Texnologiyanın günü-gündən inkişaf etməsi onları həyatımızın ayrılmaz hissəsinə çevirib. Bir çox peşə sahiblərinin köməkçisi rolunu oynayan alətlər ətrafında gedən müzakirələr isə bitmir.
Bəzi alimlər texnoloji alətlərin insan sağlamlığına mənfi təsiri olmadığını bildirir. Lakin bir çox mütəxəssis iddia edir ki, keyfiyyətsiz qida qədər elektroenerji yayan alətlər ömrü qısaldır.
Bəs, keyfiyyətsiz qida, yoxsa texnoloji alətlər orqanizm üçün təhlükəlidir?
Musavat.com mövzu ilə bağlı dietoloq və nutrioloq Leyla Zülfüqarovanın fikirlərini öyrənib.

O, bildirib ki, sağlam həyat tərzi sürmək elektronik alətlərdən uzaq durmalıdır: “Keyfiyyətsiz qida qədər elektromaqnit şüalar yayan alətlər də insan orqanizm üçün təhlükəlidir. Bütün həkimlər kimi mən də insanlara sağlam həyat tərzi sürməyi tövsiyə edirəm. Sağlam həyat tərzi deyəndə yalnız qidalanma nəzərdə tutulmur. Sağlam həyat tərzi yaşamaq bir vəhdətdir. Təmiz hava, sosial psixoloji amillər, ətrafınızdakı insanların sizə ötürdüyü enerjisi, əmək fəaliyyəti və s. buraya aiddir. Siyahını uzada bilərik. Elektromaqnit dalğaların orqanizmimizə verdiyi ziyanlardan qorunmaq lazımdır. İnsanlar qapalı məkanlarda yürüş aparatlarından istifadə etməkdənsə, açıq havada qaçsınlar. Yürüş aparatlarını tövsiyə etmirəm. İnsana günəş və hava terapiyası lazımdır, bu orqanizm üçün daha faydalıdır. Insanlara elektromaqnit mühitdə yaşamamağı tövsiyə edirəm. Biz gündəlik telefondan, komputerdən istifadə edirik. Buna görə də meqapolis şəhərlərdə problemlər günü-gündən artır, xərçəng xəstəliyi sürətlə yayılır, Autoummin xəstəliklər çoxalır, orqanizm öz toxumalarına, hormonlarına reaksiya verir. Xanımlara da daim deyirəm ki, kimyəvi maddələrdən uzaq olun, yuyucu tozlara əlcəksiz toxunmayın, kosmetikaların təbii məhsullardan hazırlanmasına diqqət edin. Texnoloji alətlər elektroenerji yayır. Elektrodalğalar yayan telefon, kompüter, televizor həyatımızın ayrılmaz hissəsinə çevrilib. Onlardan maksimum dərəcədə az istifadə etmək lazımdır. Mikrodalğalı sobalarda belə yemək isitməyi tövsiyə etmirəm. Elektrodalğalar yeməklərə təsir göstərir. Bu isə orqanizmimizə ziyandır. Texnoloji alətlərin insan orqanizminə ziyan vurub-vurmadığı dünya alimləri tərəfindən 10 ildir ki, araşdırılır. Konkret nəticə əldə olunmasa da, bildirilir ki, texnoloji alətlərdən az istifadə edilməsi məsləhətdir”.
Elektroenerji yayan aparatlardan qorunmağın yollarını da sadalayıb: “Adi suyun belə artıq içilməsi ziyandır. Həyatda istifadə etdiyimiz hər şeyin dozası olmalıdır. Texnoloji alətlərdən çox istifadə edənlər aqressiv olur, qidalanmasına fikir vermir. Sağlam həyatı məsləhət görən həkim kimi deyə bilərəm ki, insanlar açıq havada gəzsinlər, istirahət zamanı telefondan uzaq dursunlar. Wi-Fi aparatını axşam yatanda söndürsünlər.saatlarla kompüter arxasında oturmasınlar. Gündəlik elektroşüaya məruz qalanlar bitki çayları, bol maye içsinlər və açıq havada ən azı 1 saat gəzsinlər”.
Könül İbrahim,
Musavat.com






