İnsanlara hürriyət, millətlərə istiqlal!

TƏRTƏR İŞİ: Erməni səngərinə girib düşməni məhv edən hərbçiyə dedilər ki... - Dəhşətli FAKTLAR

3520 21.04.2023 17:23 Kriminal A A

Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” üzrə həbs olunan yeganə general – Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra etmiş Bəkir Orucov və digər 4 hərbçinin cinayət işi üzrə məhkəmə araşdırmaları davam edir.

Musavat.com xəbər verir ki, Tərtər hadisələrilə bağlı cinayət işi üzrə icraat təzələnəndən sonra 2017-ci ilin may-iyun aylarında yüzlərlə hərbçiyə qarşı baş vermiş işgəncə halları araşdırılmağa başladı. Baş Prokurorluğun İstintaq İdarəsində aparılan istintaq çərçivəsində 2017-ci ilin mayında Tərtərlə yanaşı, Beyləqanda da hərbçilərə qarşı kütləvi işgəncə hallarının araşdırılması həyata keçirildi. Çünki orada da işgəncələr eyni səbəblərlə həyata keçirilir, hərbçilərdən düşmənə casusluq etmələri haqda bir-birinin, yaxud da özlərinin əleyhinə etiraf ifadələri almağa cəhd göstərilirdi.

Bəkir Orucov da Beyləqan hadisələri ilə əlaqədar məsuliyyətə cəlb olunub. Həmin hadisələr zamanı o, II Ordu Korpusunun Qərargah rəisi olub. “Beyləqan işi” üzrə daha 4 nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Bunlar korpusun təhqiqatçısı İntiqam Məmmədov, hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi Rahib Məmmədov, döyüş hazırlığı üzrə şöbəsində xidmət edən Ülvi Rəşidov və snayper bölüyündən Ziya Kazımovdur.

Adları çəkilən təqsirləndirilən şəxslərin işini Bakı Hərbi Məhkəməsinin hakimləri araşdırır. Lakin zərərçəkmişlərin sayının çoxluğuna görə məhkəmə iclasları Sumqayıt Məhkəmə Kompleksində keçirilir. Beyləqan hadisələrilə əlaqədar 63 nəfər zərərçəkmiş qismində tanınıb.

terter.jpg (60 KB)

Sonuncu məhkəmə iclasında təqsirləndirilən İntiqam Məmmədovun vəkili şikayətlənib ki, müvəkkilinin telefon danışıqlarına qadağa var. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxs onunla telefonla danışa, məsləhətləşə bilmir.

“Mən bir sıra məsələləri burada açıq demək istəmirdim, amma buna məcbur edirsiniz. Çünki sizin müvəkkiliniz telefonla zəng edib, müəyyən şəxslərə təsir göstərməyə çalışıb. Bu səbəbdən onun telefon danışıqlarına qadağa qoyulub”, - hakim Zeynal Ağayev vəkilə cavab verib.

Vəkil bildirib ki, artıq istintaq başa çatıb və istintaq orqanı da qadağanın götürülməsi haqda qərar verib. Lakin Bakı İstintaq Təcridxanası bu qadağanı götürmək istəmir.

Bundan sonra məhkəmədə zərərçəkmişlərin dindirilməsi başlayıb.

Orxan Səfərli danışır ki, 2017-ci ilim mayında məzuniyyətdə olarkən hərbi hissə komandiri Rəşad İsrafilov onu ezamiyyət adı ilə çağırıb və köhnə hərbi hissə binasına göndərib. Orada onun və başqa gələnlərin üzərində olan əşyaları (telefon, çəkmənin ipləri və s.) alıb, sıraya düzblər. Təxminən 20 nəfər olublar:

“Bizə dedilər ki, vətənə xəyanət eləmisiniz, düşmənlə əlaqədə olmusunuz. Dedim ki, nəyə əsasən belə deyirsiz? Biri dedi ki, “təpənə bir güllə vuraram, ailənin də xəbəri olmaz”.

Qara maskalılar gəldi, əl-ayağımızı bağladı. Bayquşgöz adlanan cihaz var, guya mən onu qəsdən xarab eləmişəm. Halbuki, məndə ümumiyyətlə, olmamışdı. İşgəncə vaxtı gözüm bağlı olduğuma görə konkret kimin işgəncə verdiyini bilmirəm...”

Başqa bir zərərçəkmiş Yusif Məmmədov hazırda Milli Orduda xidmət edir, zabitdir. Hərçənd, Beyləqan hadisələri nəticəsində onu dövlətə xəyanət ittihamıyla həbs eləmişdilər. O, məhkəmədə zərərçəkmiş qismində verdiyi ifadəsində işgəncəyə məruz qalmasıyla yanaşı, necə və niyə həbs olunmasından da danışıb.

Yusif Məmmədovun sözlərinə görə, həmin ərəfədə içkili vəziyyətdə gedib, düşmən öldürmək qərarına gəlib və yola düşüb. Onun getdiyini görən hərbçi yoldaşı Cavidan Dadaşov geri qaytarmaq üçün arxasınca gəlib. Qayatara bilməyəndə isə onunla birlikdə gedib:

“Mən neytral zonaya çatanda Cavidan da arxamca gəldi. Erməni səngərinə çatanda gördük ki, bir əsgər yatıb. Onu güllələdik. Onlar artıq xəbər tutdular. Tez geri qayıtdıq. Onda bizim vəzifəlilər də tökülüb gəlmişdilər – korpus komandirinə qədər oradaydı. Bizdən soruşdular ki, necə, hansı yollarla getmişik, nə baş verdi. Hamısını olduğu kimi danışdıq. Şəklimizi çəkdilər. Dedilər qəzetə verəcəklər. Mükafatlandıracaqlar...”

Onun sözlərinə görə, 4-5 gün keçəndən sonra onu korpus komandiri Mais Bərxudarovun qəbuluna çağırıblar. Orada Bərxudarov ondan yazılı izahat verib-vermədiyini soruşub. Əgər izahat veribsə, nə yazdığını bilmək istəyib. O isə cavabında deyib ki, əvvəl danışdıqlarını izahatında da olduğu kimi göstərib.

1681815721_1644836128_terter-isi.jpg (76 KB)

“Dedi ki, siz erməniyə işləyirsiz. Gəl, düzünü danış, bu məsələ böyüməmiş sənə kömək eləyim. Dedim ki, nə varsa, onu danışmışam. Mənə dedi ki, sənin dərini boğazından çıxartdıracam...”, - Yusif Məmmədov məhkəmədə ifadəsinin davamında bildirib.

Onun sözlərinə görə, otaqdan çıxandan sonra ora Cavidan Dadaşovu çağırtdırıblar. Onun özünü isə günorta saatlarında mülki geyimli şəxslər başına torba keçirib, harasa aparıblar və işgəncələr başlayıb. O, həmin vaxt hazırda təqsirləndirilən şəxslər arasında olan Ülvi Rəşidovu səsindən tanıdığını deyir:

“İlkin Ağazadəni (o da hazırda həbsdədir) də orada görmüşəm. Mənə dəhşətli işgəncələr verdilər. Sonra Cavidanın səs yazısını gətirdilər. Dedilər ki, bax, Cavidan boynuna alıb, sən də boynuna al. Dedim, elə şey olmayıb axı. İşgəncə yenə davam elədi. Mənə işgəncə verənlərə rəhbərlik edənlərdən biri Ülvi Rəşidov idi. O, Cavidanın dediyini təsdiqləməyimi, bir də Adil Sabirlinin adını çəkməyimi istəyirdi. Tələb edirdi ki, düşmənə işləməyimi boynuma alım. Demirdim, bu çıxırdı, dərhal işgəncə verənlər gəlirdi, işgəncələr davam edirdi. Axırda dedim...”

Adil Sabirli işgəncələr nəticəsində həyatını itirib. Döyülmə zamanı onun dalağı partlayıb və qanitirmədən ölüb.

Yusif Məmmədov haqqında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə cinayət işi başlanıb. Onun haqqında həbs qətimkan tədbiri seçilib. Onun sözlərinə görə, məhkəməyə və ardınca da polis şöbəsinin müvəqqəti saxlama təcridxanasına aparılanda üzərində işgəncə izləri açıq-aşkar görünürdü: “Məni o vəziyyətdə həbs elədilər...”

Lakin sonradan dövlətə xəyanət ittihamına xitam verilib. Onun üzərinə 3 başqa maddə ilə ittiham qalıb. 10 aylıq həbs və 300 manat cərimə ilə canını qurtarıb.

Yusif Məmmədov ifadəsində onu da bildirib ki, həmin hadisələr vaxtı təqsirləndirilən şəxslərdən Bəkir Orucovun da qəbulunda olub: “Lakin həmin vaxt ondan özümə münasibətdə zorakılıq görməmişəm”.

Daha bir zərərçəkmiş Sərvər Ələsgərov deyir ki, Yusif Məmmədovun əleyhinə ifadə vermək üçün ağlasığmaz işgəncələrə məruz qalıb. O, məhkəmədə danışıb ki, qamçı izlərindən kürəyində barmaq qoymağa yer yox idi. Sonda dözməyib, Yusif Məmmədovu neytral ərazidə düşmənlə söhbət edərkən görməsi haqda ifadə verib.

“Başlarında maska, əllərində silah olan adamlar bizi soyundurub atdılar betonun üstünə. Başladılar qamçı ilə döyməyə. Deyirdilər ki, “erməniyə işləyirsiz”. “Yox” dedikcə daha bərk vururdular. Kürəyimə o qədər vurmuşdular, barmaq qoymağa yer yox idi. Guya posta düşmən gəlib, mən də ona çay süzmüşəm. And-aman eləyirəm ki, belə şey olmayıb, xeyri yoxdur. Mənə balta və doğranmış ət göstərdilər, dedilər ki, Yusifdi, xainliyinə görə doğramışıq...”, - zərərçəkmiş ifadəsində bildirib.

O, Yusif Məmmədovun erməni postuna gedərkən içkili olduğunu təsdiqləyib. Deyib ki, getməmişdən əvvəl gəlib, digər hərbçilərə də xəbərdarlıq edib ki, birdən qarşı tərəfdən atəş səsləri gəlsə, dərhal onlar da reaksiya versinlər:

“Yusiflə iki gün idi birlikdə posta çıxırdıq. İçkili vəziyyətdə gəldi ki, gedib erməniləri öldürəcəm. Əgər o tərəfdən güllə səsləri eşitsəniz, siz də atın. Çıxıb getdi, dərhal bölüyə xəbər verdim, tökülüşüb gəldilər. Yusifgil qayıdandan sonra onların şəklini şəhidlərin plakatının yanında çəkdilər, dedilər ki, mükafatlandıracaqlar”.

Zərərçəkmiş İmran Musəvi baş leytenant kimi hazırda xidmətdədir. O deyir ki, işgəncəyə məruz qalmasa da, bir neçə gün qanunsuz saxlanılıb, zabit olaraq, şərəf və ləyaqəti alçaldılıb. İddia edilib ki, guya nənə və babası ermənidir. Halbuki, bu tamamilə yalan idi:

“Hərbi hissənin xidmət rəisi idim. Telefonoqram gəldi ki, sənədləri götürüb N saylı hərbi hissəyə aparmalıyam. Xidmət sənədlərini götürüb getdim. Hərbi hissəyə daxil olanda gördüm ki, 20-dən çox adam var. Burada gördüyüm təqsirləndirilən şəxslərdən Rahib Məmmədov və İntiqam Məmmədov əllərindəki siyahı ilə hamını düzmüşdü, adları çəkirdi. Bir-bir kazarmaya doğru gedirdik. Orada kəmərlərimizi, başqa şəxsi əşyalarımızı aldılar. Bizi bir neçə gün saxladılar. O günlərdə silahlı şəxslərin müşayiətilə yeməyə aparırdılar. Ona görə də mən bir dəfə yeməyə getdim, daha getmədim. Sağ olsun yoldaşlar, onlar gələndə çörəyin arasında nəsə gətirirdilər. Çünki o vəziyyətdə gedib yemək yeməyi zabit şərəfimə sığışdırmırdım. Mənə şər atırdılar ki, guya ana nənəm və babam ermənidir. Deyirəm, neçə il ali hərbi məktəb oxumuşam, ön xətdə xidmət eləmişəm, indi niyə araşdırmaq yadınıza düşüb?”

10569c601dea10a8953541cf601ac1a9.jpg (138 KB)

Aprel döyüşlərində yaralandığını deyən zabitin sözlərinə görə, onu ən çox maraqlandıran məsələ siyahıya onun adını kimin daxil etməsidir. İmran Musəvi vurğulayıb ki, o hadisələrdə özü də, ailə üzvləri də mənəvi zərbə alıb.

“32 yaşım var, 50 yaşda görünürəm. Atam keçirdiyi stresdən xərçəng xəstəliyinə tutuldu. Onu xərçəng xəstəliyindən əvvəlki vəziyyətinə kim qaytaracaq? Yoldaşıma deyiblər ki, ərin düşmənə işlədiyinə görə həbs olunub. Bu qədər sarsıntını mənə, ailəmə niyə yaşatdılar? Sonradan mənim müraciətim əsasında xüsusi şöbə bir daha araşdırma apardı, cavab verdilər ki, siz tərtəmiz azərbaycanlısınız”, - İmran Musəvi əlavə edib.

Zərərçəkmişlərdən o dövrdə manqa komandiri olmuş, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yasin Quliyev danışır ki, həyat yoldaşını ilan sancmışdı, ağır vəziyyətdə xəstəxanaya aparılmışdı. Bununla əlaqədar təcili məzuniyyət götürüb. Getmək istəyəndə polkovnik Seymur Həbibullayev məzuniyyət vərəqini cırıb atıb. Ona salam verməməsi Həbibullayevin acığına gəlibmiş.

“Sonra da aparıb məni İntiqam Məmmədova təhvil verdi. Kazarmada taxta döşəmənin üstü su olurdu. Mənim izahatımı Rahib Məmmədov alırdı. Mənə dedilər ki, “boynuna al, erməniyə işləyirsən”. İntiqam içəri girdi, sinəmə təpik vurdu, ürəyim getdi. Üstümə su tökdülər, ayıldım. Seymur Həbibullayev barmağımı sındırmışdı. İntiqam deyirdi ki, siz öldürə də bilərdik, deyərdik ki, keçdi qardaşlarının yanına...”, - Yasin Quliyev məhkəmədə danışıb.

Təqsirləndirilən İntiqam Məmmədov isə zərərçəkənin böhtan atdığını iddia edib: “Onun ifadəsi başdan-ayağa iftiradır. Bu adam öyrədilib göndərilib bura...”

Məhkəmədə təqsirləndirilən generalın vəkili ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Vəkil müvəkkilinin kimsəyə işgəncə vermədiyini, qarşıdan Ramazan bayramı gəldiyini vurğulayıb.

Vəsatətə qarşı çıxan prokuror deyib ki, bu cinayət işində 63 zərərçəkmiş var ki, onlardan da təxminən 20 nəfəri dindirilib. Üstəlik, 31 şahid var. Dövlət ittihamçısının sözlərinə görə, zərərçəkmiş və şahidlərə təsir göstərilməsi ehtimalı var.
Məhkəmə də vəsatəti təmin etməyib.

Məhkəmə prosesi aprelin 27-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı işgəncə vermə, qəsdən bədənə ağır xəsarət yetirmə, qanunsuz azadlıqdan məhrumetmə və başqa ittihamlar irəli sürülüb. Lakin onlar özlərini təqsirli bilmir.

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR