İnsanlara hürriyət, millətlərə istiqlal!

Ter-Petrosyan “70 illik sovet reallıqları” deyəndə nəyə işarə edir? - növbəti hiylə, yoxsa...

1710 29.09.2022 09:20 Gündəm A A

Murad Sadəddinov: “O demək istəyir ki, Ermənistan bu gün irəli sürülən şərtləri qəbul etməsə, ortaya Sovet İttifaqından öncəki xəritələr çıxacaq və Ermənistan məcbur olub buna razılaşacaq”

Ermənistanda reallıqları - Azərbaycanın şərtlərini, haqlı tələblərini qəbul etməkdən başqa çıxış yolu qalmadığını dərk edən adamların sayı az da olsa var. Onlardan biri də Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyandır. Əslində Ter-Petrosyanın erməni xalqına yazığı gələn bir xadim olması fikri də formalaşır. Onun Ermənistanın ictimai televiziyasına müsahibəsində “Ermənistanı çətin və ağrılı qərarlar gözləyir, həm Azərbaycan, həm də Türkiyə ilə müqavilələr imzalamalı olacaq.

Onun “Bu, heç kimə xoş gəlmir, lakin elə an gələcək ki, başqa seçim olmayacaq. Alternativ yoxdur. Müxalifət hesab edir ki, Paşinyanı hakimiyyətdən kənarlaşdırmaqla ağrılı qərarların qarşısını almaq olar. Bu, sadəlövhlükdür. Kim gəlsə, daha pis sənədə imza atacaq. Onların Ermənistandan nə istədiklərini anlamaq və daha ağrısız həll yolunu seçmək lazımdır. Bunu isə yalnız Paşinyanla danışmaqla başa düşmək olar, çünki o, tam məlumatı olan yeganə şəxsdir. Üstəlik, Paşinyan da sənədi imzalamaqdan qorxur, çünki nəyə imza atsa da, onu "satqın" adlandıracaqlar. Bu yolla biz də Paşinyana əlimizi uzadırıq, bu müqavilələrin imzalanmasının məsuliyyətini öz üzərimizə götürürük. Mən də öz növbəmdə bu məsuliyyətə hazıram" deməsi bunu söyləməyə əsas verir.

Ancaq Levonun açıqlamasında bir erməni hiyləsi də sezilməkdədir. Sitat: “Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik”.

“70 illik reallıqların bərpası” dedikdə Ter-Petrosyan nəyə işarə edir? Yoxsa o, vəziyyət normallaşandan sonra yenidən hiyləgərcəsinə sovet dövründəki, çoxdan gorbagor olmuş “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin bərpasına işarə edir? Yoxsa o, səmimidir və həmin dönəmdəki normal qonşuluq şəraitində yaşamağı nəzərdə tutur? 

Azərbaycan Ramşteydəki anti-Rusiya tədbirinə dəvət edilib?

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Levon Ter-Petrosyanın bu fikirləri kifayət qədər mövcud reallığı əks etdirən düşüncədən irəli gəlir. Baxmayaraq ki, Birinci Qarabağ müharibəsi, Azərbaycan torpaqlarının işğalı Levon Ter-Petrosyanın hakimiyyəti dövründə həyata keçirilib, onun indi Ermənistan İctimai Televizyasına müsahibəsindəki fikirləri reallığa düzgün yanaşmanın göstəricisidir. Ter-Petrosyan Ermənistan xalqını boş vədlərlə aldatmaq və dövlətini məhvə sürükləmək xəttinin əleyhinə olduğunu nümayiş etdirir: “Böyük siyasi təcrübəyə malik olan, Ermənistanla bağlı beynəlxalq siyasətin hazırkı durumundan kifayət qədər məlumatlı bir şəxs kimi Ter-Petrosyan proseslərin gedişatını, real geoisiyası durumu, regionda dövlətlərin hazırkı vəziyyətini, mövqeyini çox dəqiq müqayisə edə və nəticə çıxara bilir. Ona görə də nəticəyə gələrək və bu nəticədən çıxış edərək Ermənistanın yeganə çıxış yolunun nə olduğunu açıq ifadə edir.  Hesab edirəm ki, Levon Ter-Petrosyan "Əgər sənəd imzalanmasa, bu iki qonşu ilə sülh bağlanmasa, biz artıq Sovet İttifaqının 70 illik reallıqlarını bərpa edə bilmərik" deyərkən Azərbaycanla sovet hökuməti dövründəki Ermənistan-Azərbaycan arasında olan inzibati sərhədlərin indi dövlət sərhədlərinə çevrilməsini, həmçinin Sovet İttifaqının zamanındakı Azərbaycanla Ermənistan arasındakı əlaqələrin bərpasını nəzərdə tutur. Ter-Petrosyan bildirir ki, Ermənistanın bugünkü rəhbərliyi Fransanın, ABŞ-ın təsiri altına düşərək növbəti avantüraya əl atmaqla, Azərbaycanın irəli sürdüyü təkliflərin reallaşmasından yayınaraq gələcəkdə indiki vəziyyətdən də pis vəziyyətlə, daha pis şərtlərlə üz-üzə qalacaq və o zaman məcbur olub həmin şərtləri qəbul edəcək".

Ekspertin sözlərinə görə, Levon Ter-Petrosyan demək istəyir ki, Ermənistan bu gün irəli sürülən təklif və şərtləri qəbul etməsə sonra Sovet İttifaqı dövründəki xəritələr əsasında dövlət sərhədlərini müəyyənləşdirməsi mümkün olmayacaq və ortaya Sovet İttifaqından öncəki xəritələr çıxacaq və Ermənistan məcbur olub buna razılaşacaq: “Çünki 70 illik Sovet İttifaqı reallığı kənara qoyulanda qayıdılacaq 1920-ci ildən əvvəlki reallığa. O reallıq isə 1918-1920-ci illərdə mövcud olmuş müstəqil Azərbaycan Respublikası və Ermənistan Respublikasının sərhədlərini göstərən xəritədən ibarətdir. Həmin xəritələrdə isə bəllidir ki, Zəngəzur, Göyçə Azərbaycan Respublikasının rəsmi, dünya tərəfindən tanınan əraziləri olub. Həmin ərazilər Azərbaycan və Ermənistan Sovet İttifaqının tərkibinə daxil edildikdən sonra qanunsuz olaraq Ermənistanın inzibati idarəçiliyinə daxil edilib. Bax Levon Ter-Petrosyan məhz bu reallıqları nəzərdə tutur və Ermənistan hakimiyyətinə xəbərdarlıq edir ki, sonra gec olacaq, bu gün razılaşmasaq, sülh sazişi imzalamasaq sabah hətta Sovet İttifaqı zamanındakı inzibati sərhədləri dövlət sərhədi kimi rəsmiləşdirmək mümkün olmayacaq”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR