İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərin yenilənən su təsərrüfatı ilə bağlı reportaj- tətbiq edilən yeniliklər FOTOLARDA

676 03.06.2021 18:32 Ölkə A A

İyunun 3-də Tərtərdə SCADA sistemi tətbiq edilən ağıllı subartezian quyularından biri istifadəyə verilib.

Musavat.com xəbər verir ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin xətti ilə Tərtərdə olan media nümayəndələri ağıllı subartezian quyularından birinin istifadəyə verilməsini əyani müşahidə ediblər.

Tərtər Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, yeni istifadəyə verilən artezianın yanında 35 hektar əkin sahəsi var: “Respublikada son illər mütərəqqi texnologiyaların tətbiqi ilə əlaqədar xeyli artezian SCADA sisteminə qoşulub. Həmçinim bizim rayonda 47 artezian SCADA sistemi ilə işləyir. Quyu həmin sistemlə mərkəzi qaydada kompüter otağından idarə olunur.

Müharibə dövründə 21 artezian quyusu qazılıb, artıq hamısı istifadəyə verilib və SCADA sistemi ilə təmin olunub. Bu il mayın 31-də ölkə Prezidentinin verdiyi sərəncama uyğun olaraq daha 10 subartezian quyusu qazılacaq.

Qeyd edim ki, Tərtər rayonunda 29 133 hektar əkin sahəsinin 18 402 hektarı son 30 ildə yalnız subartezian quyuları vasitəsilə suvarılıb, Tərtərin başqa suvarma mənbəyi olmayıb".

Əli Əliyev SCADA sisteminin çox böyük əhəmiyyətə malik olduğunu deyib: "Fermer müraciət edir, buradan kompüter otağına xəbərdarlıq edirik, kompüter otağında qeydiyyat aparılır və artezian işə düşür. Hektarına və məhsuldarlığa görə sahə suvarılandan sonra məlumat verilir. Daha sonra ikinci fermerə fasilələrlə su verilir.

“Meliorasiya və su təsərrüfatı” ASC olaraq məruzə etmişik ki, yaxın vaxtlarda Sol və Sağ Sahil kanalları istismara verilərsə 211 artezian quyusunun dayandırılması gözlənilir. Hər bir artezian limitlə işləsə belə, 1 ayda 2000 manat təkcə enerji pulu sərf olunur. Ümumilikdə istismar xərclərini götürəndə hər birinə 15-20 min xərc çəkilir. Suqovuşandan su gələrsə, təsəvvür edin dövlət vəsaitinə nə qədər qənaət etmiş oluruq.

Rayonda 552 artezianı istismar edirik, onun 342-si işlək və saz vəziyyətdədir, 47-si isə SCADA sisteminə qoşulub".

Əli Əliyev sonda qeyd edib ki, bu il 10 artezian da istifadəyə veriləcək və onların da hamısı SCADA sisteminə qoşulacaq.

Qurumun nümayəndəsi Dilqəm Şərifov isə jurnalistlərə açıqlamasında bildirib ki, istifadəyə verilən subartezian quyusu Tərtər rayonunda sayca 23-cüdür:

"Rayon ərazisində daha 21 quyunun istifadəyə verilməsi ilə bağlı işlər görülür. Ümumilikdə Tərtər rayonunda 44 subartezian quyusu var. Artıq onlardan 23-də SCADA sistemi quraşdırılıb. Bu il ərzində digər 21 quyuda SCADA sistemi quraşdırılacaq.

Respublika ərazisində əkinlərin su təminatının yaxşılaşdırılması məqsədilə bu günə qədər qazılan subartezian quyularında SCADA sistemi tətbiq edilib.

Ümumiyyətlə, “Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nəzarətində 8200-dən artıq subartezian quyusu var və hər biri işlək vəziyyətdədir. 2018-ci ildən bu günə kimi yeni qazılmış və istifadəyə verilmiş quyuların bir çoxunda SCADA sistemi quraşdırılıb. Onların sayı 14 rayonda olmaqla 517 ədəddir.

Bu sistem vasitəsi ilə su quyularına uzaqdan kameralar vasitəsi ilə nəzarət olunur, söndürülür-yandırılır, suyun verilməsi və bitməsi üçün vaxt limiti qoyulur. Bununla da internetlə idarə olunan SCADA sistemi ilə həm enerji həm də su itkisinin qarşısı alınmış olur".

Qurum nümayəndəsi həmçinin onu da qeyd edib ki, bu il və gələcəkdə qazılacaq bütün subartezian quyularının hamısında SCADA sistemi tətbiq ediləcək.

Xalidə Gəray
Alim Liftiyev
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR