İnsanlara hürriyət, millətlərə istiqlal!

Tərtərin düşmənə göz dağı olan sipər kəndi – əməkdaşımız Qapanlıdan yazır - FOTOLAR, VİDEO

4205 15.09.2016 09:00 İqtisadiyyat A A
“Yeni Müsavat” qəzetinin reportyor qrupu bu dəfə Tərtər rayonunun düşmənlə həmsərhəd Qapanlı kəndində olub, yerli sakinlərin həyat şəraiti, problemləri, güzəranı ilə maraqlanıb. 

Tərtərin mərkəzindən Qapanlıya təxminən yarım saatlıq yoldur. Bələdçimiz elə həmin kəndin sakini, I qrup Qarabağ əlili Fazil Allahverdiyev yol boyu bizə birinci Qarabağ savaşı zamanı keçdiyimiz ərazilərdə gedən döyüşlərdən danışır.

Deyir ki, gecə ilə qadınları kəndlərdən çıxarıb şəhərə yollayıb, özləri isə yeniyetməsindən qocasına kimi birləşib, əllərinə silah alıb bu çöllərdə savaşıblar. Günlərlə bir tikə çörəkdən başqa boğazlarından heç nə keçməyib, tikələrini yarı böldükləri cəbhə yoldaşları qucaqlarında can verib. Ancaq canları-qanları bahasına Tərtərin düşmən əlinə keçməsinə imkan verməyiblər. Əksinə, burada daha yaxşı yaşamaq üçün əkib-becərir, güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Bu işdə onlara dövlət dəstəyi də az deyil. 

Tərtərdən kəndlərə gedən avtomobil yolunun hər iki tərəfi əkin sahələridir. Əhalinin əsas gəliri də əkinçilikdəndir. Əhali taxıl, pambıq kimi strateji məhsullarla yanaşı, tərəvəz məhsulları da becərir, bazara çıxarır. Bu əkin sahələri həm də insana ümid verir. Ona görə ki, insanlar burada gələcəyə inanırlar, güllə altında yaşasalar da torpaqlarını tərk edib getmək fikirləri yoxdur. 

Müşahidələrimizdən belə qənaətə gəlirik ki, Azərbaycanın digər ucqar rayonlarından  fərqli olaraq  Tərtərin abadlaşdırılmasına dövlət daha çox diqqət göstərir. Yolboyu  rayonun yenilənmiş işıq dirəkləri gözümüzdən qaçmır. Rayonunun bütün kəndlərində yeni elektrik dirəkləri, işıq xətləri çəkilib, “Azərişıq” ASC tərəfindən yeni transformator stansiyaları quraşdırılıb. Bələdçimiz izah edir ki, kənddə bir dəqiqə də işıq sönmür və elektrik sarıdan əhali korluq çəkmir. Su artezian quyularından çıxarılır. Kənddə bir neçə artezian quyusu qazılıb və evlərə də həmin quyulardan su xətləri çəkilib. Bu işlər də dövlət hesabına görülüb. Kənddə yalnız qaz yoxdur. 


Yeganə problem odur ki, Tərtərin mərkəzindən kəndlərə doğru getdikcə yolda asfalt örtüyü bitir və sakinlərin  “qruntovoy” yol dedikləri çay daşlarından salınmış yol başlayır. Burada avtomobillərin hərəkət sürəti zəifləyir, yoldan qopan toz isə arxadan gələn maşınlar üçün yolu görünməz edir. Təxminən bir saata bu narahat yol bizi Qapanlı kəndinə gətirib çıxarır. Yolda kənd sakinləri nabələd qonaqları maraqlı baxışlarla süzür. Bələdçimiz deyir ki, bu kənd düşmənə yaxın olduğundan kiçikdən böyüyə hər kəs ayıq-sayıqdır, kəndə gələn yad insanları gözdən qoymurlar. Məqsəd isə erməni kəşfiyyatının kəndə daxil olmasına mane olmaq və bu işdə hərbçilərə kömək etməkdir. 

Qapanlının küçələri ilə getdikcə, hasarlarda, dəmir darvazalarda güllə izlərini görmək olur. Bu izlər həm də sakinlərin nə dərəcədə təhlükədə olmasından, təhlükəyə rəğmən, onların öz torpaqlarından imtina etməmək əzmindən xəbər verir. O səbəbdən qarşımıza çıxan kəndlilər gözümüzdə bir qəhrəmana çevrilir. 

Bələdçimiz bizi düşmənlə üz-üzə qalan sonuncu evə aparır. Məmmədovlar ailəsi bizi kənd insanlarına xas olan bir mehribanlıqla qarşılayır. Məlum olur ki, Qarabağ savaşı başlayandan onların bir günü də atəş səsləri olmadan keçməyib. Lakin heç vaxt ata yurdlarını tərk etmək niyyətləri olmayıb. Müvəqqəti olaraq, harasa getsələr də ən qısa müddətdə geri dönməyə can atıblar. 

Kəndin başıpapaqlıları kamera qarşısında danışmaqdan imtina etsə də, ürəklərindən keçənləri bizimlə bölüşdülər. Dedilər ki, hər zaman ayıq-sayıq olmağa məcburdurlar. Atışma zamanı qadınları təhlükəsiz əraziyə göndərsələr də, özləri kəndi bir saat da olsun tərk etmirlər. 


Qapanlı kişiləri düşməni evlərinin önündən qovub torpaqları azad etməyi daha çox arzu edirlər. Odun-alovun içində yaşayanlar gələcəkdə uşaqlarının, qız-gəlinlərinin sakit həyatını təmin etmək üçün düşməni dəf edəcəkləri günü gözləyirlər. Qadınlar isə bu vəziyyətdə yaşadıqları çətinlikləri dilə gətirdilər. 80 yaşlı Ceyran Məmmədova deyir ki, atışma intensivləşəndə evin üstünə də güllələr yağır, həyətə çıxmaq təhlükəli olur. 

O səbəbdən evin arxasında gizlənirlər. Atışma güclənəndə isə sərhəddən bir qədər uzaqdakı qohumlarının evinə köçürlər: “Bu namərd düşmənlərin əlindən öz evimizdə rahat otura bilmirik. Böyük oğlum atışma başlayanda bizi götürüb mərkəzə, qohumlarımızın evinə aparır. Qapılara qıfıl vurub gedirik. Malımız, heyvanımız pəyədə bağlı qalır. Elə olur gecə saat 1-də atırlar, yerimizdən çıxıb evin arxasına qaçırıq”. 


Sakinin sözlərinə görə, kəndin gecə-gündüz demədən atəşə məruz qalması bəzi sakinlərdə psixoloji travma yaradıb: “Qızım Gözəl həyətdə işləyəndə güllə gəlib onun biləyinə dəydi. Onu çıxartmaq üçün üç əməliyyat keçirdilər. Bu hadisədən sonra qızımda travma qaldı. İndi atışma səsi gələn kimi başını tutur, halı pisləşir. Məsafə də çox yaxındır. Onlar bərkdən danışanda burada eşidirik. Mərmilər evin damını, pəncərələrini sıradan çıxarıb. Bir neçə dəfə hökumət evimizi bərpa edib. Bundan başqa, dövlət hesabına cəbhə istiqamətindən kəndin kənarlarına hasar çəkilib. Bu hasarlar nisbətən güllənin qabağını alır, bunlar olmasaydı yəqin ki, daha çox zərər dəyərdi”.


Sakinlər artıq gecənin bir yarısı isti yataqlarından çıxıb evlərini tərk etməyə də, maşında gecələməyə də alışıblar. Deyirlər ki, hərənin evdə bir çamadan hazır paltarı var, atışma başlayan kimi dərhal çamadanı götürüb yaxın qohumlarının evinə qaçırlar. Düşmənin əlindən əkin sahələrində də rahat işləyə, mal-qaralarını otara bilmirlər.  
Uşaqlar həyətdə oynayarkən belə təhlükə altındadırlar. Bütün bunlar isə onların düşmənə nifrətini daha da artırır. Bizim üçün təhlükədə olan, sadəcə, Vətəndirsə, onlar üçün övladları, evləri, min bir zəhmətlə qurduqları güzəranları da təhlükədədir. Sıradan bir insanın bu vəziyyətdə bir gün yaşaması belə qəhrəmanlıqdır. Deyirlər ki, vəziyyət nə qədər ağır olsa da, evlərindən köçən deyillər. Buranı tərk etməli olan onlar deyil, ermənidir. 


