Teleradio yayımı sahəsində lisenziyalar üçün ödənilən dövlət rüsumunun məbləği azaldılıb
Azərbaycanda teleradio yayımı fəaliyyəti sahəsində lisenziyaların verilməsinə görə ödəniləcək dövlət rüsumunun məbləğləri iki dəfə azaldılıb.
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən “Lisenziyalaşdırma Qaydası”nda əksini tapıb.
Bundan sonra ümumrespublika televiziya yayımı üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 5500 manat, Bakı şəhəri üzrə televiziya yayımı üçün 2250 manat, regional televiziya yayımı üçün 1500 manat, ümumrespublika radio yayımı üçün 2500 manat, Bakı şəhəri üzrə radio yayımı üçün 1250, regional radio yayımı üçün 500 manat, əlavə informasiya yayımı üçün 500 manat, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün 1500 manat, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı 2500 manat, peyk yayımı üçün 500, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün 500 manat olacaq. İndiyə qədər sonra ümumrespublika televiziya yayımı üçün lisenziya verilməsinə görə ödənilən dövlət rüsumu 11000 manat, Bakı şəhəri üzrə televiziya yayımı üçün 5500 manat, regional televiziya yayımı üçün 3000 manat, ümumrespublika radio yayımı üçün 5000 manat, Bakı şəhəri üzrə radio yayımı üçün 2500, regional radio yayımı üçün 1000 manat, əlavə informasiya yayımı üçün 1000 manat, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün 3000 manat, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı 5000 manat, peyk yayımı üçün 500, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün 1000 manat olub.
Qeyd edək ki, fərmana əsasən Milli Televiziya və Radio Şurasının teleradio fəaliyyəti sahəsində səlahiyyəti ləğv edilib. Bu sahədə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən veriləcək.






