London metropoliteni əməkdaşlarının tətili paytaxt metrosunun fəaliyyətində ciddi problemlərə səbəb olub və on minlərlə insanı çətin vəziyyətə qoyub. Metronun fəaliyyətində yaranan problemlər səbəbindən avtobus dayanacaqlarında nəhəng növbələr yaranıb.
AZƏRTAC xəbər verir ki, paytaxtın ictimai nəqliyyatının böyük hissəsinin işinə cavabdeh olan “Transport for London” kompaniyasının saytında yerləşdirilən məlumata görə, hazırda bütün mərkəzi stansiyalarda qatarların hərəkəti dayanıb. Kompaniya, həmçinin paytaxt sakinlərini vacib olmayan səyahətlərdən çəkinməyə çağırıb.
Kraliça II Elizabetin taxta çıxmasının 70 illik yubileyi ilə əlaqədar uzun istirahət günlərindən sonra bir çox britaniyalının evlərinə qayıtması vəziyyəti bir qədər də mürəkkəbləşdirib.
Tətil hökumətin metropolitendə çalışan 600 işçini ixtisar etmək təklifinə, həmçinin əmək və pensiya müqavilələrində ehtimal olunan dəyişikliklərə etiraz edən RMT həmkarlar ittifaqı tərəfindən elan olunub və iyunun 7-si səhər saatlarına qədər davam edəcək.






