“95 saylı Tərtər seçki dairəsi üzrə qeydə alınmış namizəd Şəhriyar Məcidzadəyə qarşı təzyiqlər davam edir”.
Bu barədə müsavat.com-a Ş.Məcidzadənin Seçki Qərargahından məlumat verilib: “Şəhriyar Məcidzadə bu gün saat 14.00-da Qazyan kənd məktəbinin qarşısında görüş keçirməyi planlaşdırmışdı. Ancaq görüşdən bir saat qabaq 90 XR 852 dövlət nömrə nişanlı ağ “Hyundai” markalı avtomobildə icra strukturlarında çalışan şəxslər bütün kəndi gəzərək insanlara hədə-qorxu gəliblər və görüşə çıxmamaq barədə tapşırıq veriblər. Həmin nömrə nişanlı avtomobilin Tərtər rayon bələdiyyə sədrinə məxsus olduğu bildirilir. Bundan başqa kənd sakinlərinin toplaşdığı çayxana da bağladılıb. Bundan öncə də dəfələrlə belə hadisə ilə qarşılaşan Şəhriyar Məcidzadə məsələ ilə bağlı Dairə Seçki Komissiyasına da şikayət edib. DSK Tərtər rayon İcra Hakimiyyətinə müraciət etsə də, yenə də seçicilərə və Şəhriyar Məcidzadəyə qarşı təzyiqlər dayanmayıb.
İcra nümayəndələri və bələdiyyələr bu hərəkətləri ilə hüquqi seçki prosesinə maneçilik yaratmağa çalışırlar. Bununla yanaşı onlar Azərbaycan Respublikası Prezidentinin 11 may 2005 tarixli Sərəncamını və Azərbaycan Respublikası Qanunvericiliyini də pozmaqla məşğuldurlar. İcra nümayəndələrinin kimə güvənib prezidentin sərəncamına qarşı çıxdıqlarını deyə bilmərik, ancaq ortada bir fakt var ki, Azərbaycan qanunvericiliyinin, prezidentin tapşırığı pozulur.
Tərtər rayon İcra Hakimiyyəti Yuxarı Qapanlı kənd sakinləri ilə görüşü Qazyan kənd məktəbinin qarşısına təyin etsə də, bu gün heç kimə deyilmədən görüşün yeri dəyişdirilib və Yuxarı Qapanlıda yerləşən Qazyan məktəbinin qarşısına salınıb. Yalnız görüşə bir saat qalmış namizəd Şəhriyar Məcidzadə və onun vəkilləri bu barədə məlumatlandırılıb. Olayla bağlı 95 saylı Tərtər seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri Həmid Mehtiyev şifahi şəkildə məlumatlandırılıb. Hazırda Qazyan və Yuxarı Qapanlı kəndindəki bütün obyektlər bağlanıb.
Onu da əlavə edək ki, bir müddət öncə Mamırlı kəndində seçicilərlə görüş zamanı kəndin bələdiyyə sədri Kamal Quliyev şəxsən özü seçicilərin və Şəhriyar Məcidzadənin fotolarını çəkmişdi. Daha sonra o Şəhriyar Məcidzadənin atası Sərdar Həmidovdan polisə şikayət ərizəsi yazmışdı. Sərdar Həmidov həm də Ş.Məcidzadənin vəkilidir”.
M.MAHRIZLI