TƏLƏBƏLƏR AKADEMİK BORCA GÖRƏ UNİVERSİTETDƏN QOVULMAYACAQ
Bunu ANS-ə müsahibəsində Təhsil Nazirliyi ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı seminarlar keçirilib, nazir və universitet rektorlarının iştirakı ilə müzakirələr aparılıb: “Əslində burada problem yox, yeniliklər tətbiq olunacaq. Məsələn, öncə ali məktəblərdə yay semestri təşkili olunacaq. Kredit sistemində bir fəndən akademik borcu olan tələbə bu fənni 1 semestr ərzində yenidən dinləməli olacaq. Amma əvvəllər tələbə hər hansı fəndən qeyri-kafi qiymət alırdısa, 2-3 gündən sonra dekanlıqdan təyinat alıb yenidən imtahan verirdi. Lakin Boloniya prosesi tələbələrə yalnız 4 ilə bakalavr təhsili almaq məcburiyyəti qoymur. Tələbələrə kömək məqsədilə 1 aylıq yay semestri təşkil olunacaq. Beləliklə, tələbə kəsiri olduğu fəndən 1 ay boyunca dərs alacaq və imtahanı verib akademik borcunu ödəyəcək. Tələbələrin akademik borca görə universitetdən xaric olunma halları məhdudlaşdırılır, yəni tələbə bir fənni qavrayanadək qiymət ala bilməyəcək. İstəyir 4 il, 5, 6, 7 il təhsil alsın. Amma əgər tələbə dövlət sifarişli yerdə təhsil alırsa, 4 ildən sonra alacağı təhsilə görə ödənişi özü etməli olacaq”.






