İnsanlara hürriyət, millətlərə istiqlal!

Təşviqat başladı: namizədlər hansı problemi qabardacaq - açıqlama

650 16.01.2024 11:45 Ölkə A A

YAP-ın namizədinin seçki şüarı belədir: “Qalib xalqın qalib lideri”; opponentləri isə daha çox sosial məsələlərə diqqət ayıracaq

Yanvarın 15-dən növbədənkənar prezident seçkisi ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına start verilib. Təşviqat fevralın 6-sı saat 8:00-da dayandırılacaq.

Xatırladaq ki, prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. Seçkidə hazırkı prezident İlham Əliyevdən başqa daha 6 namizəd mübarizə aparacaq. Onlar namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevdir.

Təbliğat-təşviqatda əsas hansı məsələləri və ya problemləri qabardacaqlar - sosial iqtisadi məsələlər, korrupsiya, yoxsa... 

Yeni Azərbaycan Partiyası İlham Əliyevin təşviqat kampaniyasına start verdi  | Şərq qapısı

Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib. Partiyanın açıqlamasında qeyd olunub: “İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider - İlham Əliyev olacaq”.

Qeyd edək ki, YAP namizədinin seçki şüarı belədir: “Qalib xalqın qalib lideri”.

Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Orucun seçki şüarı belədir: “Qalib gələcəyə hə!” 

Zahid Oruc: Qazandığımız Qələbə həm də xalqımızın vətən, torpaq ruhunu  oyatdı

Zahid Oruc

“Yeni Müsavat”a açıqlamasında Zahid Oruc bildirdi ki, təbliğat-təşviqat prosesində 24 səhifəlik geniş proqram təqdim ediləcək. Prezidentliyə namizəd qeyd etdi ki, proqramda ölkə həyatının əsas məqamları öz əksini tapıb: “Seçki proqramımız çox orijinal, fərqi ideyaları özündə ehtiva edir. Seçki platformamız "4-cü Respublika-Azərbaycanın qalib 100 ili" adlanır. Təəssüf ki, dövlətçiliyimiz, gələcəyimizin qurulması hər zaman itkilərlə, faciələr üzərində formalaşıb. 20 sentyabrdan sonrakı Azərbaycan isə fərqli respublikadır. Biz qalib Azərbaycan vətəndaşına platformamızda müraciət etmişik, namizədliyin irəli sürülməsini əsaslandırmışıq. Prosesə birinci şəxsin müəyyənləşməsindən çox, dövlətimizin və millətimizin bundan sonrakı gələcəyinin qurulucuğunda hər kəsin səfərbər olunması amilini qabartmışıq. İfadələrimizdən biri belədir: “Hamınız namizədsiniz”. Ortalıqda 90-cı və 2000-ci illərin mübarizəsindən fərqli reallıq var. Biz burada şəxsi kimlikdən daha çox, milli kimlik və millətin gələcəyi uğrunda mübarizədə olduğumuzun fərqindəyik. Biz həmçinin siyasi münasibətlər sistemində 3-cü yolu irəli sürürük. İqtidar və müxalifət qütbləşməsi, qarşıdurmasını, 90-cı illərdən etibarən münasibətlərin dəyişdirilməsi məqsədini əsas xətt kimi ortaya qoyuruq. Daxil siyasətdə qalib xalqın gözləntiləri artıb. Məğlub ölkədə vətəndaşların idarəçiliyi asandır, amma qalibiyyət isə hər kəsindir. Buna görə də idarəetmə, sosial, iqtisadi, siyasi və s. sahələrdə insanların gözləntiləri maksimumdur. Buna adekvat siyasət yürüdülməsi əsas istəkdir". 

Z.Oruc qeyd etdi ki, seçki platforması bir qədər gec dərc ediləcək: “Plaformamızda cəmiyyətin öz gələcəyində iştirakının modelini irəli sürmüşük. Kadrlar sistemi çox önəmli məqamdır. Hansı formasiyada olmasından asılı olmayaraq, dövlətlərin həyatında idarəetmə sistemində kadrlar mühüm rol oynayır. Peşəkarlığın idarəetmə sistemində daha mühüm yer alması üçün yollar təklif etmişik. Regional siyasətə də yer vermişik. Sülh platforması barədə fikrimizi irəli sürmüşük. Zəka iqtisadiyyatı modeli üzərində dayanmışıq. Regionlar və paytaxt arasındakı daxili miqrasiyaya diqqət çəkmişik. Böyük qayıdışı böyük dönüşə çevirmək barədə təkliflər hazırlamışıq. Kənd təsərrüfatına dair fərqli siyasətin yürüdülməsinə dair mühüm təkliflər irəli sürmüşük. Platformamızda o cümlədən mədəni dəyərlər, gəncliyə xitab, sosial məsələlər, xüsusilə şəhid ailələri ilə bağlı məqamlar yer alıb. O cümlədən cəmiyyətlə dialoq platformalarına diqqət çəkmişik. Biz yalnız elektron kabinetləri deyil, insanlarla ünsiyyətin daha əlçatan olmasını, daha vizual platformaları gücləndirməyi təklif edirik. Şübhəsiz ki, ekloji məsələlər, Yaşıl Azərbaycan modeli ilə bağlı məsələlər də proqramımızda əks olunub. Yekunda Azərbaycan cəmiyyətinə xitab edirik ki, zəfər savaşı ilə ədaləti təmin etmişik, indi isə elə etməliyik ki, ədalət zəfər çalsın. Əsas şüarımızla - "Qalib gələcəyə hə!" deməyin strategiyasını ortaya qoymuşuq. İkinci şüarımız isə belədir: “Ən böyük sərvət insandır”. Bütün sərvətlər insanlardan aşağıdadır ya da insanlar üçündür. Milli iradə həm silahdır, həm də qoruyucu zirehdir. Bütün sərvətlər isə millət üçündür. Kampaniya müddətdə biz bu və digər məqamlara aydınlıq gətirəcəyik". 

Böyük Quruluş Partiyasının prezidentliyə namizədi  Fazil Mustafa isə təbliğat-təşviqat prosesi ilə bağlı bunları dedi: “Bir həyati+50 vacib məsələ” adlı seçki platforması hazırdır. Həyati məsələ kimi təhsil problemi qabardılıb. Vacib məsələlərdə isə ölkə həyatının bütün sahələrini əks etdirən, beynəlxalq siyasətdən tutmuş, sosial məsələlər, daxili siyasət, idarəetmə islahatlarına qədər hər bir məsələ öz əksini tapıb. Ayrı-ayrı bəndləri təbliğat-təşviqat üçün nəzərdə tutulmuş qəzetlərdə, eyni zamanda sosial şəbəkə vasitəsilə yayacağıq. Bu kampaniyada hər bir məsələyə fərqli baxışımızı ortaya  qoymağa çalışmışıq. Bir neçə bölgədə görüşlərimiz də nəzərdə tutulub". 

Fazil Mustafa Milli Məclis komitəsinin sədri seçilib

Fazil Mustafa

Fazil Mustafanın seçki şüarı belədir: “Dayağımız: yeniləşən, çalışqan insan! Hədəfimiz: Rifah dövləti Azərbaycan!”

Razi Nurullayev: "Prezident İlham Əliyevə qətiyyətli sərkərdəlik bacarığına  görə minnətdaram"

Razi Nurullayev

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev “Yeni Müsavat”a şərhində qeyd etdi ki, əsas hədəf sosial-demokratiya ideoloji xəttini rəhbər tutaraq, insanların bərabərlik, azadlıq və həmrəylik prinsipləri əsasında yaşamasını təmin etmək, sinfi bölünmənin qarşısını almaq, bununla da xalqın azad və firavan yaşamasının təminatçısı olmaqdır: “Əsas hədəfimiz əhalinin sosial rifahını yaxşılaşdırmaqdır. Məsələn, 2028-ci ilə kimi ölkədə minimum əmək haqqı 2.5-2.7 dəfə artılıraq, 800-900  manat  həcmində olacaq. İşləməyən əhalinin sosial müavinətinin həcmi isə minimum əmək haqqının 80 faizi civarında olmaqla, 720 manat təşkil edəcək. Uşaq pulu veriləcək. Pensiya yaşı azaldılacaq. Qadınlar üçün 60, kişilər üçün 62 yaş pensiya yaşı kimi müəyyənləşdiriləcək. İşləmək üçün 65 yaş həddi kvotası aradan qaldırılacaq. İşləyib-işləməmək üçün sağlamlıq əsas meyar olaraq qəbul ediləcək. İpoteka şərtlərinin sadələşdirilməsi təmin ediləcək. Bununla da xeyli vətəndaş kateqoriyaları üçün ipotekanın əlçatanlığı mümkün olacaq. Qaz və işıq limitlərinə üçillik güzəşt tətbiq olunacaq. Ondan sonra  iqtisadi artım, əhalinin gəlirləri və s. nəzərə alınaraq, limitlə bağlı məsələyə yenidən baxılacaq. Əmək haqlarının yeddi il ərzində ilkin olaraq azı iki-üç dəfə artırılması həyata keçiriləcək. Regionlarda, xüsusilə kənd yerlərində elə şərait yaradılacaq ki, kənddə yaşamaq şəhərdə yaşamaqdan daha rahat olsun. Ölkə boyu bütün rayon və şəhərlərdə sosial evlərin tikintisi ilə 7 il ərzində bu problemi birdəfəlik həll etmək niyyətindəyik. Regionların inkişafı üçün dövlət universitetlərinin fakültələrinin bir hissəsini rayonlara köçürmək əsas ideyalarımızdan biridir. Müharibə veteranlarının mənzillə təmin edilməsinin dövlət proqramına əlavə edilməsi təmin ediləcək. Veteranlara verilən təqaüdün "Veteranlar haqqında" minimum əmək haqqı səviyyəsinə çatdırılması təmin olunacaq. Vətəndaşların sağlamlığının qorunması dövlətin konstitusion vəzifələrindən biridir. Biz İcbari Tibbi Sığorta ilə bağlı yeni yanaşmalar tətbiq edəcəyik. Sığorta paketləri estetik əməliyyat və müalicələr istisna olmaqla bütün digər xəstəlikləri əhatə edəcək. Onkoloji xəstəliklərlə bağlı xüsusi sığorta paketləri tətbiq ediləcək. Ambulator müalicə alan xəstələrin də dərmanları sığorta vasitəsilə ödəniləcək. Təhsil və elm sahəsində də ciddi, köklü işlər görüləcək. Yeddi il ərzində bütün kəndlərdə ilkin olaraq təhsil sisteminin bünövrəsi sayılan bağçalar yaradılacaq. Test üsulunun tətbiqi təhsil sisteminin qarşısında maneəyə çevrilib. Ona görə də bu imtahan sistemini dəyişib müasir təhsil sisteminin sintezini yaratmaqla, rəqabət mühitini formalaşdıracağıq". 

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin seçki şüarı belədir: “Sosial ədalət, sosial demokratiya”. 

Prezidentliyə namizəd Fuad Əliyev isə seçkiyə bu şüarla gedir: “Varlı vətəndaş, varlı ölkə!” 

Paşinyan Baydenə “atdı” - Ermənistanın daha bir özünüifşası

Fuad Əliyev

“Yeni Müsavat”a açıqlamasında prezidentliyə namizəd bildirdi ki, 7 fevral 2024-cü il tarixi Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı kimi əlamətdar olacaq: “Bu günü Azərbaycan tarixinə qızıl hərflərlə yazmaq, gələcək nəsillər üçün suveren Azərbaycanı qoruyub yaşatmaq, ata-babalarımızdan bizə əmanət qalan dövlətçiliyimizi əmin dövlət başçısına etibar etmək xalqımızın əlindədir. Müstəqil ölkənin müstəqil vətəndaşları olaraq seçkiyə gəlmək və layiq bildiyiniz namizədə səs vermək seçki günü ölkəmiz adına görə biləcəyiniz ən şərəfli iş və böyük vəzifədir. "Vətəndaş Birliyi" seçki qərargahı vətəndaşlarımızın gələcək rifahı, dövlətimizin əbədi müstəqilliyi və suverenliyimizin qorunması üçün təsis olunmuş və prezident seçkisində mənim namizədliyimi irəli sürüb. Vətəndaşlarımızın şəxsimə olan etimadını və inamını doğrultmaq üçün prezident seçkisində namizəd olmağı qəbul etmiş və bu məsuliyyəti dərindən dərk edərək seçkilərdə iştirakı şərəfli vəzifə hesab etmişəm. Bu gün nəinki bizim dostlarımız, hətta bizi sevməyən bədxahlar belə ölkəmizin qazandığı uğurlardan və qələbələrdən heyranlıqla bəhs edirlər. Azərbaycanın bugünkü inkişafının davamlılığını təmin etmək, onu məkrli təsirlərdən qorumaq hər bir vətəndaşın və dövlətə rəhbərlik edən şəxsin çiyinlərinə ali və böyük məsuliyyət qoyur".

Qüdrət Həsənquliyev: “QHT-lər hökumətə ciddi nəzarəti etməlidir” -  05.05.2018, Sputnik Azərbaycan

Qüdrət Həsənquliyev

Digər namizədlərə gəlincə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyevin seçki şüarı “Ədalət, hüquq, demokratiya”dır.

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin şüarı isə belədir: “Hər şey qalib xalq üçün!” 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR