Terror təhlükəsi qarşısında hüquq mühafizə orqanlarına xüsusi səlahiyyətlər verilib
Ölkəmizdə beynəlxalq tədbirlər keçirilən ərəfədə diqqət çəkən məqamlardan biri də xüsusi xidmət orqanlarının aktivliyidir. Martın 28-də Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ili ilə bağlı mərasimdə nazir Eldar Mahmudov Azərbaycanda təhlükəsizlik tədbirlərindən danışıb.
MTN-in ictimai əlaqələr idarəsindən verilən məlumata görə, nazir vurğulayıb ki, Azərbaycana qarşı kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətlərinin vaxtında aşkar edilməsi üzrə sistemli əks-kəşfiyyat tədbirləri həyata keçirilir.
Eldar Mahmudov bildirib ki, Ermənistan xüsusi xidmət orqanlarının məxfi əməkdaşlığa cəlb etdiyi Azərbaycan vətəndaşı maddi maraq əsasında kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplayıb və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışıb.
Sitat: “Hazırda həmin fakt, eləcə də qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan daha 2 nəfər ölkə vətəndaşı barəsində müvafiq cinayət işləri üzrə istintaq aparılır”.
Nazirin açıqlamasından 1 həftə əvvəl İsrail vətəndaşlarına dünyanın 40 bölgəsinə getməmək barədə xəbərdarlıq edib. Həmin 40 ölkə arasında Azərbaycanın da adı olub.
“Yeni Müsavat”a daxil olan məlumatlarda deyilir ki, bu xəbərdarlıqdan xeyli əvvəl Azərbaycan hüquq mühafizə orqanlarına şübhəli bilinən hər kəsi dinləmək izni verilib. Üstəlik dinləmə zəruri hallarda müvafiq icazə olmadan baş tuta bilər. Dinləməyə izni olan qurum əməkdaşlarına inzibati ərazi bölgüsündən kənara çıxmağa da icazə verilib. Bu o deməkdir ki, Ağstafa rayon hüquq mühafizə orqanlarının əməkdaşları Astara rayonunda istənilən şəxsi dinləyə bilərlər. Belə bir icazənin Bakıda keçiriləcək İlk Avropa Oyunları ərəfəsində verilməsi təsadüfi deyil. Terror qruplaşmalarının beynəlxalq tədbirlərin düzənləndiyi ölkələrdə fəaliyyəti nəzərə alınanda bu iznin verilməsini hətta zərurət də hesab etmək olar.
İsrail xüsusi xidmət orqanlarının Azərbaycanda terror xəbərdarlığından sonra milli təhlükəsizlik nazirinin terrorçu qruplaşmalardan danışması da maraqlı məqamlardan xəbər verir. Nazir kimlərdən bəhs edirdi?
Azadlıq Radiosu bu suala aydınlıq gətirən yazı ilə çıxış edib. Həmin yazıda qeyd edilir ki, nazir çıxışında söhbətin konkret kimlərdən getdiyini açıqlamır, ad çəkmir. Amma Azərbaycan mediasında belə fikirlər var ki, nazir “maddi maraq əsasında kəşfiyyat xarakterli müxtəlif məlumatlar toplayıb və bunu peşə fəaliyyəti ilə pərdələməyə çalışıb” deyərkən ola bilər jurnalist Rauf Mirqədirovu, “qeyri-hökumət təşkilatı adı altında Ermənistan xüsusi xidmət orqanları ilə əlaqələri olan 2 nəfər” deyərkən isə Arif və Leyla Yunusları nəzərdə tutur. Çünki adları çəkilən şəxslərə qarşı elan edilmiş ittihamlarla nazirin çıxışında vurğuladığı əməllər çox oxşayır. Hər 3 şəxsin işi ilə bağlı hazırda istintaq gedir. Onların əleyhinə məhkəmə hökmü yoxdur, amma tez-tez məhz bu şəxsləri hakimiyyətə yaxın media orqanları “Ermənistana casusluq”da ittiham edirlər. Amma hələ də adı çəkilən şəxslərə qarşı ittihamın məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməyib. Onların özləri və vəkilləri isə jurnalistlərlə söhbətlərində ittihamları qətiyyətlər rədd edir, bu şəxslərin yalnız ictimai fəaliyyətlərinə görə, tənqidi mövqelərinə görə təzyiqlərlə üzləşdiyini deyirlər.
Xatırladaq ki, “Eurovision” yarışması öncəsi də paytaxt Bakıda, Gəncədə və Zaqatalada bir neçə səs-küylü antiterror əməliyyatları keçirildi. Radikal dini qrupların zərərsizləşdirilməsinə yönələn həmin əməliyyatlarda bir neçə terror edəcəyi güman edilən şəxs məhv edildi. Gəncədəki əməliyyatda isə MTN-nin bir zabiti şəhid oldu. Ola bilsin, növbəti dəfə Bakıda keçiriləcək beynəlxalq tədbir öncəsi bir sıra qüvvələr ölkəmizdə ortalığı qarışdırmaqda maraqlı olsunlar. Adının çəkilməsini istəməyən təhlükəsizlik ekspertinin musavat.com-a verdiyi məlumata görə, hazırda Azərbaycanda sabitliyi pozmağa maraqlı olan bəzi qüvvələr var.
Ekspert iddia edir ki, Avropa Yay Oyunları ərəfəsində də ən ümxtəlif ölıkələrin xüsusi-xidmət orqanlarına bağlı qüvvələr Azərbaycanda bəzi terror aksiyaları keçirmək istəyər bilər: “Bizim ölkənin xüsusi-xidmət orqanları kifayət qədər peşəkardır. Həmçinin bir sıra öndə gələn dövlətlərin xüsusi-xidmətləri ilə intensiv əməkdaşlıq edir. Ona görə də inanmıram ki, iyuna kimi hansısa terror əyləmi baş tutsun. Düzdür, heç bir ölkə bundan sığortalanmayıb. Amma bizim kəşfiyyat orqanları, o cümlədən polis və digər hüquq-mühafizə sistemi tam ayıq-sayıq vəziyyətdə bu istiqamətdə iş aparırlar. İnşallah bu cür xoşagəlməz olaylar baş verməz.”
E.Məmmədəliyev






