İnsanlara hürriyət, millətlərə istiqlal!

Təl-Əvivdən Bakıya dəvət məktubu - Bakının uğurlu siyasətinin 30 illik bəhrəsi

783 18.06.2020 10:10 Siyasət A A

Ekspertlər İsraillə əməkdaşlığın davamını və inkişafını zəruri sayırlar; Fazil Mustafa: “İsraillə əlaqələrdə Azərbaycan müstəqil davranmalıdır”; Elçin Mirzəbəyli: “Hər zaman olduğu kimi öz milli maraqlarımızı əsas götürməliyik”

Azərbaycan-İsrail münasibətləri daim müzakirə mövzusu olub. Rəsmi Bakının İsraildə səfirlik açması istiqamətində də vaxtaşırı fikirlər səslənir, bu addımı zəruri sayanlarla yanaşı, fərqli mövqe sərgiləyənlər də öz arqumentlərini səsləndirirlər.

Azərbaycan Respublikası ilə İsrail arasında hərbi əməkdaşlığın yüksək səviyyədə inkişaf etməsinin nəticəsini 2016-cı ilin aprel döyüşlərində dost da gördü, düşmən də. İsrail istehsalı olan pilotsuz döyüş aparatlarının sərrast zərbələri nəticəsində işğalçı Ermənistan sarsıdıcı zərbə aldı. Bundan sonra İrəvan ən müxtəlif təxribata əl ataraq Azərbaycan-İsrail münasibətlərini pozmağa cəhd göstərdi, ancaq çalışmalar uğursuzluqla nəticələndi. Hətta Təl-Əvivə səfər edən erməni nümayəndə heyəti Bakının əleyhinə mövqe sərgilədiyi halda, israilli rəsmilərdən şillə kimi cavab aldılar və susdular. Budur, İsraildən Azərbaycan dövlətinə yönəlik növbəti ciddi mesajlar gəlib. “Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcək. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail Dövlətinə tarixi səfərə dəvət edirəm”. Bu fikirlər İsrail Dövlətinin Prezidenti Reuven Rivlinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb. “Eyni zamanda Azərbaycan Respublikasının yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək”, - məktubda bildirilib.

İsrailin Azərbaycan neftinin əsas alıcılarından biri olması, ölkəmizlə birlikdə pilotsuz uçuş aparatlarının istehsalı istiqamətində atılan uğurlu addımlar, digər sahələrdə əməkdaşlıq dostları sevindirir, düşməni pərt edir. Üstəlik, Azərbaycan və yəhudi diasporunun bir sıra aparıcı ölkələrdə birgə fəaliyyəti, erməni yalanlarını ifşa istiqamətində atdığı addımlar də bu əməkdaşlığın nə qədər müstəsna əhəmiyyətə malik olduğunu nümayiş etdirir.

İsraildən Bakıya tarixi mesaj - səfirliyin açılışı tezləşsə...

Heç şübhəsiz ki, bu əməkdaşlığın yüksələn xətlə inkişaf etməsində Azərbaycan hakimiyyətinin apardığı balanslı siyasət də mühüm rol oynayır. Məsələn, bir neçə gün öncə Azərbaycan hökuməti koronovirusla mübarizədə Fələstin xalqına 300 min dollarlıq yardım göndərdi. Ancaq bu addımın ardınca İsraildən xoşməramlı mövqe gəldi. Eyni zamanda Bakı-Təl-Əviv münasibətlərini daim həssaslıqla izləyən qonşu İran İslam Respublikasından da hər hansı mənfi reaksiya müşahidə etmirik. Əksinə, Təl-Əvivdən gələn məktubun ardınca Tehrandan Bakıya təşəkkür zəngi gəldi. Belə ki, İran İslam Respublikası koronavirus dövründə etdiyi köməklik və əməkdaşlıqlara görə, Azərbaycana təşəkkür edib. İranın Bakıdakı səfirliyindən Modern.az-a verilən məlumata görə bunu İranın energetika naziri Rza Ərdəkanian Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə telefon söhbətində deyib. Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən humanitar əsaslarla İrana 5 milyon dollar məbləğində maliyyə yardımının göstərilməsi barədə qərar qəbul edilib və Tehran bu yaxşılığı unutmayıb.

İran İslam Respublikasının XİN başçısı Məhəmmədcavad Zərif isə “yaxın zamanda, şərtlər imkan verən kimi, İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik”, - deyib. Göründüyü kimi, Bakı nəinki ikitərəfli əməkdaşlığa üstünlük verir, həmçinin çoxtərəfli əməkdaşlıq formatlarında da söz sahibi olaraq liderliyini qoruyur və böyük dövlətlər onunla hesablaşır. Ekspertlərimiz də Bakı-İsrail əlaqələrinin inkişafını zəruri sayır.

