“İnsan ana dilində yazıb-oxumağı bacarmırsa, bir neçə universitet bitirsə də, bir neçə dil bilsə də, milli düşünə bilməyəcək”
Prezident İlham Əliyev Şuşada Dünya Azərbaycanlılarının 5-ci qurultayında çıxışında Azərbaycan dili haqda olduqca vacib, həm də orijinal təkliflər, ideyalar səsləndirib. Sitat: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir”.
Azərbaycan xalqı ana dili uğrunda tarix boyu savaşıb. Aydınlar, ziyalılar bu savaş uğrunda sürgünlərə məruz qalıb, repressiya qurbanı olublar. Bu baxımdan ana dilinin qorunması hər zaman diqqət mərkəzində olmalıdır.

Tənzilə Rüstəmxanlı
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, təkcə, xarici ölkələrdə yaşayan azərbaycanlılar deyil, ölkəmizdə yaşayanlar arasında da Azərbaycan dilinə ikinci dil kimi baxanlar var: “Rus dilində danışmaq avantaj hesab olunur. Azərbaycan dilinə isə yabançı dil münasibəti göstərənlər var. Təyyarəyə minirsən, hamı bir-biri ilə rusca danışır. Stüardessalar belə sualı rusca verirlər. Bu, bir dövlət üçün rəzalətdir. Gənclər arasında azərbaycan dilini bilməyənlər var. Rus dilində danışırlarsa, özlərini elitar hesab edirlər. Buna görə də Prezidentin ana dilinə diqqət çəkməsi çox önəmlidir. Düşünürəm ki, bu, sadəcə, sözdə qalmayacaq. Məsələyə dövlət başçısı səviyyəsində diqqət çəkilirsə, deməli, ciddi narahatlıq var. Xaricdə yaşayan azərbaycanlıların təhsil, iş prosesində, yaxud gündəlik həyatda yaşadıqları ölkənin dilində danışmaqları normaldır, lakin ailədə ana dilini öyrənmək mütləqdir. İnsan ana dilində yazıb-oxumağı bacarmırsa, bir neçə universitet bitirsə də, bir neçə dil bilsə də, milli düşünə bilməyəcək. O, türk, azərbaycanlı kimi düşünə bilməyəcək. Ümumiyyətlə, Azərbaycan xalqı yabançı dil kimi faktorların təsiri altına düşməyə meylli xalqdır. Mən qərbi azərbaycanlıyam. SSRİ dövründə orada erməni dili hər yerdə birinci idi. Gürcüstanda əlifbanı belə dəyişmədilər. Biz isə kiril əlifbasına keçdik. Nə məcburiyyət vardı? Bəlkə də bunu planlı şəkildə bütün türkdilli dövlətləri assimilyasiya etmək üçün tətbiq etmişdilər. Bəlkə millət kimi iradəmizi ortaya qoysaydıq, bu məcburiyyətimiz olmayacaqdı. Doğrudur, şərtləri də nəzərə almaq lazımdır: Aydınlarımız ana dili üçün sürgün edilmişdilər, repressiyalar olmuşdu. Lakin 30 ildir müstəqil olan dövlətin vətəndaşının ana dilinə ikinci dərəcəli dil kimi yanaşması qəbuledilməzdir. Azərbaycan ilk dəfə müstəqilliyini qazandıqda biz rus dilindən xilas olmuşduq. Bir kampaniya vardı, hər kəs övladını Azərbaycan məktəbinə verirdi. Eyni zamanda rus dilini də öyrədirdilər. Düşmənin dilini də öyrənmək lazımdır”.
T.Rüstəmxanlı həmçinin azərbaycan dilini bilməyən şəxslərin vəzifəyə təyin olunması ilə bağlı narahatlığını da bildirdi: “Rus dilini öyrənmək, bilmək lazımdır, lakin təhsil sistemi azərbaycan türkcəsində olmalıdır. Vəzifədə olan bəzi şəxslər azərbaycan dilində eybəcər danışırlar. Bizim dövlət dilimiz azərbaycan dilidir. Azərbaycan dilinin hər məqamda üstün olmasına nail olmaq lazımdır. Təəssüf ki, yalnız ölkə başçısı diqqət çəkdikdən sonra bir çox məsələlərlə bağlı işlər görülməyə başlayır. Bir xalqın varlığının ən önəmli atributlarından biri dildir. Bu baxımdan ölkə başçısı çox taleyüklü məsələyə diqqət çəkib. Kimi dindirirsən, uşağı rus dilində təhsil alır. Rus məktəblərinin sayının artırılması sürətlə baş verdi. Bunun qarşısı alınmalıdır. Rus dili Azərbaycan məktəblərində yabançı dil kimi tədris olunmalıdır. Rus dilinin tədrisi üçün 300 məktəbə ehtiyac yoxdur. Xarici dildə tədris olan məktəblərdə belə dövlət dilinə diqqət göstərilməlidir”.

Vəsilə Vahidqızı
Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir:
“Dünyanın 6 şəhərində ”Qarabağ məktəbi" fəaliyyət göstərir. Bu məktəblərdə 250-dən çox azərbaycanlı uşaq təhsil alır. Kanadanın Ottava, Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm, Böyük Britaniyanın London şəhərlərindəki bu məktəblər pedaqoji heyət, dərs vəsaitləri və müvafiq vəsaitlərlə təmin olunmuşdur. Xaricdə böyüyən azərbaycanlı gənc nəslin Azərbaycanla bağlı olması və ilk növbədə azərbaycan dilini bilməsi məqsədilə oflayn, onlayn və hibrid metodlarla layihələr həyata keçirilir. Burada şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan və dünya tarixi, rəsm və piano dərsləri keçilir.
Xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün komitə tərəfindən hazırlanmış “Azərbaycan dili” dərsliyi Təhsil Nazirliyinin qrifi əsasında çap edilmiş və xaricdəki soydaşlarımıza göndərilmişdir. Eyni zamanda komitənin rəsmi internet saytından kitabı PDF formatda əldə etmək imkanı da yaradılmışdır".
V.Vahidqızı həmçinin Türkiyə, Norveç, Böyük Britaniya, Kanada, Ukrayna, Belarus, Qazaxıstanda və bir sıra başqa ölkələrdə Azərbaycan həftəsonu məktəblərinin fəaliyyət göstərdiyini, həmin siniflərdə dilimiz, mədəniyyətimiz və tariximiz haqqında məlumatlar verildiyini qeyd etdi.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”