Məmmədovlar ailəsi ilə sağollaşıb Tərtərin mərkəzinə doğru yol alırıq. Magistral yolun kənarlarında tək-tük palçıq evlər gözə dəyir. İlk baxışdan bu evlərdə insanların yaşaması inandırıcı gəlməsə də, yaxınlaşdıqca burada nə  qədər unudulmuş, gözdən-nəzərdən uzaqda sönən həyatların olduğunu görürük. Həmin ailələrdən birinin qonağı olub, vəziyyəti ilə maraqlanırıq. 

Ağdam rayonunun düşmən işğalında olan Baş Qərvənd kəndindən qaçqın düşən Əvəz Bəşirov 6 nəfərdən ibarət ailəsi ilə birlikdə 23 ildir çiy kərpicdən tikdiyi daxmada yaşayır. İnsan boyundan azca hündür olan evin divarları çatladığından uçma təhlükəsi var. Evdə gözdən əlil olan Əvəz Bəşirovla yanaşı oğlu, gəlini və 3 nəvəsi də yaşayır. 


Deyir ki, 23 ildir qaçqın düşüblər, həmin müddətdə bir nəfər də olsun dövlət qulluqçusu gəlib onlarla maraqlanmayıb: “İlk dəfə qapımızı açan, bizimlə maraqlanan siz oldunuz. İlk dəfə sizi görürük. Bir adam gəlib demir ki, necəsiniz, necə dolanırsınız? Şəraitimiz həddindən artıq pisdir. Bizə də diqqət ayırsaydılar, yaxşı olardı”. 

Onu da qeyd edək ki, həm Tərtər, həm də Ağdam ərazisində bu cür çiy kərpicdən tikilmiş  qaçqın evləri yüzlərlədir. Onlar da normal şəraiti olan evlərə köçürüləcəkləri günü gözləyirlər. Tərtər rayon sakinlərinin güzəranına gəlincə, qeyd etdiyimiz kimi, əhali əkinçilik və maldarlıqla dolanır. Əkin onlara baha başa gəlməklə yanaşı, becərdikləri məhsulu satmaqda da çətinlik çəkirlər. 


Bir çox hallarda isə hava şərtləri və zərərverici həşəratlar əkini məhv edir. İnsanların əziyyəti batır, illik gəlirlərindən məhrum olurlar. Əhalinin əksər hissəsinin aylıq gəliri demək olar ki, yoxdur. Hər ailədə bir qoca pensiyaçı var ki, onların aldığı 150-200 manat evlərə daxil olan yeganə puldur. Sakinlər bizimlə söhbətində bildirdilər ki, qocaların pensiyası onları aclıqdan xilas edən yeganə gəlirdir. Bu isə çox zaman onların müalicəsinə gedir. 

Ölkə başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamdan sonra Tərtərdə də strateji məhsulların, əsasən də pambığın inkişafına xüsusi yer ayrılıb. Yolboyu hektarlarla pambıq sahələri gözə dəyir. Kənd təsərrüfatının bu növü həm də  yerli sakinlər üçün əlavə iş yeri, qazanc deməkdir. 


Tərtər səfərimizdən belə nəticəyə gəldik ki, hazırda rayonun ən böyük problemi məhz erməni işğalçıları ilə bağlıdır. Azərbaycan Silahlı Qüvvələrinin sonuncu aprel  uğuru da göstərdi ki, bu problemin həlli elə də uzaq görünmür. Elə sakinlər də torpaqlarımızın tezliklə azad ediləcəyinə, düşmənin bu ərazilərdən uzaqlaşdırılacağına inanırlar. Əksəriyyəti evini təmir etmək, övladlarını evləndirmək üçün də Qarabağın azad edilməsini, müharibənin dayanmasını gözləyir...

Nərgiz LİFTİYEVA
,Məğrur MƏRD
Tərtər-Bakı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR