İnsanlara hürriyət, millətlərə istiqlal!

Terrora məruz qalmış Fransanın Bakıdakı səfirliyində 1 dəqiqəlik sükut... – FOTOLAR, VİDEO

1841 08.01.2015 18:00 Gündəm A A
Bu gün Bakıda Parisdəki terror aktının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Fransanın Azərbaycandakı səfirliyi yanvarın 7-də Parisdəki "Charlie Hebdo" satirik jurnalının redaksiyasında baş vermiş terror aktı nəticəsində ölənlərin xatirəsinə hörmət əlaməti olaraq bayraqlar endirib. Yanvarın 8-də Bakı vaxtı ilə saat 15:00-da Fransa səfirliyində həmin terror aktının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, bu tədbirə mətbuat nümayəndələri buraxılmadı. Ciddi mühafizə sistemi qurulmuşdu. Mətbuat nümayəndələri ancaq bayırdan görüntü ala bilirdilər. Mətbuat nümayəndələrinin görüntü almasına saat 15:00-dan sonra icazə verildi. 

Bir çox ölkələrin Azərbaycandakı nümayəndələri, eləcə də, Azərbaycan ictimaiyyətinin təmsilçiləri - Milli Şuranın sədri professor Cəmil Həsənli, Ümid Partiyasının təmsilçiləri Ramin Hacılı, Tamilla Qulami, Günel Mahmudqızı, Milli Şuranın üzvü Yeganə Hacıyeva da səfirliyə gələrək, baş verən terror hadisəsiylə bağlı öz üzüntülərini bildirdilər. 

Milli Şuranın sədri Cəmil Həsənli musavat.com-a bu məsələ ilə bağlı açıqlama verib: “Çox ağır bir hadisə baş verib. Fransada redaksiyaya basqın edilib və 12 nəfərin həyatına son qoyulub. Fransa xalqı matəm içindədir. O cümlədən, Fransanın Bakıdakı səfirliyində matəm elan edilib. Bununla bağlı tədbir keçirilir. Ona görə də, biz özümüzə borc bildik ki, buraya gələk, bu ağır gündə fransız xalqının yanında olduğumuzu bildirək. Terrora məruz qalmış insanların ailələrinə, yaxınlarına baş sağlımızı verək. Və kim tərəfindən törədilməsindən asılı olmayaraq, terror aktını pisləyək”.

Ramin Hacılı isə bunları qeyd etdi: “Biz bu gün buraya gələrək, öz baş sağlımızı bildirdik. İslam dinindən, ümumiyyətlə, inanclardan siyasi alət kimi istifadə olunmasına qarşıyıq. İslamı gözdən salmağa çalışan qüvvələr var. Və düşünürük ki, məhz islam alimləri, xadimləri bu terrorizmə, islamı terrora bulaşdırmaq istəyən qüvvələrə qarşı mübarizədə ən ön cəbhədə vuruşacaqlar. Əsl müsəlmanlar terrorizmi dəstəkləmir. Terrorizm müsəlmanlar üçün yad bir elementdir. Düşünürük ki, terrora qarşı mübarizədə bütün dövlətlər birləşməlidir. Çünki terrorun dini, vətəni, milləti olmur”. 

Xatırladaq ki, Fransa prezidenti Fransua Olland "Charlie Hebdo" satirik jurnalının redaksiyasına qarşı terror hücumu nəticəsində ölənlərin xatirəsinə hörmət əlaməti olaraq, ölkədə üç günlük matəm elan edib. Jurnalın redaksiyasına bu terror hücumu nəticəsində 12 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

Məhəmməd TÜRKMƏN,
Fotolar və video müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR