Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinə start verilib. Belə ki, Prezident İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan bunun üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb.
Artıq təmir-bərpa işlərinə başlanılıb və məscidin ətrafının genişləndirilməsinə hazırlıq gedir. Bu xəbərin ardınca musavat.com-un müxbiri Təzəpir məscidinə baş çəkib, görülən işlərlə maraqlanıb.
Qeyd edək ki, Təzəpir məscidinin genişləndirilməsi məqsədilə artıq işlərə başlanılıb. Tikinti aparılacaq ərazilərdə söküntü prosesi gedir. Məscidin ərazisinə düşən evlərin sökülməsi ilə bağlı planlaşdırma aparılır. Sakinlərin dediyinə görə, Mustafa Sübhi, Zülfü Adıgözəlov, Mirzə Fətəli Axundov, Murtuza Muxtarov küçələrində çox sayda evin sökülməsi nəzərdə tutulub.
Ərazidə iş aparanlar da musavat.com-a bildirdilər ki, məqsəd Təzəpir məscidinin ətrafındakı sıxlığı azaltmaq və ərazisini genişləndirməkdir: “Məscidin əhatə dairəsini genişləndirmək məqsədilə söküntü işləri aparılır. Yaxınlıqda yeni inşa olunan çoxmərətəbəli binalar da söküldü. Bizdə olan məlumata görə, məscidin ərazisi “Azdrama”ya qədər uzanacaq. Köçürülən ərazilərdə yaşıllaşdırma və abadlaşdırma işləri aparılacaq. İnsanlar parkın içərisi ilə məscidə gedə biləcəklər. Bu, çox möhtəşəm bir layihə olacaq”.
Təzəpir məscidinin ətrafındakı sıxlığı aradan qaldırmaq üçün isə bir neçə evin söküntüsü də nəzərdə tutulub. Sakinlər onu da bildirdilər ki, onlara evlərinin hər kvadrametri üçün 1500 manat kompensasiya verilməsi nəzərdə tutulub: “Məscidin ərazisinin genişləndirilməsi müsbət addımdır. Biz də bunu çox istərdik. “Sovetski”nin küçələri dar olduğundan avtomobillər çətinliklə hərəkət edir. Təzəpir məscidinin ətrafında da çox sıxlıq olur. Lakin bizim arzumuz odur ki, köçürülmə zamanı incidilməyək. Evimizin ölçüsü düzgün hesablansın, kompensasiya məbləği ədalətli şəkildə verilsin”.
İş icraçılarının sözlərinə görə, məscidin əhatəsində salınan parkın aşağı hissəsində avtomobillər üçün parklama yerləri tikiləcək. Eyni vaxtda yüzlərə avtomobilin burada park edilməsi üçün şərait yaradılacaq. Bu da yoldakı sıxlığın qarşısını alacaq. Məscidin hasarının bir hissəsi sökülərək parka birləşdiriləcək. Bir neçə yüz metrlikdən məscidi görmək mümkün olacaq. Məscidin qarşısını kəsəcək bir tikili olmayacaq. Vətəndaşlar yeni salınacaq olan parkda həm dincələk, həm də parkın içərisi ilə məscidə çıxışları olacaq.
Müşahidələrimizdən belə qənaətə gəldik ki, məscidlə bağlı yeni layihə hər kəsin ürəyincədir. Yeganə nigarançılıq doğuran məqam köçürmə prosesində vətəndaşların evlərinin dəyərinin düzgün hesablanıb, kompensasiya verilməsidir ki, sakinlər bunun da ədalətli şəkildə aparılacağına ümid edirlər.
Təzəpir məscidinin yanında başlanılan tikinti-quruculuq işləri ilə bağlı ətraflı məlumat almaq üçün Yasamal rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırovla əlaqə saxlamağa çalışdıq. Lakin zəngimiz cavabsız qaldı.
Məğrur Mərd,
Musavat.com,
Fotolar müəllifindir.






