Təkliflərinə PA-dan reaksiya gələn iqtisadçı alim danışdı
Qubad İbadoğlu: “Mənim Qırğızıstan hökümətinə təqdim etdiyim təkliflərimin böyük əksəriyyəti işləyir; ümid edirəm ki, bu, Azərbaycanda da baş verəcək”
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının iki həftə bundan əvvəl hakimiyyətə təqdim etdiyi “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nə baxılması barədə müraciətə Prezident Administrasiyasından cavab gəlib. Prezidentin İqtisadi İslahatlar üzrə Köməkçisi 10 favral 2016-cı il tarixli cavab məktubu göndərib.
Məktubda deyilir ki, hərəkat tərəfindən hazırlanmış “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi” adlı sənəd layihəsinə tərəfimizdən baxılıb: “Bildiririk ki, göndərilən layihədə məqsəduyğun hesab edilən təkliflər dövlətin və cəmiyyətin marağı nəzərə alınmaqa aparılan iqtisadi islahatların gedişi prosesində nəzərə alınacaq. Əməkdaşlığa, verdiyiniz təkliflərə görə təşəkkürümüzü bildiririk”.
Son illər Azərbaycanda ilk olan belə bir reaksiya təqdirlə qarşılanıb. Hazırda ABŞ-ın nüfuzlu Duke Universitetininin iqtsidiyyat üzrə professoru vəzifəsində çalışan, ADR Hərəkatının sədri Qubad İbadoğlu bildirib ki, bir müddət Azərbaycandan kənarda fəaliyyət göstərməsinə baxmayaraq, ölkə iqtisadiyyatında, sosial baş sferada verən dəyişiklikləri izləyir, proseslərə mümkün qədər operativ və obyektiv münasibət bildirir, təkliflərlə çıxış edir: “Mütəxəssis kimi başlıca məqsədim bu həssas dönəmdə Azərbaycan iqtisadiyyatının problemlərinin həlli və əhalinin güzəranın pisləşməsinin qarşısını almaq üçün zəruri tədbirlərin həyata keçirilməsinə töhfələrimi verməkdən ibarətdir. Azərbaycanlı kimi istəyim dövlətimi iqtisadi və siyasi cəhətdən güclü görmək və onun zəifləməsindən kənar qüvvələrin istifadə etməsinə yol verməməkdir. Elə bu məqsədlə də bir qrup xarici və Hərəkatımızın üzvü olan yerli mütəxəssislərlə müzakirə aparıb, “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nı hazırladıq və kömək məqsədi ilə onu Azərbaycanın mövcud hakimiyyət orqanlarına təqdim etdik”.
Q.İbadoğlu prezidentin iqtisadi islahatlara məsul olan köməkçisinə sənədə baxılmasına və məqsədəmüvafiq hesab edilən təkliflərin nəzərə alınacağına dair cavabına görə təşəkkürünü bildirib: “Hesab edirəm ki, bu, hazırkı həssas dövrdə iqtisadi islahatlara olan inamın yaradılması baxımından da önəmlidir. Eyni zamanda, ümid edirəm ki, təqdim etdiyimiz Paketdəki təkliflərin reallaşdırılması istiqamətində müzakirələr və əməkdaşlıq davam edəcək. Bir daha bəyan etmək istəyirəm ki, ADR Hərəkatı öz mütəxəssisləri ilə birlikdə Azərbaycan cəmiyyətinin maraqları nəzərə alınmaqla hökumətin bütün sferalarda həyata keçirəcəyi islahatlara, konkret olaraq “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”nın tətbiqinə bundan sonra da dəstək verməyə hazırdır
Qubad Ibadoğlu “Yeni Musavat”a açıqlamasında da hakimiyyətdən aldığı cavabı yüksək dəyərləndirdi: “Mən İqtisadi Tədqiqatlar Mərkəzində işləyəndə də hökumətə, xüsusilə də iqtisadi siyasətlə məşğul olan dövlət orqanlarına çoxlu sayda tövsiyələr paketi göndərirdik və çoxsaylı cavablar da alırdıq. O zamanlar protokol qaydalarına görə cavablar gəlirdi və heç zaman PA belə məktublara reaksiya vermirdi. ADR Hərəkatına daxil olan məktubla tanışlıq göstərdi ki, təkliflər müsbət qarşılanıb və dəyərləndirilib, ondan islahatların gedişində hakimiyyətin faydalanacağı öhdəliyi götürülüb. Bu, hazırkı dövrdə çox əhəmiyyətli və sevindiricidir. Amma başlanğıcdır və bununla iqtisadiyyat islah olunmur, onun üçün siyasi iradə və peşəkar komanda də tələb olunur. Ona görə də düşünürəm ki, indiki mərhələdə islahatlar üçün əsas olan proqram təminatı hazırlanmalıdir. Bu məktub göstərir ki, təyin olunmuş və islahatlara məsul olan prezident köməkçisində belə maraq var”.
Q.İbadoğlu islahatlara başlanacağına şübhə etmir.
Hökumətə ünvanladığı təkliflər paketindən nə dərəcədə istifadə olunacağına gəlincə, Q.İbadoğlu bunları vurğuladı: “Biz istənilən halda təklfilərimizin tətbiqini izləyəcəyik və onların necə həyata keçirilməsinə də münasibətimizi bidlirəcəyik. Hələ ki, prosesi müşahidə edir və bunu başlanğıc kimi qəbul edirik. Bildiyiniz kimi, mənim Qırğızıstan hökuməti ilə əməkdaşlığım olub və orda təkliflərimin böyük əksəriyyəti işləyir. Ümid edirəm ki, bu, Azərbaycanda da baş verəcək və ADR-in təklifləri həyata keçiriləcək. Əgər əksi olacaqsa, ondan uduzan hakimiyyət və xalqımız olacaq”.
Cavid TURAN
Musavat.com






