İnsanlara hürriyət, millətlərə istiqlal!

“İnternet gəlirlərinin Azərbaycanda qalmasını hədəfləyirik”

1633 21.05.2015 20:05 Texnologiya A A

- Elvin bəy, bir qədər əvvəl mətbuatda yazı ilə çıxış edərək milli sosial şəbəkələrin əhəmiyyətini qeyd edibsiniz. Daha geniş və sadə dildə ifadə etsək, milli sosial şəbəkələrin əhəmiyyətini nədə görürsünüz?

- Azərbaycandan hər ay minlərə, hətta milyona yaxın vəsait sosial şəbəkələr vasitəsi ilə xaricə gedir. Ölkəmiz isə bu gedən vəsaitdən heç bir gəlir əldə etmir. Nə vergi, nə də başqa bir cəhətdən qazancımız yoxdur. Biz hamılıqla sərmayənin milliləşməsinə xidmət etməliyik.
Məsələn, keçən il Almaniya ölkədən gedən pullardan heç bir qazanc eldə etmədiyini iddia edərək facebooka məhkəmə iddiası qaldırdı. Çin bütün sosial şəbəkələri ölkə daxilində bağlayıb, ancaq öz milli şəbəkəsini istifadə edir. Rusiya da vk.ru ok.ru kimi milli şəbəkələr yaradıb.

Biz də öz milli şəbəkəmizi və milli internet resurslarımızı inkişaf etdirib, yerli istifadəçilərə, hədəflədiyi müştəri kütləsinə çatdırmalıyıq.

- Bu, çox yaxşı fikrə bənzəyir, amma uğur qazanmaq imkanları nə qədərdi? Məsələn, biz son illərdə şahidi olmuşuq ki, bir sıra ölkələr mili şəbəkələrini və ya axtarış sistemlərini yaradıblar. Ancaq bu layihələrin bir çoxu uğursuz olub. Azərbaycan kimi kiçik bir ölkədə milli sosial şəbəkələrin rəqabətə davamlılığı, ictimai rəğbət qazanması nə qədər effektiv olacaq? Bu, dünyadan təcrid olunmağa səbəb olmayacaq ki?

- Düşünürəm ki, sosial şəbəkələrin uğur qazanmamasının əsas səbəbi bir-birlərini təkrar etməsi oldu. Fərqli konsept yaradılmadı. Təbii ki, yeni bir sistem yaradanda onun fikir və texniki imkanları da yenilənməli və bir çox yeni imkanlar da olmalıdır.

Yaratdığımız milli sosial şəbəkədə yerli istifadəçilərlə yanaşı, beynəlxalq platformada da öz yeni konsepti ilə çıxış imkanı istifadəçilərin xidmətinə veriləcək. Amma ilk növbədə öz ölkəmizdə püxtələşməlidir. Biz istifadəçilərin stimul alacağı və hər an qazana biləcəkləri bir sistem yaratdıq. Onlar boş vaxtlarını daha əyləncəli və daha qazanclı bir hala gətiririk.

- Azərbaycan kimi ölkənin internet dövriyyəsi təxminən nə qədərdir? Yəni bizdən xarici ölkələrə “axan” internet pullarının həcmi nə qədərdir və siz bunun neçə faizini geri qaytarmaq fikrindəsiniz? Son illərdə “silikon vadisi” kimi cəlbedici fantastik layihələr barədə çox danışılır. Bizdə bu, hansı ölçüdə ola bilər? Yəni nə qədər böyük bir layihə ola bilər?

- Dəqiq statistik rəqəmlər dəmək çox çətindir. Bir çox şirkətin sosial media reklamlarının istiqamətini verən biri kimi deyə bilərəm ki, bu heç də kiçik bir rəqəm deyil. Biz yerli bazardakı reklam verən şirkətlərə öz potensial müştərisini və ya istifadəçisini tapması üçün platforma yaradırıq. 

Təbii ki, milli resurslar deyərkən biz lokal sistemlər nəzərdə tutmuruq. Milli resursların qlobal platformada istifadə ediləcəyi və rəqabətə girməsi üçün hər kəsin milli resurslardan istifadə etməsinin zərurətini çatdırmaq istəyirik. 

Bütün dünyada resursların hamısının ilk çıxış nöqtəsi öz ölkələri, yaxud şəhərləri, hətta bəzən kiçik bir qrupla başlayıb. Onlar sadəcə öz məhsullarına sahib çıxdılar. Və indi heç bir ölçüyə sığmırlar. 

- Bizim yerli məhsulların dünya bazarına çıxma şansı varmı? Yəni bu istiqamətdə lazımı kadr potensialı və dil imkanları yetərlidirmi?

- Bu sual məni həmişə təəccübləndirib. Bütün sahələr üzrə potensiallı yerli mütəxəssislərimiz var. Və Azərbaycan mütəxəssisləri dünya bazarının lider sahələrində əhəmiyyətli işlər görürlər. Həmçinin də internet resursları sahəsində çox güclü mütəxəssislərimiz var. Mənə ələ gəlir ki, biz öz yerli potensiallı mütəxəssislərin iş qabiliyyətindən istifadə etməyərək onları passivləşdiririk. Çünki yerli mütəxəssislərə inamsızlıq həm onların iş qabiliyyətinin azalması həm də bir çox digər səbəblərdən ölkənin kadr potensialını zəiflədir və bu da yenə küllü miqdarda sərmayənin kənara çıxmasına səbəb olur.

- Məlum olduğu kimi siz yeni milli sosial şəbəkə - myday.az yaratmısınız. Hədəfiniz nədir? Azərbaycan internet istifadəçilərinə daha cəlbedici olmaq üçün hansı təklifləri təqdim edirsiniz?

- Biz təkcə myday.az deyil video.az, gomap.az, kinoman.az və daha bir neçə milli resursların vətəndaşların istifadə etmələri üçün təbliğat aparırıq. Biz bilməliyik ki, istifadə etdiyimiz resurslar ölkə daxilində olduqda bizim internet provayderimizin qiyməti daha da ucuzlaşacaq. Çünki kənardan aldığımız hər bir mb üçün pul ödənir. Bu səbəbdən də gərək milli resurslarımızı istifadə edək. Bu həm milli resursların reytinqini artıracaq, həm internet qiymətlərini ucuzlaşdıracaq. Həm də ölkəmizdəki mütəxəssislərin iş bacarığını artırmış olacaq.
Biz milli resurslara yönəldiyimizdə hər kəs qazanacaq. 

Ölkə daxili internetin ucuzlaşması vətəndaşların şəxsi büdcəsinə xidmət edəcək. Myday.az şəbəkəsi facebookdan və digər sosial şəbəkələrdən bir neçə üstünlüyü ilə fərqlənir. Bunlardan biri hədiyyə konseptidir. Biz bir çox teatr və kinoteatr, restoran, eləcə də digər xidmət sektorları ilə müqavilə bağlayıb hər həftə istifadəçilərə “myday” olaraq hədiyyələr veririk. 

Texniki olaraq da üstünlüklərimiz var. Bunlardan biri istənilən videonu və istənilən musiqini digər saytlardan link gətirmədən paylaşım yerində “icona” basaraq dünyaca məşhur saytlardan avtomatik gətirərək istifadəçilərə daha rahat bir istifadə şəraiti yaratmışıq.

Kənan

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR