı aradan götürmək üçün hava hücumları təşkil edib. Belə hücumlar zamanı istifadə olunan drounlardan biri xüsusi təhlükə törədib. O vaxt Hizbullahla İsrail arasında gedən savaşın İran İsrail savaşına çevrilməsi də mümkün görünürmüş. Qasım Süleymaninin İsrail tərəfindən öldürülməsi ehtimalı bu prosesə təkan verə bilərmiş. İranın dini lideri başda olmaqla kimsədə bu məsələ ilə bağlı tərəddüd olmayıb. Qasım Süsleymani belə deyib.

Xatırladaq ki, Hizbullah təşkilatı İranın dəstəyi ilə 1982-ci ildə yaranıb və o vaxt Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən qovulması məqsədi ilə mübarizə meydanına atılıb.

Jurnal bildirir ki, Hizbullahın Livanda İran üçün etdiklərini Suriya Demokratik Qüvvələri adlanan kürd silahlıları da Suriyada ABŞ üçün etdi. Ancaq ABŞ Suriyadan çıxaraq kürdləri başsız qoydu. İran isə Hizbullahla başladığı müttəfiqliyi davam etdirir.

Hazırda Türkiyə Suriyaya hərbi müdaxilə edib. ABŞ qoşunları Suriyadan çıxmaqdadır. ABŞ-a düşmən münasibətdə olan Rusiya, İran, Suriya rejimi və İŞİD-ə regionda daha da möhkəmlənəcək.

Jurnal qeyd edir ki, kürdləri silahlandırmaq üçün ABŞ milyard dollarlarla vəsait xərcləyib. Kürd silahlıları da İŞİD-ə qarşı ciddi savaş aparıb. Ancaq ABŞ prezidenti cənab Ərdoğanla telefonla danışdıqdan sonra hər şeyi kənara qoyub Amerika ordusunu Suriyadan geri çəkdi. Türkiyənin hücumuna məruz qalan kürdlər Suriya rejimi ilə anlaşmaq zorunda qaldı. O da aydındır ki, bölgədə məğlubiyyətə uğramış İŞİD tezliklə yenidən dirçələcək. Müxtəlif düşərgələrdə minlərlə İŞİD məhbusları saxlanılır. Ancaq onaların yenidən bir araya gəlməsi zaman məsələsidir. Aydındır ki, Suriyanın şimali-şərqində davam edən kürd-türk müharibəsi İŞİD-in dirçəlişinə təkan verəcək.

Qeyd olunur ki, ABŞ da, İran da yerli qrupları silahlandıraraq apardıqları müharibədən daha az itki ilə çıxmağa üstünlük verir. (Əlbəttə, Rusiya və Türkiyə də bu üsuldan yararlanır. E.H.)

Ancaq İranın lokal müharibələrə yanaşması və yerli aktyorlarla ortaqlıq qurması və bu ortaqlığı necə inkişaf etdirməsi prosesində ABŞ-ın öyrənə biləcəyi dərslər az deyil.

Məqalədə deyilir ki, İran öz ortaqlarını məharətlə seçir. Onlarla sona qədər bir yerdə olur. Amerika isə bir sıra hədəflərə vardıqdan sonra dəstək verdiyi tərəfdaşları yarı yolda buraxır. Belə bir yanaşma ilə hazırda Suriyadakı kürd birləşmələri üzləşiblər. Onların gələcəkdə kürd dövləti qurmaq arzusu iflasa uğrayıb, üstəlik, onların gələcək Suriya hökumətində yer almaq imkanları da ciddi şəkildə zəifləyib.

ABŞ kürdlərdən İŞİD-ə qarşı istifadə etdi, ancaq nəzər almadı ki, NATO da tərəfdaşı olan Türkiyə ilə problem yaşayacaq. Çünki kürd silahlıları Türkiyəyə də düşmən münasibətdədir. Yəni, ABŞ müttəfiqlik etdiyi tərəfin gələcəyə hesablanmış hədəflərinə o qədər də maraq göstərmir. Halbuki kürd döyüşçülər üçün bu məqam İŞİD-lə savaşdan daha önəmli idi.

İran Amerikadan fərqli olaraq özünə ruhən yaxın olan tərəflərlə işləyir. Bu baxımdan onların imkanları daha yaxşıdır. Yaxın Şərqdə mövcud olan şiə qruplardan faydalanırlar. Bu qrupları isə təkcə İranın şiə ideologiyası deyil, həm də İsrail, ABŞ və Səudiyyə Ərəbistanına qarşı düşmən münasibət birləşdirir.

İran Livan, Suriya ,Yəmən və Somali kimi ölkələrdə özünü rahat hiss edir. Rəsmi Tehran həm də dəstək verdiyi qrupların həmin ölkələrdə siyasi meydanda da uğur qazanmasına dəstək verir. Məsələn, Hizbullaha cüzi maliyyə dəstəyi verməklə bu təşkilatın Livanda söz sahibinə çevrilməsini təmin etdi. Zeydi şiə toplumu olan Husilər İranın əli ilə Yəmənə sahib oldu. İraqda da İranın dəstək verdiyi şiə partiyaları iqtidardadır.

ABŞ isə bölgədə uzunmüddətli müttəfiq axtarmır da. Onlar qısa müddət ərzində müəyyən hədəfə çatmaq üçün kimlərləsə anlaşmağa üstünlük verir. Bu isə sonda ciddi itkilərlə üzləşmək deməkdir. 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan etdi ki, ABŞ etibarsız tərəfdaşdır,  onlar Suriyanı işğal etmişdi. İndi geri çəkilirlər. Suriya kürdləri və Suriya hökuməti Türkiyə ilə bir araya gəlməlidir. Daha sonra isə Suriya ordusu Türkiyə ilə birlikdə sərhəddə nəzarət edə bilər.

Məhəmməd Cavad Zərif diplomatik sahədə belə bəyanatlar verdiyi bir zamanda Süleyman Qasımi kürd birləşmələri ilə anlaşıb Suriya və Livana silah daşınmasını həyata keçirməkdədir.

ABŞ-ın Tehrana qarşı sanksiya tətbiq etməsi və Tramp administrasiyanın İrana “maksimum təzyiq” kampaniyasına başlaması onunla nəticələndi ki, İran körfəz ölkələrinin neft daşıyan tankerlərinə hücum etdi, ABŞ-ın dronunu vurdu, Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı mürəkkəb hərbi əməliyyat təşkil etdi. İran Yəmən üzərindən Səudiyyəni hədəf aldı. ABŞ-dan İrana qarşı hərbi müdaxilə gözləyən Səudiyyə Ərəbistanı çıxılmaz vəziyyətə düşdü.

Məqalənin sonunda vurğulanır ki, etiraf etmək nə qədər ağrılı olsa da, ABŞ İrandan öyrənməlidir. İranın Hizbullah üçün verdiyi hərbi və diplomatik dəstəyi öz müttəfiqinə (məsələn, Suriyada kürdlərə) vermədən həm qısamüddətli, həm də uzunmüddətli qələbə və təhlükəsizliyə nail olmaq mümkün deyil.

O da qeyd olunur ki, Suriyada buraxılan səhvlər bir daha təhlil olunmalı və gələcəkdə eyni səhvlərə yol verilməməlidir.

Elbəyi Həsənli, Sürix
Musavat.com

https://www.theatlantic.com/politics/archive/2019/10/what-us-can-learn-iranian-warfare/600082/?utm_medium=offsite&utm_source=yahoo&utm_campaign=yahoo-non-hosted&yptr=yahoo

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR