İnsanlara hürriyət, millətlərə istiqlal!

"Təsadüf qəzaya oxşamırdı" - AzTV rəhbərinin bacısı oğlu sui-qəsd hadisəsinə görə dindirildi

978 18.05.2018 14:11 Kriminal A A

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb. Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.

Məhkəmədə təqsirləndirilən A.Hüseynov ifadə verib. O, digər təqsirləndirilən üç şəxsin telefon danışıqlarının çıxarılmasını istəyib: "Onlar mənim ifadəmin dəyişdirilməsini tələb edirlər. Mənə qarşı təzyiq edib, hədələyirlər. Onlar qohumlarımın üstünə adam göndəriblər ki, ifadəmi dəyişim".

Hakim deyib ki, A.Hüseynovun ifadəsi protokola qeyd ediləcək. Məhkəmədə zərərçəkmiş Dəyanət Cəfərov dindirilib.

Arif Alışanovun bacısı oğlu olan Cəfərov söyləyib ki, Şamaxıda torpaq almaq üçün təqsirləndirilən Ş.Əkbərova müraciət edib: "Bizə torpaqları Şücayət göstərirdi. Qiymətləri də onun özü danışırdı".

D.Cəfərov hadisə barədə də danışıb: "Arif müəllim Şücayətin maşınında gəlirdi. Bizim maşını isə Hacı sürürdü. Arxadan bizim maşını Zöhrab avtomobili ilə vurdu. Ona saxla dedim. Bu zaman Zöhrabın maşını aşdı. Yaxınlaşdıq, sonra onu maşına mindirib xəstəxanaya apardıq. Bu, təsadüf qəzaya oxşamırdı. O, hadisəni qəsdən törədib".

D.Cəfərov ifadə verən zaman təqsirləndirilən Ş.Əkbərov ona müdaxilə edib. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Hakim Ş.Əkbərova xəbərdarlıq edib.

D.Cəfərov ifadəsinin davamında bildirib ki, Şamaxının Çuxuryurd kəndində 300 min manata ferma, 600 min manata isə torpaq alıblar: "Sonuncu dəfə Şücayətə torpağın alınması üçün 37 min manat və 19 min dollar pul vermişik. O isə bütün torpaqları öz adına keçirdi".

İttiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həmçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmamaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

İttihama görə, M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

İlkin Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR