Təqaüdçülər kredit verilməməsinə etiraz etdi: “Biz maaş alanlardan daha yaxşı ödəyirdik” - VİDEO, FOTOLAR
Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatları tərəfindən təqaüdçülərə kreditlərin verilməsinin dayandırılması barədə qərar qəbul edib. Qərarın qəbul olunmasına səbəb kimi təqaüdçülərin ödəniş qabiliyyətinin aşağı olması göstərilib. Hesab olunur ki, bu qərar problemli kreditlərin həcminin artmasının qarşısını alacaq.
Qadağanın hansı müddəti əhatə edəcəyi məlum deyil. Verilən qərar isə təqaüdçülərin narazılığına səbəb olub.
Məsələ ilə bağlı musavat.com-un müxbiri paytaxt Bakıda narazı təqaüdçülərlə görüşüb və onların şikayətini dinləyib.
Nizami rayonu ərazisində bankomatların qarşısında 10-a yaxın təqaüdçü onlara kredit verilməməsi ilə bağlı etirazını bildirib. Onlar Mərkəzi Bankın atdığı bu addımı pisləyib, onlara kredit verilməsinin yenidən bərpa olunmasını tələb ediblər.
Narazı təqaüdçü Kubra Ələkbərova musavat.com-a danışarkən bankların onlara kredit vermədiyindən şikayətləndi: “Hansı banka gedirsən, kredit vermirlər. Deyirlər ki, pensiyaçılar az pul alır. Əslində isə elə deyil. Mən 245 manat təqaüd alıram. Bir neçə dəfə də kredit götürüb, vaxtında da ödəmişəm. İndi təzə qərar çıxarılıb ki, bizə kredit verilməsin. Oğluma nişan eləməliyəm, ancaq pul yığa bilmirəm. Belə işlərdə kredit lazımdır ki, xeyir işimi yola verim. Niyə bizə kredit vermirlər axı... Təqaüdçü adam deyil? Əslində mən normal kredit borcumu maaş alandan adamdan daha yaxşı ödəyirdim”.
Təqaüdçü Nəzakət Şəmsiyyə vəziyyəti belə izah etdi: “İndi bankdan gəlirəm. 1000 manat kredit almaq istəyirdim. Mədə dedilər ki, verə bilmərik. Qərar belədir... Həmin bankdan daha əvvəl iki dəfə kredit götürmüşəm. 169 manat pensiya alıram. Maaşımı yığa bilmirəm. Bu səbəbdən də kreditə ehtiyacım var. Bank işçiləri yoxladılar, əla müştəri olduğumu dedilər. Ancaq bir aydan sonra bir də gəlməyimi bildirdilər. Xahiş edirəm, pensiyaçılara kredit verilməsi dayandırılmasın. Çox ehtiyacımız var”.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.
Məğrur Mərd
Fotolar müəllifindir






