Ölkədə yoluxma sayı yenə artmağa başlayıb. Hələ ki “Omikron” bizim ölkəmizə gəlib çıxmayıb. Qonşu ölkələr olan Türkiyə, Gürcüstan, hətta Ermənistanda da artıq yeni ştam peyda olub. Azərbaycan bölgədə “Omikron” aşkarlanmayan tək ölkə kimi qalır. Ancaq deyilənlərə görə, “Omikron”un gəlib çıxması daha yaxşıdır. Çünki elm adamlarına görə, bu, COVİD-19-nun (pandemiyanın) sonu demək olacaq.
Bununla belə, London Kral Kollecinin əməkdaşı, koronavirusun əlamətlərinə dair “ZOE COVİD Study” mobil tətbiqinin müəlliflərindən biri Kleir Stivs bildirib ki, koronavirusun “Omikron” variantının əlamətləri xəstələrin 75 faizində adi soyuqdəymə ilə eynidir. Ekspertin fikrincə, boğaz ağrısı, baş ağrısı, zökəm də əlamətlərin siyahısına əlavə edilməlidir. Son günlər bizim ölkəmizdə də qrip viruslarının yayılması insanlar arasında çaşqınlıq yaradıb. Hərarət günlərlə aşağı düşmür, kəskin öskürək, boğaz ağrısı əlamətləri müşahidə edilir. Bəs görəsən, bu, "Omikron" ola bilərmi? Çünki bu əlamətləri özündə hiss edən insanlar COVİD testi versələr də, nəticə “neqativ” çıxıb. Bilirik ki, bəzi hallarda testin nəticələri neqativ də göstərə bilir...
Yeri gəlmişkən, uşaqlar arasında da virus infeksiyaları yayılıb. Bəzi həkimlər bunun “influenza” infeksiyası olduğunu deyir. Uşaqlarda hərarət günlərlə davam edir, müalicələr effekt vermir. Bəziləri bu zaman antibiotik vurulmasını məsləhət görmür. Bəs görəsən, uşaqların müalicə olunmasında hansı preparatlardan istifadə olunmalıdır?
“Yeni Müsavat”ın bu və digər suallarına Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov cavablandırıb. O qeyd edib ki, son günlər istər böyüklər, istərsə də uşaqlar arasında yüksək hərarət intoksikasiyası, müxtəlif kataral əlamətlərlə cərəyan edən respirator virus infeksiyaları müşahidə edilir: “Qeyd etmək istərdim ki, koronavirusla bağlı vəziyyət stabildir və yoluxma hallarının sayındakı rəqəmlər bunu sübut edir. Ancaq qeyd olunan infeksiya mövsümü xarakter daşıyan digər kəskin respirator virus infeksiyalarıdır. Ümumiyyətlə, bunlar həmişə soyuq aylarda alovlanır, onların sayı artır, hər il demək olar ki, eyni mənzərəni müşahidə edirik. Bu il də istisna deyil. Sadəcə olaraq əgər bu infeksiyaların sayını keçən illə müqayisə etsək, bu il bir qədər artıqdır. Ona görə ki, keçən il pandemiyaya görə bir sıra məhdudiyyətlər, qapanmalar mövcud idi. Bu il isə qapanmalar aradan qaldırılıb. Ona görə də builki fond xəstəliyi pandemiyadan qabaqki illərdə olduğu qədərdir. Bu bir mövsümü haldır. Yəqin ki, müəyyən vaxtdan sonra belə xəstələrin sayı azalacaqdır”.
İnfeksionist əlavə edib ki, COVİD 19-a görə götürülmüş test nəticələrinin neqativ çıxması həqiqətən sübut edir ki, götürülən analiz nəticələrində COVİD 19 virusu yoxdur: “Yeni, “Omikron” ştamının respublikada olub-olmaması haqqında bir rəsmi açiqlama yoxdur. Müəyyən qurum tərəfindən bu məsələ izlənilir və müsbət nəticə olduğu halda təbii ki, elan olunacaqdır. Ancaq yenə də qeyd eləmək istəyirəm ki, “Omikron” ştamı da digər koronavirus ştamları kimi adi PCR testlərlə ilkin olaraq aşkarlanır və onun hansı ştam olmasını isə ayrıca bir laborator müayinəsi lazımdır. Ümumiyyətlə, mövcud testlər koronavirusun istənilən ştamlarında müsbət nəticə verməyə qadirdir. İnsanlar nə etməlidir? Birinci növbədə onlarda qeyd olunan əlamətlər, yəni yüksək hərarət, baş ağrısı, boğaz ağrısı, burun axması, öskürək və sairə kimi bu cür əlamətlər olduqda birinci növbədə onlar özlərini izolə etmədilər və mümkün qədər təmasları azaltmalıdırlar. Evdə ayrıca bir otaq şəraitində digər ailə üzvlərinə etmə təması kəsmədilər. Həm ailə üzvləri, həm özləri maska geyinməlidir və bundan sonra həkimə müraciət etməlidirlər ki, bu məsələ araşdırılsın və lazım gələrsə, təbii ki, test götürülə bilər. Xüsusən də, valideynlər uşaqları məktəbə göndərərkən diqqətli olmalıdırlar. Əgər uşaqlarda bu cür əlamətlər varsa, təbii ki, onu məktəbə göndərmək olmaz.
Çünki məktəb yaşlı uşaqlar arasında da bu cür infeksiyanın yayılmasına gətirib çıxara bilər”.
T.Eyvazov qrip virusu ilə “Omikron” ştamının eyni əlamətləri ilə bağlı verilən suala da cavab verib: “İnsanlar ümumiyyətlə, özləri bunu ayırd etməyə cəhd etməməlidirlər. Ona görə ki, başlanğıc klinik əlamətlərə görə bütün bu infeksiyaların gedişatı demək olar ki, eynidir. Ona görə də bunun hansı infeksiya olmağını yalnız xüsusi laborator müayinə tam dəqiqliklə sübut edə bilər. Təbii ki, burada həkimin iştirakı mütləqdir. O, müəyyən şikayətlər əsasında bu məsələyə aydınlıq gətirilə bilər. Yenə də qeyd etmək istəyirəm ki, izolyasiya olunub, həkimə müraciət etmək lazımdır.
Hazırda koronavirusla mübarizədə ən effektiv vasitə yenə də vaksinasiya olaraq qalır. Sadəcə olaraq nəzərdə tutulmalıdır ki, vaksinasiya prosesi nəticəsində yaranmış immunitet müəyyən vaxt çərçivəsində təsirli olur və vaxt keçdikcə təbii ki, qoruyuculuq səviyyəsi azalır. Xüsusən də “Omikron” ştamı daha yüksək səviyyəli immunitet tələb edir və buna görə də insanlar buster, yəni gücləndirici dozanı mütləq almalıdırlar. Yalnız belə halda immunitet həmin şəxslərdə təzələnir və daha yüksək səviyyədə insanı qoruyur. Vaksinasiya ilə “Omikron” ştamına xəstələnmə hallarının sayını yolla azalda bilərik”.
Afaq Mirayiq,
Musavat.com