Deputat Fazil Mustafa bildirdi ki, İsraillə əlaqələrdə Azərbaycan müstəqil davranmalıdır: “Azərbaycan öz təhlükəsizliyinə uyğun nə varsa, onu da etməlidir. Biz bu məsələdə İranla o zaman koordinasiyalı davrana bilərik ki, İran rəsmi şəkildə Ermənistana hər cür yardımı dayandırdığını bəyan etsin. Başqa necə ola bilər ki? Bir müsəlman ölkəsi işğalçı və müsəlman qatili Ermənistanı dəstəkləyəcək, biz yəhudidir deyin, bizə uzanan dostluq əlini geri çevirəcəyik?”

Elçin Mirzəbəyli Əli Kərimlini biabır elədi: “Keçdiyin yolun hər ...

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli də “Yeni Müsavat”a açıqlamasında Azərbaycan dövlətinin uğurlu xarici siyasətinə diqqət çəkdi: “Prezident İlham Əliyevin Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə İsrail Dövlətinin başçısı tərəfindən bu ölkəyə dəvət edilməsini müsbət qarşılayıram. Hesab edirəm ki, hər iki dövlət arasındakı əlaqələrin inkişafı bu günə qədər olduğu kimi bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığa, sülhə, əmin-amanlığa xidmət edəcək. Azərbaycan İsraillə enerji, müdafiə sənayesi, kənd təsərrüfatı sahəsində daha sıx əməkdaşlıq edir. Hər üç sahədəki əməkdaşlığın müsbət nəticələri göz önündədir. Bu spektrin genişlənməsi üçün də böyük imkanlar var”. Siyasi ekspert hesab edir ki, Azərbaycan, xüsusilə də səhiyyə sahəsində İsraillə əməkdaşlığını genişləndirməli, ölkə səhiyyəsinin yenidən qurulmasında Türkiyə və İsraildən olan mütəxəssislərin dəstəyindən geniş istifadə etməlidir: “Azərbaycanın hər hansı bir dövlətlə, o cümlədən İsraillə münasibətləri üçüncü dövlətlərin əleyhinə yönəlməyib”. Politoloq qeyd etdi ki, bizim üçün prioritet ölkənin maraqları, təhlükəsizliyidir: “Nümunə kimi deyirəm: Azərbaycan İsraildən ən müasir hərbi texnika, silah-sursat alır. İndi nə edək, qısa bir müddət ərzində səhvən mülki təyyarəni və öz gəmisini vuran İrandan silah alaq? İran İsraildən daha keyfiyyətli və müasir hərbi texnika, silah-sursat istehsal etsə, Azərbaycan şübhəsiz ki, bu ölkəyə üstünlük verəcək. Biz partiya olaraq, hər zaman ölkəmizin İsraildə səfirliyinin açılmasının tərəfdarı olmuşuq. Bunun İrana, yaxud hər hansı bir başqa ölkəyə aidiyyatının olmadığını bildirmişik. Azərbaycan Fələstin probleminin həllində beynəlxalq hüququn prinsiplərini əsas götürərək, iki dövlət prinsipini dəstəkləyir, Fələstinə sözdə deyil, əməldə yardımlar edir”.

E.Mirzəbəyli bildirdi ki, biz bu günədək İsrailin bu məqamlara görə Azərbaycanı qınadığının şahidi olmamışıq: “Ona qalarsa, İran üçün Qarabağ Qüdsdən daha yaxındır. İşğal altında olan Azərbaycan əraziləri İranla həmsərhəddir. Qarabağ-müsəlman azərbaycanlıların tarixi və hüquqi torpağı Ermənistan tərəfindən işğal edilib. İranın isə işğalçı ölkədə nəinki səfirliyi var, bir çox məsələlərdə biz Tehran-İrəvan əlaqələrinin işğala son qoyulması üçün deyil, əks istiqamətdə inkişafının şahidi oluruq. Məhz bu və digər səbəblərdən, Azərbaycanın İsraildə səfirliyinin açılmasına hər hansı bir dövlətin, həmçinin İranın etirazını absurd hesab edirəm və düşünürəm ki, hər zaman olduğu kimi öz milli maraqlarımızı əsas götürməliyik”.

Bəli, İsraildən Bakıya gələn dəvət məktubu və orada əks olunanlar sıradan bir məsələ deyil. Bu, həm də Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin uğurlu siyasətinin 30 illik bəhrəsidir. Düşmən bu bəhrənin olmaması üçün çox çalışdı, arzusu gözündə qaldı...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR