“Bir dovşan meşədə qaçırdı. Qabağına çay çıxdı, çayı keçmək istədi, yadına düşdü ki, suyun üzərində yeriyə bilmir. Boğulurdu, başladı üzməyə, bu vaxt xatırladı ki, üzməyi də bilmir. Və boğulub öldü. Nəticə: keçmişi xatırlamayın”.
(Dovşan haqda pritça)
***
Öncə mən hörmətli oxuculara təşəkkürümü çatdırıram, yayın bu istisində dənizə gedib çimmək əvəzinə bu cızmaqaramı tər içində oxuduqları üçün. İkinci növbədə Operativ Qərargaha təşəkkür edirəm ki, oxucuları dənizə getməyə qoymayıbdır, onlar evdə qalıb mənim yazımı oxuyurlar. Yoxsa kimdir qumun içində qarğıdalı gəmirərək siyasi-ictimai fikirlərə qərq olsun? Hələ bu antiplyaj qərarının müsbət cəhəti odur ki, dənizdə boğulan olmayacaq, yoxsa yadınıza gəlirsə, keçən il millət kütləvi şəkildə dənizdə intihar eləyirdi. Elə bil bunlara üzməyi öyrədən olmayıbdır.
Üçüncüsü, Binəqədi rayon sakinlərinə təşəkkür edirəm, çünki onlar mən bu cızmaqaranı elədiyim anlarda hələlik heç kimə, heç nəyə görə təşəkkür eləməmişdilər. Sabunçu, Suraxanı, Nəsimi sakinlərinə də təşəkkürümü bildirirəm – Allah bilir onların bu saat hansı dərdi-səri vardır. İnsanları sevməliyik, onları sevən çox azdır.
Ancaq, ümumiyyətlə, həyat şansları hər canlı üçün, bəlkə, milyonda birdir. Bu baxımdan, həyata gəldiyimiz üçün uca yaradana təşəkkür borcumuz vardır. Bəlkə, yaratmasaydı? Hərçənd, heç onun da bizi yaratmaq məqsədi aydın deyildir. Neyləyirdi axı bu qədər adamı, həşəratı, böcəyi-möcəyi? Dünyada ən azı dörd cür canlı vardır: icra hakimi, nazir, hüquq...
Zarafat edirəm, bizim planetdə həyat nüvəlilər (insan da bura daxildir), nüvəsiz birhüceyrəlilər, bakteriyalar və viruslara bölünür. Sözgəlişi, bu yaxında bir həkimdən intervü almışdılar, deyirdi ki, koronavirusa dərman tapılmayacaq, çünki bu virus öz hüceyrə quruluşunu tez-tez dəyişir. Hörmətli yoldaşın xəbəri yoxdur ki, virusların, ümumiyyətlə, hüceyrəsi olmur. Ancaq mən ona da təşəkkür edirəm. Bu gün milli təşəkkür günüdür. Təcili yardım həkimlərinə, Binəqədi 6-cı polis bölməsinin dünən məni cərimə etməyən əməkdaşlarına, ayın 15-də 16:00-da təndiri qalayıb çörək yapacaq ağbirçək nənələrimizə, Zaurun verilişinə, Tolikin göz yaşlarına, Bakını torpaq yollarla tərk edən karantin qaçaqlarına, mənə Çexovun çoxcildlik külliyyatını bağışlamağa söz vermiş oxucum Rəfiq xanıma, sayta bu yazını qoyan əməkdaşa dərin təşəkkürümü bildirirəm. Əgər biz bu ağır günlərdə hamımız təşəkkür içində olsaq, gör nə qədər islahat yaranar. Yoxsa baxırsan bir qrup adam var, elə narazılıq edir. Onu bəyənmir, bunu bəyənmir... Ancaq donquldanırlar. Müdriklər demişkən, qaranlığı söyənəcən “Azərişıq”ın müştəri xidmətinə zəng elə.
Hələ bir dənə də bu temada müdrik əhvalat vardır: “Qayıqla keçdin Arazı, Basmarladın Naznazı, Naharda yedin qazı, Daha niyə olursan narazı?”
Bu arada ermənilər Qarabağa 3-cü yolu çəkiblər. Avropa Parlamenti həmin yolu pisləmişdir. Biz buna görə AP-ə təşəkkür edirik. Ermənilər isə qoy Qarabağa daha çox yol çəkməkdə olsunlar – qaçmaqları asanlaşar. Bu istiqamətdə böyük irəliləyişimiz var. Misal üçün, keçən həftə Xarici İşlər naziri DTX-ya məktub yazıbdır. Kürəkəni Rəhim Qazıyevi al qana bülənd edibdir.
Yeri gəlmişkən, Azərbaycan xalqı 30 ildir, dirəşib ki, niyə Rəhim Qazıyev özünü vurub öldürməyibdir, axı söz vermişdi. Əlbəttə. Əsas odur, millətin suç keçisi olsun, qalanı asandır. O ölsün, biz yaşayaq. Şuşasız, Şuşalı, bunun nə əhəmiyyəti var ki? Adam var, gedir Qrenlandiyada balıq tutub, yaşayır. Ya da Tuvalu adasında tumançaq gəzir. Hərdən də kokos qozu yeyir. Bunun həyat tərzinə heç bir dəxli yoxdur. Yuxarıda sinifləri yazmışam – nüvəlilər... Görəsən, suç keçisini Qurban bayramında üzü qibləyə kəsmək qəbul olunandırmı? Şeyx Çexiyadan karantindən qayıtsaydı üzbəüz soruşardıq. Təbii, iki metr məsafə saxlamaqla.






